Birləşmə prosesi ərəfəsində rahatlıq dolu suallar

Bir anlığa diqqət Milli Şura ilə bağlı mətbuatda səslənən fikirlərə yönəldi. Orta statistik azərbaycanlı üçün məsələ bir o qədər də maraq kəsb etməsə də, təhlilçilər, reportyorlar bir neçə günlük mövzu problemini həll etdilər. Elə siyasətçilər də özləri haqda cəmiyyətin “Vacib iş görürlər!” deyəcyini düşünərək əvvəlkindən bir az da ciddi görkəm aldılar. 
Qərəz, indi bu proses artıq mediaya vəsiqə alıb, güman ki, hələ uzun müddət gündəmdə qalacaq. Bizim işimiz isə daha çətindir, bir var, prosesi təsvir edəsən, bir də var ki, onunla bağlı vacib məqamları araşdırasan.
Milli Şura deyilən prosesi biz necə təsəvvür edirik? Onun yaranışında hansı detallar daha çox üstünlük təşkil edir? O, hansı problemləri həll etməyi nəzərdə tutur?
Ilk ağla gələn lənətlənmiş vahid namizəd məsələsidir. Amma burada maraqlı bir məqam var. Mən əminəm ki, Şura yaranacı təqdirdə Ictimai Palata onun nüvəsini təşkil edəcək, çünki ölkədə başqa bir güclü müxalifət hərəkatı yoxdur. Yeni yaranan bəzi təşkilatlar özlərini “hərəkat” adlandırsalar da işdən xəbərdar olan insanlar buna yalnız gülürlər. Beş-on nəfərlə hərəkat olurmu? Nə isə. Qayıdaq mətləbə.
Bəlli olduğu kimi, Ictimai Palata çərçivəsində vahid namizəd məsələsini həll etmək mümkün olmadı. Çox təəssüf! Təminat varmı ki, bu problemi onun bir qədər genişləndirilmiş formatında – Milli Şurada həll etmək mümkün olacaq? Belə bir təminat yoxdur. Üstəlik, Ictimai Palatanın iki iddialı lideri böyük ehtimalla elə Milli Şurada da əsas siyasi vektorlar olacaqlar. Onlar isə bir-birinə güzəşt edəcək şəxslər kimi görünmürlər.
Bundan başqa, belə fikirlər səslənir ki, hələ bir neçə il bundan əvvəl siyasi müxalifəti bir araya gətirmək üçün cəhd edilmişdi. O vaxt bu, baş tutmadı. Səbəb? Heç kim keçid dövrünün ağırlığını çiyinlərinə götürmək və prosesi aparmaq məsuliyyətini qəbul etmədi. Söhbət nədən gedir?
Səhv etmirəmsə, indi də belə bir müddəa irəli sürülür ki, müxalifətin seçkidə qalib gələcəyi təqdirdə qısamüddətli keçid dövrü müəyyən olunsun. Bundan sonra yeni konstitusiya qəbul edilsin və təzədən seçki keçirilsin. Sual yaranır. Əgər bir müddət bundan əvvəl belə bir siyasi tezislər qəbul olunmadısa, haradan təminat var ki, onlar indi qəbul ediləcək? Axı heç nə dəyişməyib, həmin ölkədir, həmin adamlardır!
Lap tutaq ki, Milli Şura yarandı. Hamı öz adamlarını ora daxil etdi. Bəs vahid namizəd hansı mexanizmlə müəyyən ediləcək? Bununla bağlı da yalnız dumanlı təsəvvürlər var. Ilahi, bu vaxta qədər vahid namizədi müəyyən etmək üçün nə qədər cəhd olub? Nə qədər formul təklif olunub?
Xüsusən də nəzərə almaq lazımdır ki, Milli Şurada olacaq çox əhəmiyyətli siyasi vektorlardan biri vahid namizəd məsələsinin tamamilə əleyhinədir. Şura onu fikrindən döndərə biləcəkmi?
Inanmıram. Həmin siyasi vektor yalnız bir halda vahid namizəd məsələsinə “hə” deyə bilər – bu namizəd onun özü olsa!
Ona görə də Milli Şura hələ yaranmamışdan əvvəl problemli görünür. Indi mən bircə anlığa bu vaxta qədər müxalifətin yaratdığı böyük birlikləri yada salmaq istəyirəm. Necə oldu onlar? Bir şey edə bildilərmi?
O səbəbdən Şuraya sərf olunan vaxtı itirilmiş hesab edirəm. Təbii ki, onun gedişində iştirak etmək olar. Amma bununla birgə hamı öz işini görsə, daha yaxşı olar. Iş isə çoxdur. Nədən olsa da, işin azlığından gileylənməyə elə bir əsas yoxdur.
Təşkilatlanamaya aparan bütün resursları hərəkətə gətirmək lazımdır. Bir vaxt bəzi müxalifət liderləri ümumi işin maraqlarına rəğmən hər prosesdə öz rəqiblərini zəiflətməyə, onlardan qəlpələr qoparmağa çalışırdı. Bu yolla bir də gördük ki, həmin qüvvələr əsas müxalifət vektorlarına çevriliblər.
Ümumi iş, ortaq maraqlar – bunlar siyasətdə səmimi adamları buxovlamaq, onların əl-qolunu bağlamaq üçündür. Əslində heç kim öz maraqlarından bir addım olsa belə, geri çəkilmək niyyətində deyil.
Kiçik sözardı
Bəlkə də yazı müxalifətin başladığı böyük bir işə bir qədər kölgə gətirdi. Çox güman ki, bəzi oxucular belə düşünəcək.
Amma gözəl bir məsəl var, deyirlər ki, kölgələr günorta yox olur. Ona görə də işığa doğru gedin. Onda qaranlıqlardan qurtulacaqsınız…