cemil-quliyev

İTV-yə yeni direktor seçkisi qalmaqalla keçdi

cemil-quliyevCəmil Quliyevin rəqibi pozuntularla bağlı Avropa Yayımları Birliyinə şikayət edəcək

«Yeni rəhbər qeyri-şəffaf şəraitdə seçilib; Seçkini Nuşirəvan Məhərrəmli aparırdı, halbuki bu onun işi deyildi»

Dünən Ictimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. Şamil Şəfiyev, Nicat Mustafayev və Emin Hüseynovun da qatıldığı seçim turunun qalibi Cəmil Quliyev olub.

“Iclasda adlarımızı da səhv oxuyurdular”

Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun rəhbəri Emin Hüseynovun sözlərinə görə, baş direktor vəzifəsinə seçki şəffaf olmayıb, seçkiyə Milli Televiziya və Radio Şurasının müdaxiləsi olub: “Iclasda Şura sədri Nuşirəvan Məhərrəmli və həmin qurumun digər əməkdaşları iştirak edirdi. Prosesə nəzarəti onlar həyata keçirirdi. Iclas başlayanda Yayım Şurasının üzvləri öz səlahiyyətlərini belə, bilmirdilər. Protokollaşdırma, katibliyin və say komissiyasının seçilməsi ilə bağlı bilgiyə malik deyildilər. Iclasda göstərişləri Nuşirəvan Məhərrəmli verirdi. Halbuki onun işi qıraqdan nəzarət və pozuntuları qeyd etmək olmalı idi. Bir sözlə, seçkini Nuşirəvan Məhərrəmli aparırdı. Iclasda adlarımızı da səhv oxuyurdular. Görünür, namizədləri yaxşı tanımırdılar. Bir çoxları namizədlər barədə məlumatla elə iclasda tanış oldu. Mən bildirdim ki, namizədləri tanımaq üçün vaxt olmalıdır. Seçki bir müddət sonra keçirilməlidir və o vaxta kimi namizədlərlə görüşlər olmalıdır. Mənim təklifimi səsə qoydular. Amma qəbul olunmadı. Cəmil Quliyev çıxışında bildirdi ki, baş direktor seçilərsə, mədəniyyət sahəsini gücləndirəcək. Sanki ikinci mədəniyyət kanalına sədrlik edəcək. Nicat Mustafayev isə reklam gəlirlərini inkişaf etdirəcəyini bildirdi. Digər namizəd Şamil Şəfiyev isə demək olar ki, danışmırdı. Mən bildirdim ki, namizədlərin ictimai yayım barəsində heç bir məlumatları yoxdur”.

“Nəticəni tanımıram, məhkəməyə müraciət edəcəm”

Səsvermənin nəticəsini tanımadığını deyən E.Hüseynov pozuntularla bağlı məhkəməyə müraciət edəcəyini bildirib: “Mən iclasda səsvermədən əvvəl bildirdim ki, nəticəni tanımayacam. Bir səslə dördüncü oldum. Pozuntulara görə məhkəməyə müraciət edəcəm, Avropa Yayımları Birliyinə məlumat verəcəm”.
Media Hüququ Institutu (MHI) da Ictimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkilərinin əhəmiyyətli prosedur pozuntularıyla, tələm-tələsik və qeyri-şəffaf keçirildiyini bildirir: “Bu seçkinin MTRŞ tərəfindən ciddi müdaxilələrlə müşayiət olunması seçkinin ədalətliliyinə və Ictimai Yayımın müstəqilliyinə kölgə salır”.

“Teleradio Şurasının seçkiyə müdaxiləsi yolverilməzdir”

MHI Milli Məclisin ITV Yayım Şurasına aprelin 19-da 3 yeni üzv təyin etməsinin də pozuntularla müşayət olunduğunu xatırladır: “Aprelin 23-də isə MTRŞ-nin inzibati binasında ITV Baş direktorunun tələm-tələsik seçkiləri keçirilib. Baş direktor vəzifəsinə namizədlərin irəli sürülməsi prosesinin başlandığı aprelin 18-də bəlli olub. Namizədlərin rəsmi siyahısı cəmi bir gün əvvəl, aprelin 22-də elan olunub. Namizədlərin özlərini tanıtması, öz məqsədlərini və planlarını açıqlaması, namizədlər barədə müzakirələrin aparılması üçün cəmi bir gün vaxt verilib. Beləliklə nəinki cəmiyyətin, hətta onlar barədə səs verəcək Yayım Şurası üzvlərinin belə səs verəcəkləri şəxsləri tanıması üçün vaxt olmayıb. Baş direktorun seçilməsi ilə bağlı Yayım Şurasının yığıncağı ITV-nin öz binasında, Yayım Şurasının ofisində yox, MTRŞ-nin ofisində MTRŞ sədrinin rəhbərliyi və müdaxiləsi altında keçirilib. 4 namizədin tanıdılması, onların öz platforma və planları barədə Yayım Şurasına məlumat vermələri, sual-cavablar və Yayım Şurasının namizədləri götür-qoy edib son seçimini etməsi təxminən 50 dəqiqə çəkib”. MHI Teleradio Şurasının seçkiyə müdaxiləsinin yolverilməz olduğunu, Ictimai Yayım Xidmətinin nüfuzuna və müstəqilliyinə çox ciddi zərər vurduğunu bəyan edir(“Mediaforum”).
Cəmil Quliyev 1963-cü ildə Bakıda anadan olub. Ümumittifaq Kinematoqrafya Institutunda kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən “Azərbaycan” kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, “Mozalan” satirik jurnalının bədii süjetlərinin müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir. Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının baş direktorudur. 2012-ci ildə yeni yaradılan Azərbaycan Kinematoqrafçılar Ittifaqının icraçı katibi seçilib.