“Offşor kapital, mal və işçi qüvvənin tam azadlığıdır. Qanunsuz əldə edilən, kriminal yolla qazanılan, ən müxtəlif cinayətlər hesabına başa gələn pulları gizlətmək, qapalı hesablara və ya əmlaka yatırmaq üçün offşor az qala ideal məkan sayıla bilər. Belə məkanda şirkəti qeydiyyata aldıran adamın addımı və ya qərarı onun korrupsiya sxemində olması, gəlirlərini gizləməyə çalışmasına dəlalət edir. Baş verənlərin ilkin mərhələsi artıq transparentliyin, qanun qarşısıda şəffaflıq prinsipinin kobud şəkildə pozulmasıdır”.
Bu cümlələrin Əliyevçi rejimə aid bir sayta (milli.az) aid olduğunu desəm, inanarsınızmı?
Inanmazsınız, təbii.
Bəs bu cümlələrin necə, eyni saytın eyni yazısında yer aldığını söyləsəm, inanarsınızmı: “Məmurların və ya hər hansı başqa şəxsin belə məxfi, şübhəli subyektlər vasitəsilə inteqrasiya edilmiş fəaliyyəti istənilən halda ölkənin milli və iqtisadi təhlükəsizliyi üçün təhdiddir”.
Anlaşıldı, yenə inanmırsınız.
Amma gəlin, mən sizi inandırım: bu cümlələr həqiqətən yandaş bir saytdan götürülüb.
Di gəl ki, yazı Ermənistan hakimiyyətinə həsr olunub. Yəni o cümlələrin ünvanı… Sərkisyan rejimidir!
Yazıda bu yaxınlarda dünyanın məşhur zonalarında şirkətlər, hesablar və bank depozitləri ilə bağlı məxfi sayılan məlumatların mediaya sızmasından (“Offşorleaks”) sonra işğalçı ölkədə yaranan maraqdan bəhs edilir. Deyilir ki, offşor zonalarda şirkəti, bank hesabları olmayan hakimiyyət mənsubu yoxdur və bunu bütün sadə ermənilər bilir. Amma təxminən bir qəzet səhifəsi boyda məqalədə “Offşorleaks”da hansı erməni məmuru haqqında hansı faktın açıqlandığından danışılmır.
Oysa “Oàffşorleaks”in Azərbaycanın hakim ailəsi haqqında hansı həqiqətləri gün işığına çıxardığını xatırlatmaq artıqdır. Başda Türkiyə, Rusiya və Qərb mediası olmaqla, dünya mediasının gündəmini ən azı üç gün həmin həqiqətlər tutdu.
Bəs yapçıların cavabı nə oldu? Gəlin, birgə xatırlayaq: “Onlar da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər. Onların yaşı da, hər bir digər kriteriyalar da buna qanunla imkan verir. Yəni burda belə bir qeyri-adi heç bir şey görmürük”.
Bununla da kifayətlənmədilər.
Dönük “jurnalist”lərdən, hüquq müdafiəçisi libasındakı hüquq hücumçularından birinə ofşor zonaların varlığına haqq qazandıran, millətin pulunu ora pul daşımağın qəbahət olmadığı haqda palaz boyda bir məqalə yazdırdılar, o məqaləni bütün yandaş saytların manşetlərinə daşıdılar.
Indi isə Ermənistanda bunlarla xurcuntayı olan rejimin oğru, talançı olduğunu göstərmək üçün onların offşor zonalardakı şirkətlərindən, bank hesablarından bəhs edirlər.
Yalançının yaddaşı olmaz – amma bir yerə qədər.
Özünütəkzib olar – amma bir yerə qədər.
Məntiqsizlik olar – amma bir yerə qədər.
Həm deyirlər offşor zonalarda şirkət açmaqda, pul yatırmaqda pis bir şey yoxdur, həm də işğalçı ölkənin məmurlarını məhz offşor zonalardakı şirkətləri, bank hesabları üzərindən baltalayır, asıb-kəsirlər.
Özlərinə gəlincə, “qeyri-adi bir şey görmürlər”, amma söhbət mövzusu başqaları olunca bunun adı talançılıqdır, korrupsiyadır.
Başa düşürəm, rejim yandaşlarının erməni həqiqətləri haqqında yazıları bizim daxili auditoriyaya hesablanıb, bu yazılarla xalqın başının altına yastıq qoyurlar ki, “Ermənistan dağılır, məhv olur, bir az da dözün, çox qalmayıb, belə getsə Qarabağı özləri xoşluqla bizə qaytaracaqlar, ya da acından qırılıb qurtaracaqlar, biz də rahatca gedib oturacağıq Xankəndində”.
Amma bir şeyi unudurlar:
Sən öz ölkənin həqiqətlərindən yazmayanda, yaza bilməyəndə…
Sən öz ölkənin həqiqətlərinə gözünü yumub, qulaqlarını tıxayanda, başqaları haqqında yazdığın, söylədiyin həqiqətlərin də heç bir anlamı, inandırıcılıq gücü qalmır.
Üstəlik, ara yerdə qaş qayırarkən vurub göz çıxardığın məlum olur.
Məsələn, xalq belə yazıları oxuduqdan sonra istər-istəməz, oturub düşünür:
Niyə offşor başqalarına haramdır, amma bunlara halal?
Niyə başqalarının offşor şirkəti pisdir, amma bunlarınkı yaxşı?
Düşünür, düşünür, sonra da əlbəttə, barmağını dişləyir.
Mənalı-mənalı gülümsəyir.
Hamınıza mənalı gülüş arzusu ilə növbəti yazılarda görüşənədək!

Yaxşı və pis offşor
•
•