Ailəsi aprelin 25-dəki prosesə bütün jurnalistləri dəvət edir
Dünən Bakı Apelyasiya Məhkəməsində məhbus siyasətçi Nemət Pənahlı barəsində iki ay əvvəl çıxarılmış qərardan verilmiş şikayətə baxılıb. Qeyd edək ki, fevralın 25-də Xəzər Rayon Məhkəməsi 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyevin Nemət Pənahlı barədə təqdimatına baxıb. Təqdimatda Nemət Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunub. Hakim N.Pənahlının qapalı həbsxana rejiminə köçürülməsinə qərar verib.
Vəkil Elçin Əliyev “Media forum”a deyib ki, N.Pənahlı Bakı Apelyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə ÿkeçirilən prosesə gətirilməyib: “Məhkəmədə buna etiraz etdim, bildirdim ki, Nemət Pənahlının prosesdə iştirakı mütləq təmin olunmalıdır. Pənahlılar ailəsindən mənə verilən məlumata görə, məhkəmə olacağını Nemət Pənahlıya son anda deyiblər. Nemət Pənahlı əsəbiləşib ki, niyə vaxtında deməmisiniz, mən hazırlaşmalı, özüm üçün qeydlər etməliyəm. Xəbərin ona gec çatdırılmasına etiraz olaraq Nemət Pənahlı məhkəməyə gəlməkdən imtina edib”.
Hakim növbəti prosesi aprelin 25-nə təyin edib.
N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı “Azadlıq”a açıqlamasında bildirib ki, proseslə bağlı məlumatın həyat yoldaşına son anda deyilməsi mətbuat nümayəndələrinin bundan duyuq düşməməsinə hesablanıb: “Son anda deyiblər ki, mətbuat Nemətin prosesə qatılacağından xəbərsiz olsun. Nemət də buna etiraz olaraq məhkəməyə gəlməkdən imtina edib. Ailəsi olaraq biz bütün jurnalistlərə müraciət edirik ki, aprelin 25-nə təyin edilən prosesə gəlsinlər və onların prosesi KIV-lərin iştirakı olmadan keçirmək planı baş tutmasın”.
Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.


