Kül başına siyasəti…

Əli Həsənov möhkəm acıqlanbmış, isti-isti görənlərin bəxtəvər başına. Mən bu gün onun Rəbiyyət Aslanovaya cavabından xəbər tutmuşam ki, deyəsən, dükan tozludu.
Bu boyda qəzəb, hirs elə o boyda da siyasi narahatçılıqdan xəbər verir. Həsənovun nə qədər qəzəbləndiyini ağzına aldığı iki-üç kəlməylə təsvir etmək mümkündü: “Avropa Birliyi, BAŞINA DƏYSIN sənin o proqram!”, “KÜL SIZIN BAŞINIZA ki…”.
Kənddən çıxanı belə lətli-mətli söhbət eşitməmişdim. Lap qəribsədim kənd üçün. Bu sözləri deyən, öz sözüylə desək, “Azərbaycan olaraq BMT TŞ-yə bilavasitə rəhbərlik edən, dünya siyasətinin formalaşmasında iştirak edən dövlətin” ana sözçüsüdü. Indi təsəvvür eləyək, dünya siyasəti bu ədəb-ərkanla necə formalaşa bilər: Obama ordan qalxıb deyir ki, Putin, kül başına, niyə imkan vermirsən qanına bələşmiş eşşək oğlu eşşək Bəşərin halvasını çalaq? Putin qayıdıb deyir ki, elə azarım olsun sənin başına, kül də başına, daş da başına, halva verim yax başına…
Əhmədi Nejad o yandan səslənir: “Obama, görüm səni qanının içində oynayasan! Merkel, ay ləçər, ay tumanı yırtıq, sənin ərinin boyunu yerə soxum ki!..”.
Nə isə, bu ona “it oğlu”, o buna “qancığın qarnından çıxan” və s. və. i.a. Mərifət! Kəsəsi, çəpərüstü. Şükür ki, Həsənovun dünya siyasətini formalaşdırmaq fikri də o biriləri kimi zarafatdı. Yoxsa, gələcəyin siyasətini təsəvvür eləmək belə dəhşətdi.
Ancaq çox hörmətli Əli müəllimin nifrət söhbəti ağır məsələdi, zarafatlıq deyil. Hətta Rəbiyyət Aslanova belə, dövlət rəsmisinin nifrətə çağırış etdiyinə inanmadığını söyləyib: “Yox, Əli Həsənov… Bəlkə də o an emosionallıq olub. Inanmıram ki, Əli Həsənov bunu o şəkildə deyib”.
Ancaq məsələ ondadı ki, Həsənov bu sözləri deyib, hətta dünən qafqazinfoya verdiyi açıqlamada fikrini bir az qüvvətləndirib də. Yəni insan vətənini bu qədər (yəni onun kimi) sevirsə, başqa necə deyə bilər?.. “Mənim (…) guya ”emosional” vəziyyətdə olmağım haqda hörmətli Rəbiyyət Aslanovanın “Azadlıq” radiosunda səsləndirdiyi fikir, tamamilə əsassızdır. Mən hazırda, o yaşda və başda deyiləm. Səsləndirdiyim bəyanatlar mənim prinsipial vətəndaş, düşünülmüş məmur mövqeyimdir və heç vaxt bu mövqedən geri çəkilməyəcəyəm”.
Rəbiyyət müəllimə nifrət sözündən diksinib: “Nifrət çağırışı? Bir ölkə vətəndaşının digər vətəndaşa nifrət çağırışını qəbul edə bilmərəm. Bu, mümkün deyil”. Ancaq deməyəsən, mümkün imiş. Nəinki mümkün imiş, məsələ ondadı ki, mövcud hakimiyyət iqtidara gəldiyi gündən bu yana nifrəti öz ana siyasətinə çevirib. Onunçündür ki, bu gün bütün Azərbaycan cəmiyyəti təpədən dırnağa kimi nifrətlə aşıb-daşır. Çürüyür. Ata oğulu, oğul ananı, arvad əri, qardaşı bacını, qohum qohumu, komandir əsgərini, əsgər komandirini ən amansız üsullarla öldürür.
Nifrətdəndi ki, hakimiyyətin polisi şəhid atası, şəhid anası demədən vətəndaşını ən vəhşi formalarda döyür, sürüyür, işgəncə verir. Nifrətdəndi ki, günaşırı bir əsgər meyidi gəlir. Nifrətdəndi ki, vətəndaşların xüsusi mülkiyyətinə basqın edilir, evləri traktorların önünə verilib içində adam ola-ola dağıdılır. Insanlar günahsız yerə şərlənir, işgəncə görür, həbsə atılır. Bunlar artıq cəmiyyətə dərindən sirayət eləmiş nifrətin təməlli, bərkimiş varlığından xəbər verir. Həsənov – o içi vətən, millət sevgisi ilə aşıb-daşan böyük el oğlu onlara qarşı olanlara qarşı nifrət yaratmaqdan danışır, əslində isə təkcə müxalifət deyil, elə sevdiyi o millət onlara qarsıdı, deməli, beləcə, Həsənovun bütün xalqa nifrət etdiyi üzə çıxır. Yoxsa dövlətin var-yatırını bu cür allahsızcasına talayıb xaricə daşımazdılar.
Vətəndaşının başına kül ələyən iqtidar prezident seçkisinə gedir. Seçki qutularından Azərbaycanın külünün çıxacağına əminəm.