Hakimiyyətdən iki qanuna mürtəce dəyişiklik

İqtidar Heydər Əliyevi tənqiddən, ailə sirlərini isə yayılmaqdan qoruyur

Azərbaycanda şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazmalarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması ilə bağlı cəzalar sərtləşdiriləcək. Hakimiyyət bununla əslində iqtidar təmsilçiləri barədə ifşaedici məlumatların yayılmasının qarşısını almağa çalışır.
Bundan əlavə, tarixi şəxsiyyətləri qoruyacaq qanun layihəsi hazırlamaq təklif olunur. Ilk təklif parlamentin mədəniyyət komitəsi sədrindən gəlib. Deputat bənzər qanun layihələrinin digər dövlətlərdə tətbiq olunduğunu da deyib. N.Cəfərovun sözlərinə görə, bu qanunla Azərbaycanın ictimai-siyasi-mədəni həyatında önəmli rolu olmuş şəxslər haqqında təhqiredici ifadələr işlədənlər müvafiq məsuliyyət daşımalıdırlar. YAP-dan olan deputat Mübariz Qurbanlı isə bu təklifi parlamentin iclasında səsləndirib. YAP-çı deputat son dövrlər bir sıra mətbu orqanlarında bəzi tarixi şəxsiyyətlərlə bağlı təhqir və hədyanlar baş alıb getdiyini və bunun da yolverilməz olduğunu deyib.
Əslində bu qanunun da kimin üçün nəzərdə tutulduğu bəllidir. Əgər birinci qanun hakim ailənin və iqtidar təmsilçilərinin maraqlarını qorumaq üçün nəzərdə tutulubsa, ikinci təklif Heydər Əliyevin tənqid olunmasının qarşısını almağa hesablanıb.
Hakimiyyətin bu addımları ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

«Hakimiyyətin bu yanaşması iyrəncidir, özü özünə parodiyadır»

Tanınmış yazar Mahal Ismayıloğlunun sözlərinə görə, şəxsi həyata qarışmaq cinayətdirsə, bu cinayəti ilk növbədə iqtidar edib: “Qənimət Zahidi, Xədicə Ismayılı, NIDA-çı gəncləri çəkib göstəriblər. Belə çıxır ki, şəxsi həyat yalnız məmurlara aidir. Adi insanların şəxsi həyatına qarışmaq olar. Hakimiyyətin bu yanaşması iyrəncdir, özü özünə parodiyadır”.
Tarixi şəxslərlə bağlı qanuna gəldikdə, M.Ismayıloğlu hakimiyyətin bununla da öz xislətini ortaya qoyduğunu deyir. Çünki istənilən tarixi şəxsiyyət təftiş oluna, onun mənfi və müsbət tərəfləri araşdırıla bilər. Belə qanun qəbul etməklə tarix haqqında obykektiv rəyə gəlməyə, neqativ tərəfləri tənqid edilməyə də qadağa qoyulacaq.

«Belə bir qanunun qəbulu absurddur və ifadə azadlığına ziddir»

Media Hüququ Institutunun direktoru Rəşid Hacılı ailə sirlərinin qanunla qorunmasını normal sayır. Ancaq təəssüf ki, iqtidara yaxın mətbuat, hətta prokurorluq orqanları siyasi opponentlərin şəxsi həyatı ilə bağlı məlumatlar yayır. Bunun səbəbi isə ölkədəki cəzasızlıq mühitidir. Qanun yalnız birtərəfli tətbiq olunur. Buna səbəb Azərbaycanda qanunun aliliyi ilə bağlı olan ciddi problemlərdir. Bu qanundan isə yalnız tənqidi mediaya qarşı istifadə olunacaq.
R.Hacılı tarixi şəxsiyyətlərlə bağlı qanunun qəbulunun  anlaşılan olmadığını deyir: “Kim müəyyənləşdirəcək ki, kimlər tarixi şəxsiyyətlərdi, kimlər yox. Bilinməyəcək kim qanunla müdafiə olunur, kim isə yox. Bunu məhkəmə də müəyyən etməkdə çətinlik çəkəcək. Əgər söhbət dünyasını dəyişmiş tarixi şəxsiyyətdən gedirsə, tarixdə rolu olmuş şəxslər daha çox çək-çevir obyekti olur. Belə adamlarla bağlı həmişə fərqli münasibət olur. Əgər bu şəxslər çək-çevir obyektidirsə, onlar barədə tənqidi fikir səslənə bilər. Bəlkə tarixi şəxsiyyət özü sağ olsaydı, haqqında deyilən sözə normal yanaşardı. Onların adından danışmaq tamamilə absurddur. Ümumiyyətlə, belə bir qanunun qəbulu absurddur və ifadə azadlığına ziddir”.

Fizzə