«Problem hansısa məmurda yox, idarəetmə sistemindədir»
Aprelin 22-də Təhsil Nazirliyində keçirilən iclasda yeni təhsil naziri Mikayıl Cabbarovu təqdim edərkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev maraqlı açıqlamalar verib. PA rəhbərinin çıxışındakı diqqətçəkən məqamlardan biri məktəb direktorlarının icra hakimiyyətlərdən asılı olması barədə deyilənlər olub.
R.Mehdiyev bildirib ki, direktorlar rayon təhsil şöbələrindən daha çox, icra hakimiyyətlərdən asılıdır və bu vəziyyətin dəyişməsi vacibdir.
AXCP sədrinin müavini, vaxtilə Attestasiya Komissiyasında işləmiş Nurəddin Məmmədli hesab edir ki, bu məsələdə günahkar ayrı-ayrı məmurlar yox, sistemdir: “Bütün bunlar rejimin xarakterindən qaynaqlanır. Azərbaycandakı idarəçilikdə feodal ənənəsi hökm sürür. Bu gün təkcə rayonlar yox, həm də bütün bölgələr üzrə general qubernator missiyasını yerinə yetirən adamlar var. Beş-altı rayonu bir adama veriblər və o da hər şeyə cavabdehdir. Bizneslə məşğul olmaq, vəzifə almaq – hər şey o adamla razılaşdırılır. Ona görə də, problemləri bir adamın üzərinə yıxmaq olmaz. Bu gün rayonlarda hətta bir xadiməni belə, icra başçısının razılığı olmadan təyin etmək mümkün deyil. Ona görə də, bütövlükdə idarəçilik dəyişməlidir. Hələ öz ixtisasına uyğun məsələlərə cavabdeh olmalı və məsuliyyət daşımalıdır”.