Gözəl Bayramlının sifarişli cərimə ilə bağlı şikayəti təmin olunmadı

Bu gün 2 saylı İnzibati İqtisad Məhkəməsində hakim Xaliq İmanovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəmə qərarları üzrə Suraxanı rayon İcra Şöbəsinə qarşı iddia ərizəsinə baxılıb.
Suraxanı rayon İcra Şöbəsi G.Bayramlının yanvarda keçirilən “Əsgər ölümlərinə son” aksiyasına görə məruz qaldığı 2000 manat cərimənin icraatına başlamaqla bağlı fevralın 25-də qərar verib. G.Bayramlı isə İcra Şöbəsinin bu qərarı ilə razılaşmayıb və onun ləğvi üçün məhkəməyə müraciət edib.
Gözəl Bayramlının verdiyi məlumata  görə, iddia ərizəsində Suraxanı İcra şöbəsinin adı çəkilən qərarının ləğv edilməsi üçün kifayət qədər əsaslar olduğu halda, hakim Xaliq İmanov sırf  siyasi mülahizələrə söykənərək onun iddiasını təmin etməyib. “Heç bir yerdə işləmədiyim, rəsmi və qeyri-rəsmi heç bir gəlir mənbəyimin olmadığı, adıma xüsusi mülkiyyət kimi daşınar və daşınmaz əmlak qeydiyyata alınmadığı halda iddia ərizəmin təmin olunmaması sırf siyasi xarakterlidir və heç bir əsasa söykənmir. Ona görə də  məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyəm”.
G.Bayramlı 2000 manat cərimə olunması haqda Səbail Məhkəməsinin verdiyi qanunsuz qərarın siyasi sifariş olduğunu sübut etməkdə israrlı olduğunu bildirib.
Xatırladaq ki, Səbail Məhkəməsi G.Bayramlının 2000 manat cərimələnməsi haqda qərarı yanvarın 26-da verib.