
Yaxın Şərq səfərində olan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 21-də fələstinli həmkarı Riad al-Maliki ilə görüşüb. XİN-in mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, Elmar Məmmədyarov regionda sülhün tezliklə bərqərar olmasının tərəfdarı olduğunu vurğulayaraq Azərbaycanın Fələstinə dəstəyini davam etdirəcəyini deyib. Nazir Azərbaycanın iki dövlət prinsipini dəstəklədiyini, Fələstinin beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olmağa haqqı olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən nazir Azərbaycanın sürətlə gücləndiyini və inkişaf etdiyini deyib və gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayıb.
Elmar Məmmədyarov Fələstinin baş naziri Salam Fayadla da bir araya gəlib.
Bu gün isə Elmar Məmmədyarov İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Libermanla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə müzakirələr aparılıb. Elmar Məmmədyarov münaqişənin ədalətli həllinə nail olunacağına əminliyini dilə gətirib. O, beynəlxalq ictimaiyyətin status kvonun dəyişdirilməsi zəruriliyini, status kvonun dəyişməz qalmasının regionun inkişafına əngəl törətdiyini dərk etdiyini bildirib. Görüşdə Yaxın Şərqdə gedən proseslər də diqqət mərkəzində olub. Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü kimi Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini qeyd edib. Azərbaycanın xarici işlər naziri ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verib.
Aviqdor Liberman Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu, bunun nəticəsində ölkəmizin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini söyləyib. İsrail rəsmisi bir çox sahələrdə ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Turizm və parlamentlərarası münasibətlərin perspektivləri müzakirə olunub. Aviqdor Liberman Azərbaycanın regionun inkişafında rolunu xüsusi vurğulayıb.


