Vətən üçün əlil olanlar
Aslan İsmayılov
Aprelin 12-də Qarabağ qazisi Elnur Əfəndiyev haqqında (http://news.lent.az/news/121557), içi mən qarışıq 9 milyona utanc gətirən yazı oxudum. Dərhal jurnalistlərə müraciət edib Elnurla maraqlanmağı, onun faciəsini hakimiyyət nümayəndələrinin diqqətinə çatdırmağı xahiş etdim. 15 apreldə “Azadlıq” qəzetində E.Əfəndiyev haqqında “Qarabağ döyüşçüsünün ürək ağrıdan aqibəti” başlıqlı geniş yazı (http://www.azadliq.info/asagi-manset/351-asagi-manshet/29489-qarabag-elili.html) dərc olundu. Hakimiyyət nümayəndələrinin Elnurla maraqlanıb-maraqlanmadığını öyrənmək üçün mobil telefonunu tapıb, onunla bir neçə dəfə əlaqə saxlamışdım.
Bu gün yenə 15 yaşında Qarabağa yollanaraq, düşmənə qarşı döyüşdə qəhrəmancasına iştirak edən, hazırda I qrup Qarabağ əlili olan Elnur Əfəndiyevlə danışdıqca dəhşətə gəldim. Əvvəllər də zəng etdiyimdən səsimdən tanıyan Elnur ürəyini boşaltdı. Əgər bu dəqiqə göydən Azərbaycana daş yağsa da, mən Allahımdan incimərəm. Bir şəxsin bu qədər faciəsinə insanlar, xüsusilə səlahiyyət sahibləri biganə qalıb necə yatırlar, boğazlarından çörək necə keçir? Allahdan qorxmurlar, bəs öz balalarına yazıqları gəlmirmi?!
Sözüm yoxdur, eşitdiklərimi yazı ilə ifadə etmək mümkün deyil. Müharibədəki yaralardan sonra iki əlini, iki ayağını itirib əlil arabasında dilənən Elnur özü üçün yox, qan xəstəliyinə düçar olmuş 21 yaşlı bacısı üçün yaşayır. “Mən böyük qardaşları, ataları, arxalarıyam. Mən buna dözə bilmirəm, bacım çox cavandır, onun 2 yaşlı körpə balası var, mən onun üçün yaşayıram, 15 dəfə əməliyyat olunmuşam, özüm artıq həyatdan bezmişəm” deyib fəryad qopardı…
Sakitləşdirməyə, ümidini üzməməyə çağırdım, heç nə alınmadı. Dəstəyi asdı. Başa düşdüm ki, artıq sözlərdən bezib. Müsahibəsindəki sətirlər gözümün önündə canlandı: “Nə əllərim var, nə ayaqlarım, ürəkdən, ciyərdən əməliyyat olunmuşam. 11 il ərzində dəfələrlə əməliyyat keçirmişəm. Axı mən niyə yol qırağında dilənməliyəm? Dost-tanışlar harada olduğumu soruşanda deməyə utanıram. Mən də bu Vətənin övladıyam. ”Haydı” deyəndə hayınıza gəldim. Indi də mənim hayıma gəlsinlər!”
Bundan bir az əvvəl müharibə dönəmində könüllü olaraq ön cəbhəyə yollanan, döyüşlərdə yaralanmış yüzlərlə əsgərin həyatını xilas edən məşhur Qarabağ qazisi Tutu haqqında (http://www.azadliq.info/xeberler/358-xeber/29547-sefqet-bacisi.html) oxudum. Rüxsarə Cumayeva indi özü yataq xəstəsinə çevrilib. Hər dəqiqə yaşamaq uğrunda mübarizə aparan R.Cumayeva bədənindəki dəhşətli ağrıları güclü ağrıkəsici həblərlə yüngülləşdirməyə çalışır. Onun əməliyyat olunması üçün 28 min manat lazımdır. Bunun üçün sosial şəbəkədə hesabına pul köçürülməsi üçün müraciət yayılıb.
Tam səmimi deyirəm mən daim kinin, nifrətin əleyhinə olmuşam, özümdə bu cür hisslər heç vaxt olmayıb. Ancaq bu dəqiqələrdə nifrətimin həddi yoxdur. Bu gün səhifələrimdə Səfər Əbiyevi ittiham edən çıxışımı yaymışdım. Indi isə nifrətim bütün bu cür şəxslərə biganə olan səlahiyyət sahiblərinədir. Necə olur ki, xaricdə məktəblər, kilsələr təmir etməyə milyonlar tapırsız, özünüzü və balalarınızı reklam məqsədilə milyonları əhəmiyyətsiz tədbirlərə xərcləyirsiz, cinayətlərinizi ört-basdır etmək üçün xarici təşkilatlara, nümayəndələrə ətək-ətək rüşvət paylayırsız, Vətən uğrunda canını itirənlərə 28 min manat tapmırsız?! Sizlər fərari həyatı keçirəndə 15 yaşlı Elnur Vətən uğrunda canını verirdi. Indi heç olmasa, bu Vətəndən oğurladığınız milyardlardan, bu Vətən üçün əlil olmuşlara mində birini xərcləyin. Fəzaillər, siyavuşlar, zahidlər, mübarizlər, ibrahimlər, haradasınız? Yoxsa lal-kar olmusunuz?! Əgər elə deyilsə, bir dəfə də bu barədə danışın, bəlkə Allah günahlarınızın bir hissəsini bağışlaya.
Bir daha təkrar edirəm: Allahdan qorxun!!!
P.S. Almaniyanın Münhen şəhərində olarkən orada çoxlu sayda “Çavuşoğlu” adlı supermarketlər gördüm. Bu mağazaların Avropa Şurasından olan Çavuşoğluya aid olub-olmamasını soruşduqda bəlli oldu ki, məhz onlarındır. Özü də bu tayfa son 5 ildə xüsusilə zənginləşib. Dərhal fikirləşdim, görən bizim hakimiyyətin köməkliyi olubmu?!



