memmedyarov-peres2

İsrail Əliyevi çətin vəziyyətə saldı

memmedyarov-peres2Məmmədyarovun Pereslə görüşündə İran və Rusiya əleyhinə bəyanatlar verildi

Bəlli olduğu kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsraildə rəsmi səfərdədir. O, bir sıra başqa rəsmilərlə yanaşı İsrail prezidenti Şimon Pereslə də görüşüb.
“Associated Press” agentliyi xəbər verir ki, İsrail prezidenti Məmmədyarovla görüşdə sensasion bəyənatla çıxış edib. Peres bildirib ki, Azərbaycan unikal coğrafi məkanda yerləşir və həmin regionda başlıca əhəmiyyət kəsb edən ölkədir. “İranla sərhəddə yerləşən Azərbaycan müharibə və terrora qarşı aydın mövqe qoyması ilə fərqlənir. Məhz Azərbaycan İranın yaxın və orta şərqə təsirinin qarşısının alınmasında başlıca rol oynayır”, deyə Peres bildirib.
“Associated Press” vurğulayıb ki, Türkiyə-İsrail münasibətləri pisləşdiyi dövrdə Azərbaycan-İsrail münasibətləri çox güclənib və genişlənib.

Türkiyənin “Hürriyet” qəzeti isə xəbər verir ki, Məmmədyarovla görüşündə İran mövzusuna toxunan Peres bunları deyib: “Azərbaycanın sülh, dostluq və müstəqillik istiqamətində siyasətini bilirik. Coğrafi baxımdan bənzərsiz yeri ilə Azərbaycan, terror və müharibəyə qarşı mövqeyini davam etdirəcək. İran dünyanın sülh və sabitliyi üçün böyük təhlükə, terrorun maliyyəçisi və nüvə silah ilə bütün Yaxın Şərqə böyük kölgə salır”.
Məmmədyarov isə öz növbəsində deyib ki, Azərbaycan çox həssas bölgədə müstəqil ölkə olaraq mövcudluğunu qoruyub. İsrail də eyni şəkildə çox kövrək bir bölgədə yerləşir və qonşuları ilə yaxşı əlaqələr qurmağa çalışır. “Buna görə siz bizim problemlərimizi anlayırsınız. İnanıram ki, bu, iki xalq arasında əlaqələrin inkişaf etdirilməsi üçün çox böyük bir fürsətdir”, – deyə XİN başçısı qeyd edib.
“Hürriyet” yazır ki, İsraillə Azərbaycan arasında illik 125 milyon dollarlıq ticarət dövriyyəsi var. İsrail enerji əməkdaşlığı ilə bu nisbəti illik 3 milyard dollara yüksəltməyi hədəfləyir.

“Livan Daily Star” qəzeti də Məmmədyarovun Pereslə görüşdə dediklərindən maraqlı sitat verib. Qəzetin yazdığına görə, Məmmədyarov bildirib ki, Azərbaycan İran və Rusiyanın arasında yerləşir və bu, “çətin qonşuluq şəraiti deməkdir”.

İnformasiya şöbəsi