Yaptokratlar mürtəce xarakterli yeni qanun qəbul etməyə hazırlaşırlar, bu qanun “Tarixi şəxsiyyətlərin qorunması” haqqında olmalıdır.
Cənablar, əvvəla, səmimi olmaq lazımdır: bu qanunun məhz bir nəfər üçün icad edildiyini niyə gizlədirsiniz?
Hər halda keçənlərdə “Gülər parlamenti”nin bəzi üzvlərinin “Ümummilli lider haqqında” qanun hazırlanmasını təklif etdiklərini unutmamışıq. O zaman bunun çox ağ olduğunu, çağdışı olduğunu, “şəxsiyyətə pərəstiş”in rəsmiləşməsi anlamına gəldiyini, tərəqqipərvər dünyada gülünc görünəcəyini anladılar yəqin ki, ona görə də mövzu açıldığı kimi qapandı.
Indi isə həmin təşəbbüsü “Tarixi şəxsiyyətlərin qorunması” haqqında qanun adı ilə bərpa edirlər.
Ikincisi: lap deyək ki, bu təşəbbüsün bir nəfərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur və hazırlanacaq o qanun tarixdə pis-yaxşı, iz qoymuş hər kəsə şamil ediləcək. Elə isə bu, yenə də çağdışı, mürtəce xarakterli bir addımdır. Söz, düşüncə azadlığına qəsddir. Fikir müxtəlifliklərini, mövqe ayrılıqlarını qətlə yetirməkdir. Itaətkarlığa zorlamaqdır, hər kəs haqqında hamını eyni cür düşünməyə məcbur etməkdir.
Üçüncüsü: hər bir tarixi şəxsiyyəti yaşadan, bütün zamanlarda var edən onlar ətrafında müzakirələrdir. Mübahisələrdir. Doğru, ya da yanlış olmasından asılı olmayaraq, haqlarında deyilənlər, yazılanlardır. Siz bunlara “tarixi şəxsiyyətləri qorumaq” adı ilə yasaq gətirəcəksinizsə, bu, əslində onların fiziki ölümündən sonra ikinci ölümü – mənəvi ölümü, mənəvi sonları olacaq. Onların unudulmasına, yaddaşlardan silinib getməsinə gətirib çıxaracaq. Yəni, qaş qayırmaq istəyərkən göz çıxarmış olacaqsınız.
Bu mürtəce təşəbbüs gerçəkləşərmi, gerçəkləşməzmi, bilmirəm.
Hər cür tənqidə, azadlığa, müxtəlifliyə dözümsüz bir sistemdən istənilən idbar addımı gözləməlisiniz.
Gerçəkləşərsə, təəccüblənməyə dəyməz: bu, irticanın Azərbaycanı çağın çox gerisinə götürmək, uyğarlıqdan qoparmaq, ibtidailiyə gömmək adına növbəti, artıq adətkarda olduğumuz rəzaləti olacaqdır.
Gerçəkləşməzsə, bu dəfə də sevinmək mənasızdır, çünki rəzalət onsuz da baş vermiş sayılır: 21-ci əsrdə “tarixi şəxsiyyətləri qorumaq” adı ilə insanlara söz, ifadə, fikir yasaqları gətirmək eşqinə düşməyin, bunu ağlının ucundan keçirməyin özü belə artıq utancvericidir, rüsvayçılıqdır.
Bu qafada adamlarla eyni havanı udub, eyni yerin üstünü, eyni göyün altını paylaşmaq insanı dəli edir.
Hələ üstəlik də onlar sizin ölkənizdə hakim gücü və zehniyyəti təmsil edirlərsə, vay halınıza!
Oxunmalı, oxudulmalı yazı
“Nəyə görə bizim valideynlərin qızların təhsilinə pul xərcləməyə canları çıxdığı halda, cehiz pulunu siçan deşiyindən də olsa, tapıb çıxarırlar? Səbəb çox sadədi. Ona görə ki, onlar bu qeyrət və namus rəmzindən bacardıqları qədər tez yaxa qurtarmağa çalışırlar. Yəni getsin, şərin-xatasın uzaq etsin bizdən. Namusu və qeyrəti qorumaq məsuliyyətini tez başqalarına ötürmək istəyirlər. ”Gedərsən ərə, orda nə istəyirsən geyinərsən, nə istəyirsən edərsən” – cümləsini bizim qızlar tez-tez eşidirlər. Bu zəmanədə qızların təhsilinin necə vacib olduğunu yazmağın özü ayıbdır. Zatən bunu hər bir şüurlu məxluq başa düşməlidi. Başa düşməlidir ki, qızlara cehiz yığmazdan əvvəl, onlara təhsil verilməlidi. Bütün imkanlar cehiz yığmağa yox, təhsilə yönəlməlidi…”
Bu cümlələr çağdaş Azərbaycanın ən dəyərli qələmlərindən Seymur Baycanın kultura.az saytındakı “Bacım” adlı yazısındandır (link burada: http://kultura.az/articles.php?item_id=20130418104134748&;sec_id=25).
Dəqiq təsbitlərlə zəngin, qiymətli fikirlərlə dolu, dönə-dönə oxunmalı, yalnız oxumaqla da kifayətlənməyib, ibrət götürülməli, dərs çıxarılmalı olan bu yazını hər kəsə tövsiyə edirəm.
Oxuyun, oxutdurun.
P.S. Fürsət bu fürsətkən bunu da yazım: bu gün Seymur bəyin doğum günüdür. Qutlu olsun, dəyərli dost, qələmin var olsun!

21-ci əsrdə bu nəyin qafasıdır?
•
•