Yapçının yaşı olmur

Dünən nəyə yaradığı məlum olmayan…
Illərdir elm adına hansı tövhə verdiyi bilinməyən…
Sadəcə, sistemin ruporlarından biri rolunu oynayan…
Rejimin gözündən düşən elm adamlarını cəzalandırmaq, yerdə qalanları isə “tərbiyələndirmək” funksiyasını yerinə yetirən “Milli Elmlər Akademiyası”na yeni prezident “seçdilər”. Ənənəvi qaydada: adı seçkili, özü təyinatlı. Alternativsiz. Əleyhinə və bitərəf olmadan. Sifarişli. Sovet illərinin təcrübəsini təkrarlayaraq!
Və Ramiz Mehdiyevin şəxsən gedib göz-qulaq olduğu “seçki”nin qalibi Akif Əlizadə oldu.
Təvəllüdü… 1934.
Yəni allah cansağlığı versin, bir il sonra 80 yaşına qədəm qoyacaq.
Günlər əvvəl 37 yaşlı adamı nazir təyin etdilər deyə, rejimin islahatlara start verməsindən, yeni, gənc, müasir düşüncəli kadrların önünü açmasından dil-boğaza qoymadan danışanların indi nə düşündüklərini Osmanlılar demiş, “çok merak ediyorum”.
Əslində bu yaş söhbəti bizim kimi üçüncü dünya ölkələrində çox aktualdır. Çağın gerisində qalmış…
Dünyanın axışından qopmuş…
Keçmişin girovuna çevrilmiş…
Yeniliklərə qapalı…
Dəyişiklik ruhu zəif toplumlarda yaşlı nəsil bir qayda olaraq köhnəliklə, aqrar təfəkkürlə assosiasiya edilir.
O toplumun tərəqqisi, yüksəlişi, sivilizasiyaya, uyğarlığa qovuşması üçün bütün ümidlər gəncliyin adına bağlanır.
Yanlış düşüncədirmi? Əsla.
Yalnız öz etirazçı, axtarışçı, yenilikçi ruhu ilə gənc nəsil bir ölkəni qaranlıqdan aydınlığa…
Bataqlıqdan gülüstanlığa…
Geriçilikdən irəliyə götürmək gücündədir.
Bu öz yerində.
Amma əgər bir ölkədə yaşı ilə başı arasında dərin uçurum olan…
Yaşca gənc, beyincə, zehincə qocalmış, qartımış…
20-30 yaşlarında 70-80 yaşlarındaymış kimi, hər cür yeniliyə qapalı…
Fərqlilikləri, müxtəliflikləri sinirməyən, sinəyə çəkməyi bacarmayan bir nəslin önü açılırsa, onlara etimad göstərilir, onlara güvənilirsə, nəyə ümid etmək mümkündür?
Axı məsələ yaptokratiyanın etimad etdiyi adamların yaşında deyil. Istər 30-unda olsun, istər 70-ində – sanki onlar bir-birlərindən nə ilə fərqlənirlər? Onları təfəkkürcə bir-birindən ayrışdıran nədir?
Hər ikisi çağdışı dəyərləri müdafiə edir.
Hər ikisi zamanın rədd etdiyi idarəetmə tərzinin tərəfindədir.
Hər ikisi haqlını deyil, güclünü sevir.
Hər ikisi fərqli düşünəni düşmən kimi görür.
Hər ikisinin ortaq yanlarıdır bunlar:
Razılaşmaq, tabe olmaq…
Bir nəfərin beyni ilə düşünüb, bir nəfərin ağzı ilə danışmaq…
Etiraz etməmək…
Aykırı getməmək…
Mentallığa sığınmaq…
Odur ki, 36 yaşında təhsil naziri təyin edə bildikləri günün ertəsi 80 yaşında Akademiya prezidenti də seçə bilirlər.
Çünki rejim üçün heç bir təyinat kimlərinsə uydurduğu kimi, islahat, yeniləşmə məqsədi güdmür.
Hər təyinatın arxasında sadəcə, sistemə sədaqət, sistem dəyərlərinə uyğunluq prinsipi dayanır.
Əgər yaşca deyil, başca qocasansa…
Oğurluq, yalan üzərində qurulmuş sistemin tələblərinə cavab verirsənsə, kifayətdir:
30-unda da önündə yaşıl işıqdır, 80-ində də…
30-unda da karyeran yüksələ bilər, 80-ində də…
Hər şey bu qədər sadə və bəsitdir.
Qarabağı da ARDNŞ alsın!
Dünən ARDNŞ-in Türkiyədə bir qəzet və bir telekanal satın aldığı xəbəri gəldi.
Bundan əvvəl çeşidli ölkələrdə mülklər, hay-hayı gedib, vay-vayı qalmış zavodlar aldıqları xəbərləri gəlirdi.
Dərdim o deyil ki, bunlar hamısı neft pullarını talan etməyin, sağa-sola xərcləməyin başqa bir növüdür. Əsla.
Onsuz da bunların korrupsiya fantaziyaları bitib-tükənməzdir, hər zaman talamaq, yağmalamaq üçün bir şey icad edə bilirlər.
Demək istədiyim başqadır:
Ölkə içi demirlər, xaric demirlər, hər yerdə hər şeyi ala-ala gedirlər – bircə Qarabağdan başqa.
Unutdularmı, əcəba?
Xatırlatsaq, bir faydası olarmı, görəsən?