Elxan Şahinoğlu: «Israil ABŞ-a məsləhət verəcək, onu nədənsə çəkindirəcək ölkə deyil»
Hələ bir neçə gün əvvəl “Azadlıq”da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Israilə səfərinin pərdəarxası məqamları ilə bağlı maraqlı məlumatlar yer almışdı. Belə ki, diplomatik mənbələrdən qəzetimizə verilən məlumata əsasən, Qərblə Azərbaycan hakimiyyəti arasında münasibətlərin gərginləşməsi Elmar Məmmədyarovun Israilə səfərini zərurətə çevirib.
Azərbaycan hakimiyyəti Qərbin təzyiqlərinin yumşaldılması, münasibətlərin normal məcrada davam etdirilməsinin təmin olunması üçün Israildən kömək istəyib. Xüsusilə ABŞ dövlət katibinin müavini Tomas Melianın Bakıda verdiyi mesajlardan sonra Azərbaycan hakimiyyəti Israilin bu istiqamətdə dəstəyinə ciddi ehtiyac duyub.
Azərbaycanla Israil arasında münasibətlər normal olsa da, ölkəmizin Təl-Əvivdə səfirliyi yoxdur. Rəsmi Bakı açıq şəkildə etiraf etməsə də, bunun səbəbi Iran-Israil münasibətlərindəki gərginlik olub.
Son dövrlərdə Azərbaycanla Iran arasında münasibətlərin gərginləşməsində ölkəmizlə Israil arasında əlaqələrin dərinləşməsi, xüsusilə silah sövdələşmələri də böyük rol oynadı.
Belə bir məqamda hakimiyyət Israildən gözlədiyi dəstəyi ala biləcəkmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Israil rəsmilərinin dəfələrlə ölkəmizə səfər etməsinə baxmayaraq, Azərbaycan nümayəndələrinin bu ölkəyə səfər etmədiyini xatırlatdı. Bu da əsasən Iranın təzyiqləri ilə bağlı idi. Lakin indi Israillə Azərbaycan arasında 1,5 mlrd dollarlıq silah sövdələşməsi var, Israilin neft ehtiyatlarının 20-30 faizini Azərbaycan ödəyir. Münasibətlər bu səviyyədə olarkən Azərbaycanın Israildə səfirliyinin olmaması anormal və yanlış hadisədir. Azərbaycan Iranın təzyiqlərini nəzərə almaqla bu ölkədən ehtiyatlandığını ortaya qoyur.
Ekspertin fikrincə, rəsmi Bakı artıq Iranla dostluğun mümkün olmadığını anlayıb. Bu səfərdən sonra Iranın yenidən Azərbaycana nota verəcəyi də istisna deyil. Lakin Azərbaycan onsuz da Iranın notalarına əhəmiyyət vermir. Bu da Təl-Əvivdə səfirlik açmaq imkanını artırır. Məmmədyarovun səfəri zamanı da bu məsələnin müzakirəsini gözləmək olar: “Rəsmi məlumatda deyilir ki, guya Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərq münaqişəsinin həllinə yardım etmək istəyir. Ancaq Azərbaycan elə gücə sahib ölkə deyil ki, sülh prosesində yer alsın. Nazirin Israillə yanaşı Fələstinə səfər etməsi Iran və ərəb dünyasının təzyiqlərini neytrallaşdırmaq məqsədi daşıyır. Yəqin ki, hərbi əməkdaşlıq, ticarət əlaqələri ilə yanaşı səfirliyin açılması məsələsi də müzakirə olunacaq. Həmçinin erməni lobbisinin fəaliyyəti müzakirə oluna bilər. Çünki 2015-ci ilə hazırlaşan erməni lobbisinin Azərbaycana və Türkiyəyə təzyiqləri artıb. Azərbaycan bu istiqamətdə də Israildən dəstək istəyə bilər”.
Ekspert Azərbaycan rəsmisinin Israilə səfərini həm də Türkiyə-Israil münasibətlərindəki gərginliyin aradan qalxmasından sonra baş verməsini təsadüfi saymır. Seçim arasında qalan rəsmi Bakıya Türkiyədən də təsirlər var idi. Ancaq artıq Azərbaycan bu çətin seçimdən qurtula bilib. Indiki şəraitdə Israillə münasibətləri bir qədər də dərinləşdirmək üçün münbit şərait yaranıb.
Qərbin təzyiqlərinin qarşısını almağa gəldikdə, ekspert Israilin bu məsələdə Azərbaycana yardım etmək iqtidarında olmadığını qeyd etdi. Çünki Israil ABŞ-a məsləhət verəcək, onu nədənsə çəkindirəcək ölkə deyil. Lakin bununla belə Israil rəsmiləri müəyyən vədlər verə bilər.
E.Şahinoğlunun sözlərinə görə, Israilin ABŞ və Avropadan fərqi həm də əməkdaşlıq etdiyi ölkələrdə insan haqları və demokratiyaya xüsusi önəm verməməsidir. Əsası müsəlman dövlətinin Israillə tərəfdaşlıq etməsidir.
Fizzə