Yeni nazir nə etməli?

Təhsil sahəsində islahatları necə və kiminlə həyata keçirmək barədə…

Misir Mərdanov təhsil naziri postundan istefaya göndərildi. Yerinə Mikayıl Cabbarov təyin edildi… Bu təyinata ən müxtəlif münasibətlər bildirildi. Bir çoxları yeni nazirin də hazırkı siyasi sistemin qaydalarına uyğun işləmək məcburiyyətində olduğunu, onun islahatlar həyata keçirmək imkanının olmadığını bildirsələr də, bu təyinatın pozitiv bir addım olduğunu, bir çox problemləri həll edəcəyini iddia edənlər də tapıldı.
Azərbaycanda təhsilin hansı əsaslı problemləri var? Yeni nazir islahatlar həyata keçirmək istəsə, haradan və necə başlamalıdır? Bu istiqamətdə bəzi təsvir və təklifləri yazmaqla, pozitiv gözləntidə olan dostlarımıza və yeni nazirə dəstək vermək istədim. Yox, əgər görsək ki, bu təyinat da əvvəllər olduğu kimi, sadəcə, imzalanmasıyla hadisə oldu, əvvəlki kurs “layiqli” davamçısının əlindədir, o zaman “ağa durur, ağacan durur” – biz də sözümüzü deyəcəyik.

Təhsil strategiyamız yoxdur

İlk növbədə Azərbaycanda təhsilin strateji hədəfləri müəyyən olunmalıdır. Məktəbəqədər, orta, orta ixtisas, natamam ali  və ali məktəblərin hədəfləri müəyyən olunmalıdır. Təhsil sistemimizin alayarımçıq və calaq (baloniya və keçmiş SSR) sistemlərdən arınaraq, tam bir istiqamət seçməsi üçün qısa zamanda addımlar atılmalıdır. Öyrənənlər və öyrədənlər üçün proses son dərəcə sadələşdirilməlidir. Bunun üçün bir neçə suala həmin strateji konsepsiyada cavab tapılmalıdır. Məsələn:

Azərbaycanda təhsilin məqsədi nədir?

Elmi yeniliklərin sifarişçisi kimdir? Dövlətdirsə, onun sifarişləri dəqiqləşməli, qeyri-dövlət orqanlarıdırsa, elmi-tədqiqat institutları inzibati idarəetmənin əlindən alınmalı və tender üsulu ilə işləməyə başlamalıdır.
Elmi tədqiqatların məqsədi nədir və ondan harada, necə istifadə olunur? Olunmursa, bu bizim yeni təhsil konsepsiyamızda aydınlaşdırılmalı, bu cür mərkəzlərin taleyinə aydınlıq gətirilməlidir.

İdarəçilik və maarifçilik

Azərbaycanda təhsil sisteminin bəlalarından biri və demək olar ki, birincisi, eyni adamların həm müəllim, həm də idarəçi olmaq imkanlarıdır. Bu, təhsilin keyfiyyətinə olduqca mənfi təsir edir. Inzibati aparatda yüksəlmək istəyən müəllimlər üçün elmi-pedaqoji fəaliyyət olduqca  maraqsız olur. Çünki inzibati aparatda yüksələnlər rahatlıqla elmi titullar ala bilirlər. Buna görə də ilk addımlardan biri idarəçiliklə maarifçiliyi bir birindən ayırmaq ola bilər.
Fundamental idarəçilik islahatları isə idarəçilərin valideynlər şurası tərəfindən seçilməsi ola bilər. Bu, təhsildə maraqlı tərəfin nəzarət imkanını gücləndirər və inkişafın daimi stimulu ola bilər.

İlk növbədə rifah

Azərbaycanda bütün pillələr üzrə təhsil ocaqlarında müəllimlərin işlərinə uyğun maaş almadıqları faktdır. Bu da nəticə etibarilə işin təşkilinə və təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Buna görə də orta məktəblərdə oxuyan yeniyetmələr repititor yanına getməyə məcbur olurlar. Nəticədə məktəb funksional əhəmiyyətini itirir və sadəcə, ali məktəbə qəbul üçün arayış tipli sənədlər hazırlayan büroya çevrilir. Ölkənin ən müxtəlif bölgələrində ev və digər kommunal çatışmazlıqlardan, infrastrukturun yoxluğundan, maaşsızlıqdan əhəmiyyətli ixtisaslar üzrə müəllimlər çatışmır. Bunun da qarşısını almaq üçün regionlarla bağlı xüsusi rifah indeksi müəyyənləşməli, ucqarlarda işləmək üçün gənc müəllimlər stimullaşdırılmalıdır. Müəllimlər üçün xüsusi imtiyazlar müəyyən edilməli, dövlət sığortası ilə təmin edilməli, səhiyyə xidməti tam pulsuz olmalıdır. Universitetlərdə müəllimlər üçün maaş həddi elə müəyyənləşməlidir ki, onlar bir neçə yerdə işləməyə və ya korrupsiyaya bulaşmağa məcbur qalmasınlar. Əvəzində öz üzərlərində işləsinlər, yeni axtarışlara vaxt ayırsınlar, elmin inkişafına töhfə versinlər.
Bütün bu sadaladıqlarımız eyni zamanda, məktəbəqədər təhsil işçilərinə də aid edilməlidir. Onların fok qrupları daha həssas olduqlarından əmək çətinlikləri də diqqətdə saxlanmalıdır.
Yalnız bütün bunlardan sonra islahatların növbəti mərhələsindən danışmaq olar.

