Siyavuş Novruzov YAP-ı heç elədi

Bunun fərqinə varan deputat fahişəliyin leqallaşması barədə təklifini danmaq məcburiyyətində qalıb

YAP-çı deputat Siyavuş Novruzov fahişəliyin leqallaşması barədə təklifinın arxasından qaçır. Deputat Milli Məclisdə səsləndirdiyi bu təklifi media qurumlarına zəng edərək fikirlərinin yanlış anlaşıldığını iddia edir. Siyavuş Novruzovun belə bir zəngi “Yeni Müsavat” qəzetinə də olub. YAP-çı deputat “Parlamentin son iclasında səsləndirdiyim fikirlər mətbuatda düzgün anlaşılmayıb” deyərək əlavə edib:
“Mən insan alverinə qarşı mübarizənin sərtləşdirilməsi barədə dəyişikliklərin müzakirəsi zamanı cəzaları sərtləşdirməkdənsə bu bəladan yaxa qurtarmağın digər yollarını aramağın tərəfdarı olduğumu bildirdim. Dedim fahişəliyə görə nə qədər ağır maddə qoysaq, neçə il cəza müəyyənləşdirsək, cəriməni nə qədər yüksəltsək də bu işlə məşğul olanlar yenə də öz işində olacaq. Dedim cəriməni qaldırdıqca onlar da öz ”stavka”larını qaldıracaq. Bu da faktdır ki, son illər Orta Asiya, Rusiya, Belarus, hətta Filippindən insan alveri ilə məşğul olanların da Azərbaycana axını başlayıb. Hətta Ziyafət Əsgərov “siz özünüz milli-mənəvi dəyərlərdən danışırsınız, amma sonra da bunun leqallaşdırılmasını istəyirsinizmi” deyə sual edəndə bir daha dedim ki, leqallaşdırmanın tərəfdarı deyiləm, sadəcə dünya praktikasının tətbiq olunmasını istəyirəm”.
Siyavuş Novruzov bu mövzu ilə bağlı Lent.az-ın suallarına cavabında isə bildirib: “Qanunlar nə qədər sərtləşsə, fahişəliyin qurbanları da bir o qədər əziyyət çəkəcək. Burada 5-6 nəfər cibini dolduracaq. Özü də fahişəliyə cəlb edilənlə onu cəlb edənin cəriməsi eynidir. Bunun biri qurban, digər isə onu fahişəliyə cəlb edəndir. Bunlar tamam başqa-başqa məsələlərdir. Söhbət fahişəliyin leqallaşmasından getmir, bunun mexanizmi tapılmalıdır. Əgər cəmiyyətdə belə problem varsa, o, həll olunmalıdır. Bunun qarşısını cəza, cərimənin miqdarını artırmaqla, ictimai işə cəlb etməklə almaq mümkün deyil. Öz vətəndaşlarımıza bunu tətbiq etdik, axı xaricdən də bu məqsədlə Azərbaycana çoxlu sayda insan gəlir. Qlobal yanaşma tərzini kənara qoyub sensasiya dalınca qaçaırlar… Tutaq ki, Iranda bunun yolu siğədir”.
Xatırladaq ki, Siyavuş Novruzov Milli Məclisdə fahişəliyin leqallaşması barədə bunları demişdi: “Indi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Indi hamı milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləməyə başlayacaq. Ancaq fahişəliyin leqallaşması bir çox problemlərin qarşısını alacaq. Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”.
YAP-çı deputatın bu təklifi ictimaiyyət tərəfindən ciddi qınaqla qarşılanmışdı. Sosial şəbəkələrdə Siyavuş Novruzov, onun mənsub olduğu partiyanın ünvanına müxtəlif ittihamlar səsləndirilmişdi. Daha doğrusu, hər kəs YAP-çı deputatı və hakim partiyanı lənətləmişdi. Qısası, Siyavuş Novruzov bir təklifi ilə 20 ildə YAP-a vurulmayan zərbəni vurmuşdu.
Görünür, təklifə olan reaksiyalardan sonra YAP-çı deputat özü də, hakimiyyət də bunun fərqinə varıb. Ona görə Siyavuş Novruzov vəziyyətdən çıxmaq üçün təklifini danmaq məcburiyyətində qalıb.

Azad