Bir Ismayıl Ömərov versiyası da məndən…

Siz baxmayın Ismayıl Ömərovun ITV-dən göndərildikdən sonra “üçüncü dəfə namizədliyimi irəli sürməyim demokratiya baxımından düz olmazdı” deməsinə.
Bu sözlərdə zərrəcə səmimiyyət yoxdu.
Demokratiyaya azacıq hörməti olan adam ITV-nin başında olduğu 8 ildə bircə dəfə fərqli fikirə meydan verərdi.
Adı “Ictimai” olan televiziyanı bir tayfanın tribunasına çevirməzdi.
Buna gücü yetməyəndə isə, elə ilk müddətinin tamamındaca çırpar qapını, gedərdi.
Əmin olun, Ismayıl Ömərova yenidən namizədliyini irəli sürməyi əmr etsələr, sevinə-sevinə irəli sürər, o zaman da yadına üçüncü dəfə seçilməyin demokratiyayla, çağdaşlıqla bir araya sığmadığı gəlməzdi.
Bəs Ömərova bu sevinci niyə çox gördülər?
Çox səbəblər sadalanır: ay nə bilim ITV-yə ayrılan pulları basıb yeyirmiş, ay nə bilim, tikinti şirkəti ətrafında qalmaqallar onu “yuxarılar”ın gözündən salıbmış-filan.
Hamısı boş söhbətlərdir. Guya bu rejimdə sadəcə, Ismayıl Ömərovmu oğurlayır? Büdcəni yeyib-dağıtmaq bunlar üçün nə vaxtdan pis hərəkət sayılır?
Elə isə müxalifətə, müxalifətçiliyə nifrəti ilə seçilən…
Hər cür fərqli, azad fikirə kin bəsləyən…
Yalanı, məddahlığı çoxlarından çox yaxşı bacaran birinə niyə ehtiyacı olmadı yaptokratiyanın?
Məncə, Ismayıl Ömərovun istifadə müddətini bitirən nəvəsini uşaq “Eurovision”una göndərməsi oldu. Ona qarşı hətta rejim yandaşlarının belə nə vaxt ittihamlar yağdırmağa başladığını xatırlayırsınızmı? Bəli, bəli, məhz nəvə söhbətindən sonra!
Bu cür rejimlər belə davranışları sevmirlər.
Bu cür rejimlərdə yalnız bir ailənin və ailəvi dostlarının belə lüksü var.
Siz Ismayıl Ömərovun uşaq “Eurovision”nuna öz nəvəsi yerinə, hər hansı ali, oliqarx nəvəsi göndərsəydi, yenə sıradışı ediləcəyini təsəvvürünüzə gətirirsinizmi?
Mən təsəvvür etməyə çalışdım, amma bir şey alınmadı.
Analoqsuz təzad – 1
Nə vaxt ki, müxalifət aktiv deyil, passivdir, çalışmır, çabalamır, biriləri o saat başlayır: “Biz sizə demişdik ki, bu müxalifətdən bir şey olmaz. Əllərindən heç nə gəlmir, yan gəlib yatmaqla məşğuldurlar”.
Nə vaxt ki, müxalifətdə bir tərpəniş başlayır, bir hərəkətlilik başlayır, pis-yaxşı bir iş görmək, nəsə etmək, nəyəsə nail olmaq cəhdi hiss olunur, bu dəfə də həmin o biriləri valı dərhal dəyişirlər: “Boş şeydir, hakimiyyətin sifarişidir, dünyaya göstərmək istəyirlər ki, bizdə müxalifət var, azadlıq, demokratiya var”.
Müxalifət tənqid edilməyəcəkmi? Əlbəttə, ediləcək.
Müxalifətə dodaq büzülməyəcəkmi? Əlbəttə, büzüləcək.
Müxalifətin eyibləri yoxdurmu? Əlbəttə, var.
Amma içində təzad olan, özünütəkzib olan, biri digərini inkar edən tənqid artıq tənqid deyil. Qaralamaq, yaralamaq üçün fürsət güdməkdən başqa bir şey deyil.
Analoqsuz təzad – 2
Əli Həsənov, Prezident Administrasiyası ictimaim-siyasi şöbəsinin müdiri: “Azərbaycan Konstitusiyası və qanunları vətəndaşların sərbəst toplaşmaq hüququna təminat verir. Bununla yanaşı, sərbəst toplaşmaq hüququ digər vətəndaşların rahatlığının, ictimai sabitliyin, nəqliyyatın sərbəst hərəkətinin və s. pozulmasına səbəb olmamalıdır”.
Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi: “Latviya Prezidenti Andris Berzinşin aprelin 23-ü axşam saatlarında Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, ”Azneft” dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, Inşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Səfər aprelin 25-də başa çatacaq”.
Bu iki rəsmi açıqlama arasındakı təzadı, ziddiyyəti isə artıq hərə öz ağlı və vicdanı ilə şərh etsin.