Təhsil şöbəsinin müdirinin oğlu məktəbin qarşısındakı parkı alıb; Buna etiraz edən bələdiyyə üzvü məhkəməyə müraciət etməyə hazırlaşır
Xaçmaz bələdiyyəsinin üzvü Turab Ələkbərov rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədovanı məhkəməyə verməyə hazırlaşır. Bu barədə “Azadlıq” Radiosuna Turab Ələkbərov özü bildirib. Onun sözlərinə görə, rayonun Heydər Əliyev prospektindəki 3 saylı tam orta məktəbin qarşısındakı kiçik parkda başlayan tikinti işləri həm Xaçmaz sakini, həm də bir bələdiyyə üzvü kimi onu narahat edib. Turab Ələkbərov şagirdlərin və valideynlərin istifadə etdikləri bu kiçik park sahəsinin vaxtilə bələdiyyənin balansında olduğunu deyib.
Bələdiyyə üzvünün sözlərinə görə, bir də xəbər tutublar ki, park hasarlanır, rayon təhsil şöbəsinin müdiri orda oğluna obyekt tikdirməyə hazırlaşır: “Məktəb 50 ilə yaxındır fəaliyyət göstərir. Qarşısındakı bu kiçik park həm məktəblilərin, həm də ümumi istifadə torpaq sahələrinə aiddir. Kiçik bir park da olsa əhalinin istifadəsində idi. Mədinə Nurməmmədova özü vaxtilə həmin orta məktəbin direktoru idi. Təqribən 4-5 il əvvəl bu kiçik parkın ərazisini başqası almaq istəyəndə Mədinə xanım etiraz etdi ki, ordan şagirdlər, valideynlər istifadə edir, satıla bilməz. Ancaq bu yaxınlarda ortaya sənəd çıxdı ki, sən demə, parkın ərazisini bu yaxınlarda özü alıb. Ərazini indi alsa da sənədləşmənin tarixini saxtalaşdıraraq, 2005-ci ilə qeyd etdirib”.
Bələdiyyə üzvü deyib ki, kiçik park məktəbin giriş hissəsinin yaxınlığına düşür. Bir qədər əvvəl kiçik parkı hasarlamaq istəyəndə qarşıdurma da yaranıb: “102-yə zəng vurdum, polis gəldi, sənədləri təqdim etdim, dedim ki, bu sənədlər qeyri-qanuni yolla əldə edilib. Torpaq sahəsi bələdiyyənin balansına qaytarılmalı və ümumi istifadəyə verilməlidir”.
Bələdiyyə üzvünün sözlərinə görə, polis məsələnin məhkəmə predmeti olduğunu bildirib və məhkəməyə müraciət etməsini tövsiyə edib.
Rayon təhsil şöbəsinin müdiri isə bələdiyyə üzvünün ittihamlarını rədd edib: “Hansı xəritə ilə təsdiqlənir ki, ora məktəbə aiddir? Sağı da, solu da götürülüb, tikilib, mən götürəndə məlum oldu ki, məktəbin yeridir? Sağına da baxın, soluna da. Boş yer kimi ortada qalıb. Oranın şagirdə heç bir maneçiliyi yoxdur.
Bələdiyyə torpağı olub. Hansı tarixdə alınıbsa, o tarixə də sənədləşib. Kim gördü ki, mən oranı nə vaxt aldım, nə vaxt sənədləşdirdim? Deyirlər başqa şeydir, fakt başqa. Özü də mənim adıma deyil ki, uşağın adınadır”.
Torpaq sahəsində tikinti aparılmasına dair sərəncamı Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev verib. Icra başçısı özü bu barədə bildirib: “Orda park yoxdur ki. Oranın eni 15 metrdir, o enlikdə yerdə park olmur. Orda hamısı tikintilərdir. Şahmat məktəbi, bələdiyyə binası tikmişik, iki bank binası tikilib. Bələdiyyə torpağı idi, hər bir kəsin də ixtiyarı var ki, oranı alsın”.
Şəmsəddin Xanbabayev “O torpaq sahəsinin satılmamışdan əvvəl statusu necə idi?” sualına cavabında bildirib: “Yolkənarı boş yer idi. Bir neçə inzibati bina tikmişik. Özüm də istəyirəm tiksinlər ki, o küçə düzəlsin. Orda 2 mərtəbəli, gözəl arxitekturalı binalar tikmək lazımdır ki, küçəyə yaraşıq versin. Oralar məktəbin qarşısı deyil. Biz heç vaxt məktəbin qarşısını kəsə bilmərik”.