
Partiya fəalının müşavirə keçirilən həyətinə basqın oldu; masalar sındırıldı, toplantı dağıdıldı, ev sahibləri zorakılıqla üzləşdi
Qəbələ və İsmayıllıda da partiyanın funksionerlərinin keçirdikləri görüşlər icra hakimiyyətlərini təşvişə saldı
Aprelin 20-də Sabirabadda AXCP-nin yerli şöbəsinin müşavirəsini polis vəhşiliklə dağıdıb. Müşavirə partiya fəallarından birinin həyətində təşkil olunub. Buna baxmayaraq, polislər fəalın həyətinə hücum çəkərək toplantını zorla dağıdıb.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədliov Facebook vasitəsilə xəbər yayıb ki, müşavirədən qabaq yerli polis 50 nəfərə qədər partiya üzvünü saxlayıb, bununla belə toplantıya 100-dən artıq fəal qatılıb. Tədbir başlayandan az sonra polsilər barbarcasına həyətə hücum çəkərək masaları aşırmağa və iştirakçıları həyətdən qovmağa başlayıb. Bu zaman toplantının keçirildiyi evin sahibi olan AXCP fəalı Sahib Rüstəmlinin kiçik nəvəsi və yaşlı anasına qarşı da kobudluq olub.
AXCP Sabirabad şöbəsinin sədri Sətdar Şahlarov hadisə barədə bunları bildirib: “100 dən yuxarı insan bu gün (dünən – red.) yığılaraq iclas keçirdik. Öncə biz müraciət elədik ki, yerlə təmin eləyin, sizin nümayəndələrinizdən də iclasda iştirak edə bilər. Biz dövlətçilik əleyhinə heç bir təbliğat aparmırıq. Ancaq onlar bizə hədə-qorxu gəldilər. Məni polis idarəsinə çağırdılar və dedilər ki, sizə iclas keçirməyə imkan verməyəcəyik. Konkret göstəriş var. Tədbiri dağıdacağıq, sizi həbs edəcəyik. Ancaq bu cür təzyiqlər bizi yolumuzdan döndərə bilməz, daha da təşkilatlanmış şəkildə mübarizəyə davam edəcəyik”.
Müşavirə polis basqını ilə yarımçıq kəsiləndən sonra Bakıdan gedən AXCP üzvləri geri qayıdarkən onların avtomobillərinin qarşısını öncədən öyrədilmiş adamlarla kəsərək xəsarət yetirməyə cəhd ediblər. .
Olaydan bir neçə saat sonra isə rayon icra hakimiyyəti məsuliyyəti rayon sakinlərinin üzərinə atmağa çalışıb. Guya cəbhəçilərlə toplantının keçirildiyi evin qonşuluğunda yaşayanlar və başqa sakinlər arasında insident olub. Məhz bundan sonra polis hadisə yerinə gərək olaya müdaxilə etməyə çalışıb.
Qeyd edək ki, bu cür olaylar birinci dəfə deyil baş verir. Bundan əvvəl də AXCP üzvləri Sabirabad və başqa rayonlarda iclas keçirmək istəyərkən rayon icra hakimiyyətinin nümayəndələri, polis və mülki geyimlilərinin hücumlarına məruz qalıblar.
“Bu cür idbar hücumlar qarşısında bir addım belə geri çəkilməyəcəyik”
AXCP Sabirabadda baş verən olayla bağlı bəyənat yayıb. Bəyanatda bildirilir ki, AXCP Sabirabad şöbəsi ölkə qanunlarına və partiyanın nizamnaməsinə uyğun olaraq növbəti müşavirəsini keçirmək istəyib. Müşavirəyə yer ayrılması üçün rayon şöbə rəhbərliyi yerli icra orqanlarına qabaqcadan müraciət edib. Ancaq müraciətə müsbət cavab verilməyib. Bundan sonra toplantının partiya fəallarından birinin həyətində keçirilməsi qərara alınıb. Müşavirəyə partiyanın mərkəzi rəhbərliyindən Ali Məclis sədri Həsən Kərimov, partiya sərdinin müavini Gözəl Bayramlı və mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da qatılıb. Müşavirə dinc məcrada başlayıb və öz axarında gedib. Lakin tədbir başlayandan təxminən 15 dəqiqə sonra aralarında mülki geyimlilərin də olduğu 100-ə yaxın polis əməkdaşı partiya fəalı Sahib Rüstəmlinin müşavirənin keçirildiyi evinə sözün həqiqi mənasında basqın edərək, tədbiri dağıdıb. Basqın zamanı polislər şəxsi əmlaka zərər vurub, toplantı iştirakçılarına, eləcə də ev sahibinin ailə üzvlərinə qarşı ciddi zorakılıq edib.
