“Yeni Azərbaycan”da yubiley qalmaqalı

Xeyrəddin Qoca: «Bu işi kim belə qurubsa, cəzalanmalıdır»

“Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi qalmaqalsız ötüşməyib. Qəzetin 20 illik tarixinin 12 ilinin birbaşa aid olduğu şəxs – Alqış Həsənoğlu tədbirə dəvət olunmayıb. AzNews.az saytına açıqlama verən keçmiş baş redaktor tədbirdən, ümumiyyətlə, xəbərsiz olduğunu deyib. Tədbirə dəvət olunmadığını söyləyən YAP Siyasi Şurasının üzvü belə bir gündə unudulmasını anlamadığını deyib:

”Yeni Azərbaycan” qəzeti mənim ilk iş yerim olub. Qəzetin ikinci sayından orada fəaliyyətə başlamışam. 12 il qəzetin baş redaktoru olmuşam. Tədbirə dəvət olunmamağım mənə aydın deyil. Düşünürəm ki, orada iştirak etmək haqqı olan məhz mən idim. Siyasi Şurasında təmsil olunduğum Yeni Azərbaycan Partiyasının 20 illiyində də eyni münasibətlə qarşılaşdım. Təbii ki, səbəb mənə çox maraqlıdır. Partiyanin yubileyinə dəvət olunmamağımın səbəbini YAP icra katibliyindən adımın guya Prezident Aparatında siyahıdan çıxarılması ilə izah etdilər. Onda əhəmiyyət vermədim. Indi bu hal yenidən təkrarlanıb. Bu dəfə də tədbiri Prezident Administrasiyası təşkil etməyib ki. Bununla nə demək istədiklərini anlamıram. Əgər şüurlu şəkildə edirlərsə, çox səviyyəsiz davranışdır”. Qeyd edək ki, Alqış Həsənoğlu 2007-ci ildə YAP Idarə Heyətinin qərarı ilə qəzetin baş redaktoru vəzifəsindən azad edilib. Keçmiş baş redaktora qarşı bu münasibət nədən qaynaqlanır?

Bu sualla “Yeni Azərbaycan”ın baş redaktoru Hikmət Babaoğluya müraciət etdik. Demokratiya, söz azadlığı və bu tip ifadələri işlətməyi xoşlayan qəzetin baş redaktoru “Azadlıq”ın suallarına cavab verməkdən imtina etdi. Səbəbini isə belə bir hüququnun olması ilə izah etdi. Bununla bağlı H.Babaoğlu Modern.az-a açıqlamasında Alqış Musayevin etirazlarına cavab verib. O bildirib ki, qəzetin 20 illiyi “Yeni Azərbaycan”ın hazırkı kollektivi ilə keçirilib. Baş redaktorun sözlərinə görə, tədbirə kənardan heç kim çağırılmayıb: “”Yeni Azərbaycan”ın 20 illiyini qəzetin hazırkı kollektivi ilə keçirdik. Kənardan əlavə heç kim çağırılmamışdı. Bu tədbir sırf kollektivimizin tədbiri idi. Tədbirə Yeni Azərbaycan Partiyasının funksionerləri və partiyadan seçilmiş millət vəkilləri qatılmışdı”. Lakin elə “Yeni Azərbaycan” qəzetinin öz səhifələrinə nəzər salanda tədbirdə YAP-çı millət vəkilləri ilə yanaşı Prezident Administrasiyası nümayəndələrinin iştirak etdiyini görmək olar.

Qəzetin ilk baş redaktoru Xeyrəddin Qoca da dəvət olunanlar arasında olub. Lakin “Azadlıq”a açıqlamasında keçmiş baş redaktor tədbirdə diqqətdən kənar qaldığını bildirdi: “Birinci soruşmalıydılar ki, bu uşağın atası kimdir. ”Yeni Azərbaycan”ı mən yaratmışam, 5 il baş redaktoru işləmişəm. Nizamnaməsini mən yazmışam. Ancaq məni nəzərə almadılar. Buna qədər 50-60 illik yubileylərim oldu, dövlət tərəfindən təltif olunmadım. Mən 91-lərdən biriyəm, YAP-ı yaradanlardanam. Istanbulda baş konsul olmuşam. Heç təltifat gözləmirəm də. Ancaq beşinci dərəcəli adamları təltif etdilər, mən heç yada düşmədim”. X.Qoca Alqış Həsənoğlunun yubiley tədbirinə dəvət olunmamasını da mənfi hal kimi qiymətləndirdi: “Alqışı mütləq dəvət etmək lazım idi. Çünki indikilərdən əvvəl biz qəzetə rəhbərlik etmişik. Onun dəvət olunmamasını və mənə məhəl qoyulmamasını böyük düşüncəsizlik sayıram. Ora gələnlərin hamısı mənə yaxınlaşıb bunu mənə dedilər. Bu işi kim belə qurubsa, cəzalanmalıdır”. X.Qocanını fikrincə, dövlət başçısının bundan xəbəri olsaydı, belə vəziyyətin yaranmasına imkan verməzdi.

Fizzə