“Turan”dan “Azərbaycan”a cavab

Şahin Hacıyev: «Onların ittihamları əsassızdır»

Rəsmi mətbuatın “Turan” agentliyinə qarşı başladığı qaralama kampaniya səngimək bilmir. “Yeni Azərbaycan” qəzetinin ardınca “Azərbaycan” qəzeti də agentliyin ünvanına ittihamlar səsləndirib və “Turan”ı antiazərbaycançı şəbəkəyə xidmət etməkdə ittiham edib. Rəsmi mətbuatı bu dərəcədə hiddətləndirən isə bir neçə gün əvvəl Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianın “Turan”a verdiyi müsahibəsidir.
Xatırladaq ki, Melianın müsahibəsində istifadə etdiyi “qırmızı xətt” ifadəsi ilə bağlı “Turan”ın direktoru açıqlama verib. Lakin görünür, bu, rəsmi mətbuatı sakitləşdirməyib. Bu səbəbdən də agentliyə qarşı aramsız hücumlara start verilib.
Rəsmi mətbuatın ittiham və təhqir dolu yazılarına cavab verən “Turan” agentliyinin siyasət redaksiyasının redaktoru Şahin Hacıyev ittihamları əsassız sayır. Bunun ilk belə hal olmadığını deyən Ş.Hacıyevin sözlərinə görə, hər dəfə tənqid səslənəndə rəsmi mətbuatın reaksiyası özünü gözlətmir.
Melianın müsahibəsinə gəldikdə, Ş.Hacıyev onun dediklərinin sonradan təkzib olunmadığını və müsahibənin mahiyyətinin dəyişmədiyini qeyd etdi.
Ş.Hacıyevin sözlərinə görə, bu tip ittihamlar və təhqirlərin səsləndirilməsi hökumətyönlü mətbuata xas davranışdır: “Hər gün opponentlərinə qarşı belə ifadələr işlətməyi özləri üçün normal hesab edirlər. Görünür, üsulları belədir. Nədənsə Mətbuat Şurası da uzun illərdir davam edən bu hala reaksiya vermir”.

Fizzə