Hardasan, ay “yumurta müşavirəsi”?

Dünən Əli Əhmədovun açıqlaması vardı saytlarda.
Deyir ki, “xalq Ilham Əliyevin namizədliyini birmənalı dəstəkləyir”.
Desin. Etirazımız yoxdur.
Amma mən də istədim deyəm ki:
– xalq Ilham Əliyevin arxasındadırsa, azad sözdən niyə qorxursunuz?
– xalqdan belə arxayınsınızsa, bu şərləmələr, repressiyalar, qanunsuz həbslər nə üçündür?
– xalqa güvənciniz belə tamdırsa, sərbəst toplaşmaq azadlığını qaşıyıb atmaq nə üçündür?
– xalq sizinlədirsə, niyə harda bir diktator yıxılır, burda sizi qarınağrısı tutur?
– xalqın iradəsinə belə əminsinizsə, azad, adil seçki deyəndə başınızdan niyə duman qalxır?
Istədim deyəm. Amma demirəm.
Çünki nə bunlar ilk dəfə xalqın adından belə gurultulu danışırlar, nə də biz ilk dəfə bunlara yuxarıdakı suallarla qarışıq veririk.
Indiyədək dedik, nə nəticə çıxardılar, nə dərs aldılar ki, bundan sonra da deyək nə anlasınlar, nə ibrət götürsünlər?
Hardasa Mübarək devrildi deyə, burda əl-ayağa düşüb yumurtanı ucuzlaşdırmaq üçün müşavirə çağırdıqlarını…
Dünyanın o ucunda Qəzzafi devrildi deyə, burda tələm-tələsik “korrupsiya üstümüzdə qara ləkədir” bəyanatı verdiklərini…
Min ağac uzaqlıqda Bin Əli şələ-küləsini yığışdırıb aradan çıxdı deyə burda vəlvələyə düşüb “rüşvətlə mübarizəni özümüz başlamalıyıq” söylədiklərini belə tez unutdularsa, heç bir dərs alıb ibrət götürmədilərsə, biz yazsaq nə faydası, yazmasaq nə faydası?!
Seçilmişin təyin edilməsi
Dünən saytlarda Ilham Əliyevin yeni bir sərəncamını gördüm, gözlərimə inana bilmədim.
Zati-aliləri “Milli Elmlər” Akademiyasının prezidenti seçilmiş Akif Əlizadəni bu vəzifəyə təsdiq edib.
AMEA-nın hansı yaralı barmağa dərman olduğunu, AMEA prezidentinin isə necə seçildiyini dünənki yazımda bacardığım qədər anlatmışam. Təkrara ehtiyac yoxdur. Marağı və həvəsi olanlar həmin yazını yenidən oxuya bilərlər.
Burada absurd olan “seçilmiş adamın təyinatı” məsələsidir.
AMEA prezidentliyinə seçkinin necə keçdiyini, keçirildiyini bir tərəfə qoyaq.
Bir halda ki, Akif Əlizadə həqiqətən seçkidə qalib gəlib, onu yenidən təyin etmək nə deməkdir? Bu nə məntiqsizlikdir?
Seçiləni bir də kimsə təyin etməlidirsə, o zaman səs verənlərin iradəsinə hörmət harda qaldı? Ümumiyyətlə, təyinat varsa, seçki nə üçündür? Ya da seçki varsa, təyinat hardan çıxdı? Belə komediya ola bilərmi?
Bilirəm, suallar yersizdir. Əslində baş verən çox simvolikdir, sistemin seçkiyə, seçənə və seçilənə münasibətinin əsl görsənişidir.
Bu ölkədə seçkinin, seçənin və seçilənin heç bir anlam ifadə etmədiyini, hər şeyin əvvəl-axır bir adamın iradəsi ilə müəyyənləşdiyinin isbatıdır.
Gülər Əhmədovanın “prezidentin siyahısını pozdurmaq” söhbətinin hətta heç bir videodəlil olmadan belə, həqiqətlə nə qədər səsləşdiyinin göstərgəsidir.
Və ölkədə necə çağdışı, geriçi təfəkkürlü bir sistemin hökm sürdüyünə şübhə edənlərə növbəti ən tutarlı cavabdır.
Yalançını mənzilinəcən qovmalı
“Əsgər ölümlərinə son” aksiyalarını Qərbə bağlamağa çalışdılar. Ölkənin çiçəyi burnunda gənclərinin ortada heç bir savaş yoxkən, səbəbsiz yerə qətliamına etiraz səsini ucaldanları qondarma ittihamlarla şərləyərək içəri atdılar.
Bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatındakı bir bölüm isə rejim yandaşlarının sanki çörəyinə yağ sürtüb.
Indi baxıram, hesabatda əsgər ölümləri ilə bağlı ayrıca bölüm birilərini uydurduqları yalanı topluma yedirtmək üçün yeni fürsət verib. Dövlət Departamentinin iradlarını, “Əsgər ölümlərinə son” aksiyalarının Qərbin sifarişi olduğu haqda böhtanlarını əsaslandırmaq üçün istifadə edirlər.
Osmanlılarda məşhur bir deyim var: “Bilgi sahibi olmadan fikir sahibi olmaq”.
Bu deyim bizim rejim yandaşlarının sanki əyninə biçilib. Əks halda Dövlət Departamentinin yalnız Azərbaycanla deyil, əksər ölkələrlə bağlı hesabatında ordudakı insan haqları pozuntularına ayrıca toxunduğunu (məsələn, Türkiyə haqqındakı 48 səhifəlik hesabatda orduda insan haqlarının ayaqaltı edilməsi və intiharların artması kəskin dillə tənqid olunur) bilər, görər və yalan üstünə yalan uydurduqlarından, iftira üstünə iftira atdıqlarından azacıq utanar, qızarardılar.