«Azərbaycanda sistemi dəyişmədən, vəzifədəkiləri dəyişmək bir nəticə verməyəcək»
Vidadi Mirkamal: «Fahişəliyi leqallaşdırmaqdansa, öncə onu yaradan səbəblərə qarşı mübarizə aparmaq lazımdır»
ABŞ Dövlət Departamenti son hesabatında Azərbaycan hakimiyyətini növbəti dəfə sərt tənqd edib. Yürüdülən daxili siyasətin çatışmayan cəhətləri, insan haqlarının durumu, məhkmə sisteminin işlək olmamasının altı cızılıb. Bəs son hesabatı Ictimai Palata necə qiymətləndirir? Bu və başqa sualları IP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamala ünvanladıq:
– Yalnız ABŞ Dövlət Departamenti deyil, digər nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanda sərbəst toplaşmaq, ifadə azadlığının pozulduğunu vurğulayıblar. Sadəcə olaraq Azərbaycan iqtidarı baş verənlərin fonunda özünü həm narahat, həm də arxayın aparır. Azərbaycan iqtidarı ona görə narahatdır ki, bu cür hesabatların onun beynəlxalq aləmdəki mövqeyini laxlatdığını, onun barəsində mənfi imic yaratdığını başa düşür. Azərbaycan iqtidarı bu imici isə xalqdan oğurladığı milyardlar hesabına formalaşdırıb.
Ikinci bir tərəfdən isə hakimiyyət bütün bu sərt tənqidlərə baxmayaraq özünə arxayın göstərir. Bunun da səbəbi kifayət qədər sərt beynəlxalq tənqidlərə baxmayaraq hakimiyyətə qarşı sanksiyaların tətbiq edilməməsidir. Buna sübut olaraq Ştrasserin AŞ PA-dakı son hesabatının qəbul olunmamasından sonra hakimiyyətin demokratik düşərgəyə qarşı nümayiş etdirdiyi mövqeyi göstərmək olar. Məhz bu dinləmələrdən sonra Ilqar Məmmədov, Tofiq Yaqublu həbs olundular.
Yəni konkret olaraq beynəlxalq təşkilatlar Azərbaycana sanksiyalar tətbiq etməyincə, sərt bəyanatlar sadəcə kağız üzərində qalacaq. Azərbaycana insan haqları, demokratiya ilə bağlı kifayət qədər sərt bəyanatların verilməsinə baxmayaraq iqtidar bu problemlərin çözülməsi istiqamətində hələ ki, addım atmaq niyyətində deyil. Ictimai Palata olaraq Dövlət Departamentinin və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan reallıqları ilə bağlı hesabtalarını dəstəkləyir və onları yüksək qiymətləndiririk. Biz ölkə vətəndaşı olaraq daxildə baş verənləri gözəl anlayırıq. Ictimai Palata olaraq hakimiyyətin atdığı addımları dəfələrlə dinləmələrə çıxararaq onları müzakirə etmişik. Biz bu məlumatların ictimailəşdirmişik. Bu məlumatları xalqın diqqətini çatdırmaq bizim vəzifəmizdir.
– Bir çox ekspertlər vurğulayır ki, əslində Azərbaycanda baş verənlərə beynəlxalq təşkilatların reaksiyası daxildə cəmiyyətin aktivliyinin hansı səviyyədə olmasından asılı olacaq. Toplum baş verənlərə sərt reaksiyasını nümayiş etdirəcəksə, buna beynəlxalq aləmin də reaksiysı adekvat olacaq. Bu baxımdan necə düşünürsünüz, Azərbaycan cəmiyyəti ölkədə zəruri olan dəyişikliklərə hazırdırmı?
– Bəli, Azərbaycan xalqı bu dəyişikliklərə hazırdır. Artıq ölkəni qapalı vəziyyətdə saxlamaq mümkün deyil. Informasiya almaq və paylaşmaq, ona rəy bildirmək hazırda xeyli asanlaşıb. Azərbaycandan kənardakı demokratik dövlətlər barədə ətraflı məlumat almaq hazırda çox asandır. Sadəcə olaraq hakimiyyət o qədər sərt siyasət yürüdüb ki, insanlarda gələcəyə inam itib. Vətəndaşlar gündə məmurlarla üzləşir, rüşvət müqabilində problemlərinin həlli ilə qarşılaşırlar. Hazırda çatışmayan cəhətlərdən biri xalqın qarşısına keçə biləcək demokratik düşərgənin vahid qüvvəsi yoxdur. Bu mənada xalq bir az məysudur. Müxalifət partiyalarının sıralarında repressiya uğrayan, həbs olunan kifayət qədər üzvlər var. Amma bu qüvvələr dəyişiklik üçün kifayət deyil. Ölkədə zəruri olan dəyişikliklərin baş verməsi üçün demokratik qüvvələrin daha geniş birliyinə nail olmaq gərəkdir. Xalq görsə ki, onu uğurlu gələcəyə apara bilən, qarşısına keçəcək qüvvə var, ona inanacaq.