Yenidənqurmanın yeni şərtləri

Bütün pillələr üzrə maddi-texniki baza yenidən qurulmalıdır. Laborator biliklər tələb edən ixtisasların inkişafı üçün avadanlıqlar qurulmalı, orta məktəblərlə universitetlər arasında uçurum fərqi aradan qalxmalıdır. Uyğun olaraq, universitetlərin laboratoriyaları bərpa edilməli, yenilənməlidir. Çünki hazırda sıradan çıxmayan bir sıra laboratoriyalar belə, demək olar ki, müasir elmi-tədqiqatın 40-50 il gerisində qalıb. Bununla dünya elminə heç bir töhfə vermək, müasirlərlə ayaqlaşmaq, yeniliyə nail olmaq mümkün deyil. Humanitar və texniki olmaq üzrə universitetlərin ya profilləri ayrılmalı, ya da əlavə fənn seçimləri tamamilə tələbələrin ixtiyarına verilməlidir.

Məktəbəqədər (uşaq bağçaları) təhsili nə etməli?

Uşaq bağçaları Bakı şəhər Icra Hakimiyyətinin tabeliyindən alınıb, yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır. Həmçinin uşaq bağçaları stimullaşmalı, məktəbəqədər təhsil ümumi təhsil sisteminin əsas ilk addımı kimi nəzərdə tutulmalıdır. Istər intellektual, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından uşaq bağçaları bütün təhsilin açarı hesab edilməlidir. Dövlət, bu istiqaməti strateji olaraq, öz nəzarətinə götürməli, amma ictimai nəzarət üçün də qanuni imkanlar yaradılmalıdır.

Dərsliklər dəyişilməlidir

Azərbaycanda nəinki ideoloji, hətta texniki tərtibat və yazı xətaları baxımından da dərsliklərlə bağlı vəziyyət xeyli acınacaqlıdır. Ibtidai siniflər üçün yazılan dərsliklər anlaşıqlı deyil. Bəzən kitabda bəhs edilən mövzu müəllimlərin özlərinə də aydın olmur. Buna görə də dərsliklər bütün pillələrdən ibarət müəllimlərin iştirakı ilə yaradılan komissiyalar tərəfindən yenidən işlənməlidir. Bir neçə ildən sonra komissiyanın tərkibi və dərsliklər yenilənməlidir. Yenilənmə müasir elmi-pedaqoji nailiyyətləri  dərsliklərə salmaq üçün nəzərdə tutulmalıdır. Bu, faktdır ki, Azərbaycanda bir çox ixtisaslar üzrə müasir bilik dedikdə 70-80-ci illərin elmi nailiyyətləri nəzərdə tutulur.

Müəllimlər test edilməlidir

Bu islahatların başlıca addımlarından biri də müəllimlərin test edilməsidir. Yeni imtiyazlar müəyyən faiz də olsa, təsadüfi adamların bu sahəyə meylini artıra bilər. Habelə, bu günə kimi olan nəzarətsizlikdən təhsil sisteminə xeyli sayda uyğun olmayan şəxslər girə biliblər. Bütün bunları aradan qaldırmaq üçün daimi attestasiya sisteminin fəaliyyət göstərməsi şərtdir. Bu model Türkiyədə çox mükəmməl işləyir.   Hətta təyinatlarda da bölgələri püşkatma ilə müəyyən etmək sistemi şəffaflaşdıra bilər.

İslahatlar kiminlə aparılmalıdır?

Yeni nazir mütləq nailiyyətlər əldə etmək istəyirsə, özünün yeni islahatçı komandasını qurmalıdır. Bu komandada Azərbaycanda Qərbdə təhsil alan reputasiyalı gənclər, Azərbaycanda ictimai etimadı itirməmiş tanınmış alimlər yer almalıdır. Islahatları həyata keçirmək üçün təkcə inzibati resursların kifayət etməyəcəyi hər kəsə bəllidir. Buna görə də Təhsil Nazirliyi yanında “Islahatlar Şurası” yaratmaqla bir çox nüfuzlu ictimai xadimlərin və elm adamlarının dəstəyindən yararlanmaq, təkliflərini dinləmək imkanı yaratmaq olar. Belə olan halda, cəmiyyətin bütün təbəqələrinin cəlb edildiyi islahatların qarşısını almaq da buna mane olmaq istəyən qüvvələr üçün çətinləşər.
Bütün bunlar həyata keçərsə, təbii ki, ölkədə gələcəyə və islahatlar yolu ilə inkişafa inam daha da artar. Başa düşürük ki, bu sadaladıqlarımızın reallaşması təkcə nazirdən deyil, həm də onun təyinatını həyata keçirən siyasi iradədən asılıdır.