“Azadlıq” meydanında aksiya başladı

Bu səhəri iki xəbərlə açdım.
Iki çöküntü xəbəri.
Birincisi “Azadlıq” meydanında salınan avtodayanacağın çökməsidi, ikincisi də 3-cü mikrorayon bazarının qarşısında yenicə istifadəyə verilmiş tunelin. Olay yerlərindən fotolar da var.
Bu dəfə də çökmə xəbərini qabağa düşüb verən ANS olub. Döyüş yox, hər dəfə rejimlərin çökməsini hər kəsdən əvvəl xəbər vermək ANS-in alnına yazılıb. Mütəllibovun çökməsini də, Surət Hüseynovun “xalq üsyanı”nı da birinci onlar verib. Indi heydərizmin çöküş xəbərini xeriblər. Bu dəfə metaforik olaraq.
Bundan qabaq çoxlu sürüşmə xəbərləri olub. Adamda elə təsəvvür yaranırdı ki, deyəsən, ölkə başdan-başa sürüşməyə başlayır. Hətta xoflanırdın ki, ölkə bu cür sürüşməklə gedib Rusiyanın, ya Iranın qucağına düşə bilər. Sürüşkən siyasətin fəsadı nə desən olar. Hətta Azərbaycan hara desən sürüşüb gedə bilər. Ondan sonra hakimiyyət iqtidardan düşsə nəyə yarar, düşməsə nəyə. Azərbaycan olmayandan sonra canları cəhənnəmə. Əldə olmayan dövlətin dövlət strukturlarının virtual mövcudluğundan faciəli nə ola bilər ki! Bu gün ölkənin müxtəlif bölgələrində işğal olunmuş rayonların Icra Hakimiyyətləri yerləşir. Hətta bu vəzifəni tutmaq üçün də rüşvət verənlər var. Əlbəttə, onların heç biri öz rayonunun qayıdacağına zərrə qədər də olsun, inanmır. Sadəcə, ortada iki üstünlük var – biri şan-şöhrət, vəzifə xəstəliyi, biri də o vəzifədən yararlanıb büdcədən ayrılan milyonları talamaq. Mən o sürüşmələrdə bir anlıq Azərbaycan dövlətini bu statusda təsəvvür elədim və acı çəkdim.
Ancaq bugünkü xəbər başqadı. Azərbaycan heç yana sürüşmür. Yerində qalır. Sadəcə, çökür. Şükür Allaha, öz yerində çökür. Ancaq bu çöküntünü Azərbaycanın çökməsi kimi yozmağa tələsməyək.
Hər şey öz əlimizdədi. Bu millətin, bu toplumun əlindədi. Insanlar tarixən çöküntülərin yerində möhtəşəm şəhərlər, saraylar, nəhayət, dövlətlər yaradıblar. Bizim də bu şansımız var.
Mən bu çöküntüyə – ilahininmi deyim, təbiətinmi deyim – bir işarə, xəbərdarlığı kimi baxdım. Təbiət insan deyil, dili yoxdu deyib keçmək doğru deyil. Təbiətin də öz dili var.
O dillə təbiət bizlərə, biz insanlara, hakimiyyətlərə o qədər işarələr, görklər göndərir ki, vaxtında bu işarələrə önəm verib oxuya bilsək, əslində çəkdiyimiz acıların çoxundan qurtula bilərik.
Yazıqlar olsun ki, biz bu işarələri oxuya, anlaya, qana bilmirik və başımıza olmazın müsibətlər gəlir. Sonrakı peşmançılıqlar isə fayda vermir. Toparlanıb faciələrin altından çıxmaq üçün bəzən onilliklərə, bəzən hətta əsrə ehtiyac olur.
Budəfəki işarə isə, əsasən hakimiyyətə yönəlib. Mən bütün qəlbimlə buna inanıram.
Təbiət onları başa salmaq, öz təbiət dili ilə demək istəyir ki, ey zalımlar, Azadlıq elə bir seydi ki, onun nə üstünü, nə altını qazmaq olar. Müqəddəs yerlərlə zarafat eləmək olmaz. Əlbəttə, kim “Azadlıq” meydanının müqəddəs yer olmadığını deyə bilər? Ancaq bəsirət gözü bağlı olanlar, ürəklərini şeytana qapdırmış zavallılar. Bir xalqın azadlıq, özgürlük yolunun başladığı nöqtə necə müqəddəs olmaya bilər? Bax, bu hakimiyyət həmin müqəddəsliyə tüpürdü. Xalqın o ocağını əlindən aldı. Murdarladı.
Bir zamanlar sovet hökuməti məscidləri, insanların ruhən təmizlənməyə toplaşdığı yurdları əxlaqsızlıq yuvalarına, ən mənasız məkanlara çevirdi, ən sarsaq məqsədlər üçün istifadə elədi. Nəticəsini gördük.
Bu gün “Azadlıq” meydanı çökür. Azadlığın ayağının altını qazanda əlbəttə belə olacaqdı. Ancaq bu, azadlığın çökməsi deyil. Bu öz bəndələrindən ayrı düşmüş “Azadlıq” meydanının təkbaşına keçirdiyi aksiyadı. Onun qarşısını nə tank, nə top, nə polis, nə də Mehdiyev ala bilər. Indi sahil parkındakı ağacların ayaqları da yer altdan “Azadlıq” meydanına can atır…