Alqış Musayev od püskürdü

«Bu, tərbiyəsizlikdir, ədəbsizlikdir. Təkcə mənə yox, elə siyasi liderin özünə qarşı da hörmətsizlikdir»

Xəbər verildiyi kimi YAP-ın orqanı olan “Yeni Azərbaycan”nın 20 illik yubileyinə qəzetə 12 il rəhbərlik etmiş Alqış Həsənoğlunun dəvət olunmayıb. Sabiq baş redaktor bu barədə “Yeni Müsavat”a  müsahibəsində danışıb: “Partiyanın 20 illik yubileyinə də məni dəvət etməmişdilər. Baxmayaraq ki, bütün Siyasi Şuranın üzvləri, hətta partiyadan çıxarılmış Sirus Təbrizli də dəvət olunmuşdu.
Elə-belə maraqlandım, icra katibliyindən mənə açıq dedilər ki, sənin adını siyahıdan Prezident Administrasiyasından çıxarıblar. Konkret ad da dedilər, indi mən o adı çəkmək istəmirəm. Amma ona inanmadım və araşdırmaq da istəmədim. Indi qəzetin yubileyi ilə bağlı bu hal təkrarlanandan sonra sayt məndən bununla bağlı soruşdu. Şübhəsiz ki, mən özüm münasibət bildirməyəcəkdim. Mənə çox qəribə gəldi. Bu qəzetin 20 illik tarixi var, mən onun ikinci sayından orda fəaliyyətə başlamışam, 12 il o qəzetin redaktoru olmuşam. Heydər Əliyev YAP-ın 10 illik yubileyində çıxış edəndə bizim qəzet haqqında xüsusi danışdı. Dedi ki, son illər qəzet sanki birdən-birə böyük bir sıçrayış edib, çox yüksək səviyyədə çıxır və o qəzetin baş redaktoru da Alqış Həsənoğludur, gənc bir adamdır. Bu, mənim üçün qürurverici sözlər idi. Biz Heydər Əliyevin bu çıxışını qəzetin saytında yerləşdirmişdik. O çıxışlar var, videolar da durur, qəzetlər də, elə sizin qəzet də onun haqqında yazmışdı. Mən işdən çıxandan sonra Heydər Əliyevin çıxışını da qəzetdən yığışdırdılar. Mən hesab edirəm ki, bu, çox tərbiyəsizlikdir, ədəbsizlikdir. Təkcə mənə yox, elə siyasi liderin özünə qarşı da hörmətsizlikdir. Bu, onun tarixi çıxışıdır, tarixdə olduğu kimi qalmalıdır. Heç kim öz liderinin çıxışını özünə uyğunlaşdırmamalıdır, əksinə, öz liderinə uyğun hərəkətlər etməli, addımlar atmalıdır. Mən belə düşünürəm. Ümumiyyətlə, bu barədə danışmaq istəmirdim. Amma söhbət açıldı. Əgər bunu şüurlu ediblərsə, bu addımı atanlar çox səviyyəsiz adamlardır”.
Qəzetin hazırkı baş redaktoru Hikmət Babaoğlu isə Modern.az-a açıqlamasında Alqış Musayevin etirazlarına cavab verib. O, bildirib ki, qəzetin 20 illiyi “Yeni Azərbaycan”ın hazırkı kollektivi ilə keçirilib. Baş redaktorun sözlərinə görə, tədbirə kənardan heç kim çağırılmayıb: “Yeni Azərbaycan”ın 20 illiyini qəzetin hazırkı kollektivi ilə keçirdik. Kənardan əlavə heç kim çağırılmamışdı. Bu tədbir sırf kollektivimizin tədbiri idi. Tədbirə Yeni Azərbaycan Partiyasının funksionerləri və partiyadan seçilmiş millət vəkilləri qatılmışdı”.