Təklifimiz dəyişiklik istəyən irili-xırdalı əksər çevrələrin fəaliyyətini uzlaşdırmaqdır, bu boykotdursa, mübarizə nədir?
Aprelin 21-də AXCP sədri Əli Kərimli bəyanatla çıxış etdi. Partiyanın 1000-ə yaxın üzvü qarşısında bildirdi ki, o, Azərbaycanın qurtuluşu naminə böyük birlik yaradılması üçün öz iddialarından geri çəkilməyə hazırdır. Əli Kərimli bu fikrinin belə də yekunlaşdırdı: “Bizim vəziyyətimizi yaxşılaşdıracaq, xalqın seçkilərə ümidini artıracaq, milyonlarla insanı bu mübarizəyə qoşacaq bir resursumuzÿ var – birləşmiş müxalifət və birləşmiş müxalifətin tək namizədi. Birləşmiş müxalifət bir namizədlə seçkiyə getməlidir.
Sizin qarşınızda bəyan edirəm ki, biz müxalifətin birləşməsi üçün əlimizdən gələni edəcəyik. Birləşmiş müxalifət etimad göstərsə, birləşmiş müxalifətin namizədi olaraq, Azərbaycan xalqını demokratiyaya qovuşdurmaqdan ötrü hər şeyi edəcəyik, bu məsuliyyəti üzərimizə götürəcəyik. Yox, əgər birləşmiş müxalifət belə qərara gəlsə ki, AXCP sədri Əli Kərimlinin deyil, bir başqasının namizəd olmasını istəyir, sizin bir çoxlarınızın etirazına rəğmən, mən bununla razılaşmaq fikrindəyəm. Amma istəyirəm ki, bunu hər bir lider öz partiyasında desin. Biz o zaman birləşə biləcəyik ki, hər kəs bu millətin qarşısına çıxsın və desin ki, mənim şəxsi ambisiyalarım sizin qurtuluşunuzdan vacib deyil”.
Bu fikrə ölkənin müxtəlif düşərgələrindən maraqlı izahatlar gəldi. Ziyalılar Forumundan, REAL hərəkatından, ACP-dən, ALP-dən, ADP-dən, AMIP-dən bildirdilər ki, Əli Kərimlinin bəyanatı hazırkı siyasi vəziyyətə tam uyğundur. Onun hər kəsi ambisiyalarından geri çəkilməyə çağırması və özünün də geri çəkilməyə hazır olduğunu bəyan etməsi sosial mediada da ciddi diskussiyalara səbəb oldu və təqdir edildi. Blogger Emin Milli də bu mövqeni ciddi dəstəklədi.
Maraqlı yanaşma isə Müsavat Partiyası Icra Aparatının rəhbəri Arif Hacılıdan gəldi. O, APA-ya deyib ki, Əli Kərimlinin taktikası 2008-ci ildə uğur gətirməyib, boykot heç nəyi həll etmir.
Maraqlı olan iki mühüm məqam var. Birincisi odur ki, 2008-ci ildə prezident seçkiləri ərəfəsində (seçkiyə bir gün qalmış) Bakıda etiraz tədbiri keçirən tək təşkilat AXCP Gənclər Komitəsi olub. Və bütün seçki dövründə nə aktiv, nə də passiv cəmiyyətdə heç bir seçki əhval-ruhiyyəsi duyulmayıb. Bu cür seçkidə iştirak etməyin ən yaxşı nəticəsini Ilham Əliyevi təbrik edənlər gördülər. Bu cür uğurdan Əli Kərimli kimisə məhrum edibsə, o, ancaq AXCP sədrinə minnətdar olmalıdır. Yox, Ilham Əliyevi təbrik etmək, onun oyununu legitimləşdirmək uğur sayılırsa, bu istiqamətdə də açıq olmaq lazımdır, çünki hələ “şans”lar bitməyib.
Ikinci məsələ odur ki, AXCP sədri məlum sonuncu bəyanatında boykotdan danışmayıb, birlikdən danışıb. “Birlik” sözü nə vaxtdan “boykot” sözü ilə sinonim olub? Bunu da gözəl türkcəmizi bilənlər gərək araşdırsınlar. AXCP sədrinin demədiyi fikrə cavab vermək zərurəti hardan doğur? Güman etmək olar ki, onun çağırışına cavab verməkdən yayınmaq üçün. Çünki o, məlum çıxışında diplomatiyanı yerə qoyub, siyasəti bir alət kimi tərk edib və açıqca bəyan edib ki, özü geri çəkilməyə hazırdır, başqaları da bunu etməlidir.
Başqaları bunu edəcəkmi? Məsələ bu qədər aydın, sual bu qədər sadədir. Biz heç kimə imkan verə bilmərik ki, milyonların gələcəyi ilə bu cür spekulyativ davransın. Yaxşı, indi görək ki, kim Azərbaycan üçün nədən imtina etməyə hazırdır? Cəmiyyət bunun cavabını gözləyir.
Bizim fikrimizcə, əsl boykot Ilham Əliyevin oyununda iştirak etməklə, proseslərin saxta nüsxəsini yaratmaqla həqiqi mübarizədən boyun qaçırmaqdır. Həqiqi mübarizənin düsturu isə xalqın qarşısına çıxıb, açıq-aşkar mövqeyi ifadə eləməkdir. Bizim təklif etdiyimiz yol, siyasi təşəbbüsləri əlimizə almaq üçün hakimiyyətin nəzarətində olmayan siyasi şərait yaratmaqdır. Cəmiyyətin bütün təbəqələrinin, dəyişiklik istəyən irili-xırdalı əksər çevrələrin fəaliyyətini uzlaşdırmaqdır. Bu boykotdursa, mübarizə nədir? Əgər, siyasət bu siyasi sistemin qaydaları ilə oturub-durub, onun yaratdığı vəziyyətə uyğunlaşmaqdırsa, AXCP siyasətdən gedib.
P.S. Bu yazı mənim partiya təmsilçisi kimi mövqeyimi ifadə edir.