– Müxalifətin birliyi istiqamətindəki danışıqlar nə yerdədir? Ictimai Palata hansı addımları atır?
– Ölkənin gələcəyinə biganə olmayan hər bir partiya sədri, ziyalı anlayır ki, bu birlik olmalıdır. Sadəcə olaraq bu birliyə əngəl olan bir sıra səbəblər var. Birinci növbədə bu səbəblər sırasında müxalifətin hələ ki, pərakəndə formada olması durur. Ictimai Palatada təmsil olunan təşkilatlar az çox nəyəsə qadirdir. Amma aparılan bu mübarizə iqtidarı tarixin arxivinə göndərməyə kifayət etmir. Iqtidarla mübarizəyə daha böyük qüvvələr cəlb olunmalıdır. Bunun üçünsə üzdə olan real müxalifət qüvvələri sıx əməkdaşlıq etməlidir. Hazırkı müxalifətin vəziyyəti 2013-də dəyişiklik etməyə qadir deyil. Daha böyük birliyin yaranmasına ehtiyac var. Bu istiqamətdə biz də memarandum ortaya qoymuşuq, Rüstəm Ibrahimbəyovun da ideyaları var. Amma yaxşı ideyanı irəli sürmək hələ onu həyata keçirmək demək deyil. Ən yaxşı ideya ətrafında insanları toplaya biləcək ideyalardır.
– Başqa vaxtı müxalifəti gücsüzlükdə ittiham edən hakimiyyət hazırda regionlarda müşavirələrin keçirilməsinə imkan vermir. Sabirabad da AXCP-nin müşavirə keçirmə cəhdinin qarşısı zorakılıqla alınıb. Hakimiyyətdəki bu təlaş, narahatlıq nədən qaynaqlanır?
– Bu göstərir ki, hakimiyyət hansı cinayətlərə yol verdiyini gözəl bilir. Hakimiyyət bilir ki, insanlar bir araya toplaşsa, haqlarını tələb etməyə başlasalar, bu iqtidar üçün heç də yaxşı bitməyəcək. Ona görə hakimiyyət bu cür qabaqlayıcı addımlar atır. Ona görə də AXCP-nin regionlarda təşkil etdiyi tədbirlərə qarşı bu cür metodlarla mübarizə aparır. Hakimiyyət qorxur, çəkinir.
İqtidar özünün əxlaqı ilə danışır
– Bir neçə gün Milli Məclisin toplantısında YAP-çı deputat Siyavuş Novruzov fahişəliyin leqallaşdırılması təklifi ilə çıxış edib. Deputatın bu təklifi sərt reaksiyaya səbəb olub. Azərbaycanın müsəlman ölkəsi olduğunu və mentaliteti nəzərə alsaq, bu təklifi necə dəyərləndirirsiniz?
– Birinci ondan başlamaq lazımdır ki, bu hakimiyyətin dövründə ölkədə kifayət qədər əxlaqsız mühüt formalaşdırılıb. Fahişəliyi leqallaşdırmaqdansa, öncə onu yaradan səbəblərə qarşı mübarizə aparmaq lazımdır. Hakimiyyət iyirmi il ərzində insanların maddi durumunu ağırlaşdırıb. Ölkəyə əvvəlki illərlə müqayisədə daha çox pul kütləsinin gəlməsinə baxmayaraq, bu vəsait sadə vətəndaşalara çatmır. Əslinə qalanda fahişəliyi doğuran səbəblərin əsasında maddi durumun ağırlığı və iqtisadi çətinlik durur. Hakimiyyət bunun qarşısını almalıdır. Hakimiyyət insanlara daha çox sosail müavinat verməli, əmək haqlarını artırmalı, əlavə real iş yerləri açılmalıdır. Bu işləri görmək əvəzinə bunlar başlayıblar fahişəliyin leqallaşdırılmağından danışmağa. Digər tərəfdən, tamamilə doğurudur, Azərbaycan müsəlman dövlətidir. Bu baxımdan ölkədə fahişəliyin leqallaşdırılması sonra çox ağır nəticələrə səbəb ola bilər. Məsələn, dünyanın ən az yaşlı fahişələri Cənub Şərqi Asya ölkələrindədir. Onların yaşı 13-14-dür. Kim zəmanət verə bilər ki, fahişəlik ölkəmizdə leqallaşarsa Azərbaycanın az yaşlı qızları bu yola sürüklənməyəcəklər. Bu iqtidar özünün əxlaqı ilə danışır. Ona görə düşünürəm ki, bu addım Azərbaycan mühiti, mentaliteti üçün yad olan bir şeydir.
Bu qərarın qəbulu Azərbaycanın həm beynəlxalq imicinə, həm də mənəviyyatına çox böyük zərbə vura bilər.
– Hakimiyyətin son kadr dəyişikliyi təhsil naziri Misir Mərdanovun əvəzlənməsi oldu. Sizcə, bu qərar təhsil sistemimizdə ciddi dəyişikliklərə gətirib çıxara biləcəkmi?
