Departament Azərbaycan hökumətindən kimləri cəzalandırmağı tələb edib?
ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətdən insan alverində əli olan dövlət məmurlarını açıq şəkildə cəzalandırmağı tələb edir. Bu tələb Departamentin 2012-ci ildə dünyada insan alverinin vəziyyətinə dair hesabat layihəsində əksini tapıb. Hesabata görə, Azərbaycan fiziki və cinsi istismar məqsədilə kişilərin, qadınların və uşaqların daşındığı ölkədir.
Azərbaycan hakimiyyəti bu sahədə yalnız işlərin bir hissəsini tədqiq edib və çox az sayda günahkarı cəzalandırıb. Bu göstəricilər əvvəlki ilin göstəricilərindən aşağıdır. Sənəd müəllifləri onu da qeyd ediblər ki, Azərbaycan hökuməti insan alverinə qarşı mübarizə üzrə effektiv addımlar atmasa, ölkə ABŞ tərəfindən sanksiyalarla üzləşə bilər.
Maraqlıdır, Departament insan alverində əli olan məmurlar deyəndə kimi nəzərdə tutub? “Miqrasiya Mərkəzi”
Ictimai Birliyinin sədri Əlövsət Əliyevin sözlərinə görə, Departamentin hesabatını hazırlayan şəxslər bu il Azərbaycana gələndə əsas diqqət etdikləri məqamlardan biri dövlət məmurlarının insan alveri faktına görə cəzalandırılmaması olub: “Azərbaycanda insan alverinə qarşı mübarizəni ancaq Insan Alverinə Qarşı Mübarizə Idarəsi aparmamalıdır. Bunun üçün Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, prokurorluq var. Məsələn, Dövlət Sərhəd Xidməti əməkdaşları insan alverçilərini və qurbanları sərhəddən maneəsiz buraxmamalıdır. Belə əməllərə yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi Departamenti və başqa beynəlxalq təşkilatları narahat edir. Hesabat müəllifi demək istəyir ki, müxtəlif dövlət orqanlarının – Sərhəd Xidmətinin, Gömrük Xidmətinin, MTN-nin əməkdaşları niyə bu cür faktları aşkar etmirlər? Bilə-bilə insan alverinin qurbanlarını niyə sərhəddən buraxırlar?
ABŞ Dövlət Departamenti narahat olur ki, ya bu şəxslər cinayətkar qruplarla əlbirdilər, ya da cinayətkar qruplar həddən artıq yüksək səviyyəli şəxslər olduğu üçün onlara mane olmağa gücləri çatmır”.
Gültəkin


