AMEA-nın yeni prezidenti bəlli oldu

«Azadlıq»ın yazdıqları təsdiqini tapdı

Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edib. “Media forum” saytının məlumatına görə, dünən keçirilən yığıncaqda akademiyaya prezidentin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Prezidentliyə bir nəfərin – akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.
Səsvermə zamanı 44 nəfər onun lehinə səs verib. Əleyhinə sən verən və ya bitərəf qalan olmayan. Beləliklə də Akif Əlizadə AMEA-nın prezidenti seçilib.
Akif Əlizadə 1934-cü ildə Bakıda doğulub. Gənc yaşlarında namizədlik, 35 yaşında doktorluq dissertasiyasını müdafiə edib. 1978-ci ildə Geologiya Institutunun direktoru vəzifəsinə təyin olunub. 1980-ci ildə akademiyanın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. 2007-ci ildə AMEA-nın vitse-prezidenti vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. Əməkdar elm xadimidir.
Fevralın 9-da AMEA prezidenti akademik Mahmud Kərimov vəfat etdikdən sonra prezidentin səlahiyyətlərini Akif Əlizadə icra edib.
Xatırladaq ki, “Azadlıq” hələ bir müddət əvvəl məlumat vermişdi ki, AMEA-nın yeni prezidenti Akif Əlizadə olacaq.
Həmin məlumatda deyilirdi ki, Akif Əlizadənin ölkə başçısı Ilham Əliyevin qayınatası Arif Paşayevlə dostluq münasibətləri var.