– Toplananların yerini dəyişəndə cəm dəyişmir. Digər tərəfdən Azərbaycanda yüzə yaxın nazirlik və müxtəlif komitələr var. Bir-iki nəfərin əvəz olunması ciddi dəyişiklik yarada bilməz. Ona görə sistem dəyişməlidir. Azərbaycanda sistemi dəyişmədən, yalnız vəzifədəki insanları dəyişmək bir nəticə verməyəcək. Ab-havanı bu cür dəyişmək mümkün deyil. Çünki bu sistem korrupsiya və rüşvətə arxalanan tam fərqli idarə formasıdır. Kimin gəlməsindən asılı olmayaraq rejimin oyun qaydalarına tabe olmayan şəxs burada işləyə bilməz. Hətta 5 nazirin yeri belə dəyişərsə, bu ciddi dəyişikliklərə aparmayacaq.
“Azadlıq” insanların inandığı qəzetdir
– Müxalifətin mətbuatda çox az tribunaları var. Hazırda həmin tribunalardan “Azadlıq” və “Yeni Müsavat” qəzeti ciddi təzyiqlərlə qarşılaşıb. Qəzetlərin külli miqdarda cərimələnməsi onların fəaliyyətinə ciddi təhdidlər yaradıb. Hakimiyyətin seçki öncəsi bu sərt siyasətini necə dəyərləndirmək olar? Bu siyasət hakimiyyət üçün nə vəd edir?
– Cəmiyyətdə qaynayan problemlər hər hansı bir formada ortaya çıxmalıdır. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri insanların inandığı mətbu orqanlarıdır. Bu qəzetlərdə hakimiyyətin yürütdüyü siyasət tam çılpaqlığı ilə üzə çıxır. Baş verənlər əslində bir zəlzələ effektidir. Hardakı iki-üç bal gücündə tez-tez zəlzələr baş verir yerlərdə dağınıq çox olmur. Amma hardakı zəlzələ gözlənilir, amma uzun müddət baş vermir, zəlzələ nəticəsində böyük dağınıqlıqlar baş verir. Insanların narazılığını da bu qəzetlər müəyyən dərəcədə ala bilirlər. Onlar vasitəsilə narazılıq ortaya çıxır. Ona görə həmin qəzetlərin dayandırılması daha böyük fəlakətlərə apara bilər. Bu mənada hakimiyyətin başındakı adamların ağlı olsa, anlayarlar ki, azad sözün bu dərəcədə sıxışdırılması onların öz sonunu yaxınlaşdırır.
Azərbaycanda narazı elektoratın ümidlə baxdığı iki qəzet var. Hakimiyyətin bu qəzetlərə qarşı total hücumu, onların fəaliyyətinin məhdudlaşdırılması, maliyyə durumunu çətinləşdirməsi mətbuata qarşı total hücumlardır. Bu heç bir fayda verməyəcək. Etirazı bu yol ilə məhdudlaşdırmaq olmaz. Digər bir tərəfdən guya Azərbaycan Avropaya inteqrasiya olunur. Amma məmurlar haqqında məlumatların verilməsinin qarşısını almağa çalışırlar. Halbuki həmin şəxslərin fəaliyyətinin işıqlandırılamsı, məlumatın verilməsi cəmiyyətin maraqlarına uyğundur. Həmin şəxslərin bu mənada mətbuata qarşı hücumu hüquqa tüpürməkdir. Ona görə difomasiya haqqında qanunun qəbulu mütləqdir. Bu qanun qəbul olunan kimi o icraya yönəlməlidir və qəzetləri bu cür durumlarla üzləşməkdən qorumaq lazımdır.
– Elşad Abdullayevin yayımladığı videolar hələ də gündəmdə qalmaqdadır. Hakimiyyət əvvəl cəmiyyəti sakitləşdirmək üçün Müstəqil Istintaq Komissiyası yaratdı, Gülər Əhmədova həbs olundu. Hazırda isə komissiyanın fəaliyyəti daha çox Elşad Abdullayevin özünə qarşı yönəlib. Bu gözlənilən idimi?
– Mən bu hadisələr baş verəndə hələ bildirmişdim ki, bu sistemin cinayətidir. Elşad Abdullayevin açıqladığı videolardakı məlumatların hamısı cəmiyyətə məlum idi. Sadəcə olaraq Elşad Abdullayev konkret sənədlərlə hakimiyyətin korrupsiya cinayətlərini ortaya qoyub. Amma söhbət ondan gedir ki, Elşad Abdullayevin açıqladığı videolarda konkret adlar açıqlanır və bu adları çəkilənlər ölkəni idarə edən şəxslərdir. Amma nə qədər bu sistem dəyişməyib, Elşad Abdullayevin açıqladığı şəxslərə qarşı tədbir görülə bilməz. Çünki bu şəxslər birbaşa hüquq-mühafizə orqanlarına təsir imkanına sahib şəxslərdir. Ona görə bu cinayətlərin hazırda açılması mümkün deyil. Bu şəxslər özlərini müdafiə etmək üçün öncə xırda addımlar atdılar. Amma hazırda Elşad Abdullayevin özünü hədəfə götürüblər.
Xəyal



