İşdə “fövqəlnazir”ə yaxın adamın adı hallanır; Komitə sədrinə məsələni “böyütməmək” tapışırılıb
Dövlət Gömrük Komitəsində aparılan yoxlamalar zamanı müdhiş maxinasiyalar üzə çıxarılıb. Bu barədə qəzetimizə daxil olan məlumatlarda deyilir ki, araşdırmalar zamanı bəlli olub ki, külli miqdarda vəsait – təxminən 20 milyon dollar qeydiyyata alınmayıb. Bundan başqa dəyərli yüz min manatlarla ölçülən qızıl-ziynət əşyalarına saxta sənədlər verilib.
Məlumatda bildirilir ki, bu məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin rəisi Tahir Qasımov ittihamlara məruz qalıb. Onun təkcə ötən ilin sentyabr-noyabr və dekabr aylarında 3 dəfə Dubaya getməsi, orada bahalı mülklər alması da bu maxinasiyalarda polkovnikin mühüm rol oynaması üçün əsasa çevrilib.
Məlumatlarda bildirilir ki, artıq məsələ Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev səviyyəsində bu qurumu kurasiya edən fövqəladə hallar naziri Kəmaləddin Heydərova çatdırılıb. Lakin Kəmaləddin Heydərov məsələnin hay-küysüz yoluna qoyulmasını tapşırıb. Çünki Tahir Qasımov “fövqəlnazir”lə dostluq münasibətləri olan Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyevin kürəkənidir.
Məlumatla bağlı “Azadlıq” Tahir Qasımovla da əlaqə saxlayıb. Polkovnik qəzetimizə “belə bir məsələ yoxdur, bu məlumat əsassızdır” deyə cavab verib.
İnformasiya şöbəsi