Əli Kərimli ölkə sahibkarlarının dərdlərindən yazdı

“Ölkədə rejim dəyişikliyindən ən çox qazanan təbəqələrdən biri də sahibkarlar təbəqəsi olacaq”

AXCP sədri Əli Kərimli ölkədə sahibkarlara və sahibkarlığın inkişafına yaradılan əngəllərlə bağlı fikirlərini paylaşıb. AXCP sədri bu mövzuda qeydlərini də əvvəlkilər kimi, özünün Facebook səhifəsində yerləşdirib.
“Son günlərdə sosial-iqtisadi mövzularda yazdığım yazıların çox adamı maraqlandırması məni mövzunu davam etdirməyə ruhlandırır” deyə mövzuya keçid edən AXCP sədri ölkə sahibkarlarının üzləşdiyi problemləri belə sadalayır:

1) Sahibkarların gömrükdə yaranan problemləri: Xaricdən gətirilən mala qanuni rüsumlardan əlavə və daha böyük miqdarda qanunsuz xərac yığılır. Sahibkarlar deyir ki, bu sahəyə əslində real nəzarəti kömrük işçiləri deyil, sahibkarların qeyri- rəsmi kömrük naziri adlandırdığı Əbülfəz adlı şəxs (soyadını bilmirəm) və onun adamları həyata keçirirlər. Həqiqi gömrük nəzarəti onların əlindədir. Xəracları onlar müəyyən edir və yıgır. Onlar əl altından bazarı da öyrənir, hansı mala təlabat böyükdürsə həmin mala xəracın miqdarını artırır və ya həmin malı gətirməyi sahibkarlara qadağan edirlər ki, bu malı artıq yalnız bu sahənin inhisarçısı gətirə bilər. Təkcə mal gətirmək yox, mal çıxarmaq da böyük rüşvət hesabına başa gəlir. Başqa dövlətlər xaricə mal ixrac edən sahibkarı həvəsləndirir. Bizdə isə xaricə mal ixracı rüşvətlə boğulur.

2) Vergi özbaşınalıgı: Vergi yığanlar istədikləri iş adamından israrla böyük miqdarda pul alırlar. Nisbətən iri obyektlər verginin bir yox, bir neçə idarəsinə ayrı-ayrılıqda rüşvət verməlidir. Ən müxtəlif adlar altında müxtəlif xəraclar toplanır. Qanuni vergi az yığılır və beləliklə, sahibkarlar istəmədən cinayətin iştirakçısına çevrilirlər.

3) İqtisadi İnkişaf, Ekologia və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar nazirlikləri, Nazirlər Kabineti yanında müxtəlif komissiyalar, sanitar xidmət və daha hansı orqanların əməkdaşları çoxlu sayda sertifikatlar, əmək müqavilələri, sanitariya sənədləri tələb edib pul yığırlar.

4) Hüquq mühafizə orqanlarının soygunçulugu: Polis, prokurorluq, hətta MTN iş adamlarını aylıq xərac verməyə məcbur edir. Mənə məktub yazan tanımadığım sahibkar hüquq mühafizə orqanlarının sahibkarlara necə divan tutduğunu belə təsvir edib: İstədikləri iş adamını heç bir əsas olmadan aparır, 50 min, 100 min və daha çox pul alıb buraxırlar. “Məni nə səbəbə tutmusunuz?” sualı verən sahibkara isə belə bir şablon cavab verilir : “İndi 100 min istəyirik. Səbəb istəsən, onu da düzəldərik. Amma səbəb olandan sonra 200 min verəcəksən”. Bu dəmir məntiqlə hamı razılaşır, 100 min verib canını qurtarır.

5) Yerli icra hakimiyyətləri də ən müxtəlif bəhanələrlə pul yığır. Küçələrin, parkların, yolların təmirinə, müxtəlif yardımlar üçün pul yığılır. Həmin məqsədlər üçün büdcədən ayrılan vəsaitləri isə özləri mənimsəyirlər. Bəzi rayonlarda isə yeni və daha iyrənc pulyığma metodu da tapılıb. Camaatın qanuni obyektinin qarşısında ya agaclar əkilir, ya da hasar çəkilir. Sonra həmin hasardan obyektə qapı açma icazəsi satılır.

6) İcazə-lisenziya sistemindəki dərəbəylik: Hansısa fəaliyyət növü ilə məşğul olmaq və ya tikinti aparmaq üçün icazələrə, lisenziyalara ağılagəlməz rüşvətlər tələb olunur. Bu sahədə liderlik FHN və icra hakimiyyətlərindədir. Hər icazənin konkret qiyməti var. Məktub yazan sahibkarlar nümunələr də yazırlar ki, hansı lisenziyanın, icazənin “qiyməti” neçəyədir. Yazırlar ki, işığa, qaza, kanalizasiyaya və digər kommunikasiyalara qoşulmaq da böyük miqdarda rüşvət hesabına başa gəlir.

7) Sahibkarları narahat edən ən böyük problemlərdən biri isə bizneslərinin gələcək taleyi ilə bağlıdır. Min bir əziyyət, pul və risq hesabına qurulan biznes uğurlu alınarsa, onun “yuxarılar” tərəfindən sahibkarın əlindən zorla alınacağı təhlükəsi də var. Uğurlu layihələr və obyektlər zorla sahibkarların əlindən alınır. Bu zaman heç olmasa, biznesin layiqli dəyəri də sahikara ödənmir. Təəssüf ki, problemlər sadalanmaqla qurtaran deyil, istəsəniz siz də bu siyahıya əlavələr edə bilərsiniz.

Bütün bunlar ona görə baş verir ki, ölkədə müstəqil məhkəmə hakimiyyəti yoxdur. Qanunlar şah deyil, şah qanundur. Avtoritar rejim seçkiləri saxtalaşdırır və ona görə də xalq qarşısında məsuliyyət daşımır, özünü xalqın səsindən asılı saymır. Ölkədə köklü dəyişikliklərdən sonra bu problemləri də həll edəcəyik. Problemləri bildiyimiz kimi, həlli yollarını da bilirik. Ölkədə rejim dəyişikliyindən ən çox qazanan təbəqələrdən biri də sahibkarlar təbəqəsi olacaq.