Polislərlə yanaşı Sahib Rüstəmlinin evinin qarşısına əksəriyyəti Icra Hakimiyyətinin kənd üzrə icra nümayəndələrindən ibarət olan xüsusi öyrədilmiş adamlar da gətirilib və onların vasitəsilə AXCP fəalları, o cümlədən partiyanın Bakıdan gedən rəhbər şəxsləri həqarətə məruz qoyulub.
Müşavirə polis basqını ilə yarımçıq kəsiləndən sonra Bakıdan gedən partiya rəhbərliyinə daxil olan şəxslər geri qayıdarkən yolda onların avtomobillərinin qarşısını öyrədilmiş adamlarla kəsərək, onlara xəsarət yetirməyə cəhd olub.
Hadisədən bir neçə saat sonra Sabirabad RIH özünün biabırçı əməlini gizlətmək üçün AXCP-yə qarşı böhtan xarakterli bəyanat yayaraq, məsuliyyəti rayon sakinlərinin üzərinə atmağa çalışıb – guya partiya fəalları və rəhbərliyinə daxil olan şəxslərlə toplantının keçirildiyi evin qonşuluğunda yaşayanlar və başqa sakinlər arasında insident olub.
AXCP Sabirabad RIH-in yalan söylədiyini bir daha vurğulayaraq, bəyan edir ki, baş verənlər öz opponentlərinin ən adi hüquqlarını belə tanımayan, onlara qarşı hədsiz aqressiv münasibət bəsləyən Azərbaycan hakimiyyətinin mahiyyətindən irəli gələn növbəti idbar hərəkətdir.
AXCP bildirir ki, Azərbaycan hakimiyyəti bu hərəkəti ilə ölkə qanunlarına və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əsla hörmət qoymadığını bir daha nümayiş etdirmiş oldu.
Baş verənlər hər şeydən əvvəl vətəndaşın mülkiyyətinə dövlət səviyyəsində basqındır və quldurluq əməlinə bərabər tutulmalıdır.
Partiya bu hadisəni ölkədə siyasi fəaliyyət azadlığının faktiki olmaması, dövlət qeydiyyatından keçmiş bir təşkilatın qeyri-rəsmi şəkildə “qanundan kənar” elan edilməsi kimi qiymətləndirir. AXCP bəyan edir ki, Azərbaycan hakimiyyəti, xüsusən prezident seçkiləri ilində ən adi partiya tədbirlərinə belə polis zorakılığından istifadə ilə imkan verməməklə nəinki azad və ədalətli, siyasi qüvvələr arasında rəqabət şəraitinin təmin edildiyi seçki keçirmək niyyətində olmadığını, üstəlik, ölkədə yaratdığı qeyri-rəsmi fövqəladə vəziyyəti qoruyub saxlamaq istədiyini nümayiş etdirir.
AXCP bildirir ki, Sabirabadda baş verən bu son hadisə partiyaya qarşı törədilən ilk belə hücum olmamaqla, Azərbaycan hakimiyyətinin seçkilərə necə hazırlaşdığını göstərir. Partiya bəyan edir ki, Sabirabad şöbəsinin müşavirəsinə polis basqını, eləcə də buna qədər qeydə alınan bu kimi hallar həm də hakimiyyətin siyasi cəhətdən özünü nə qədər gücsüz hiss etməsindən xəbər verir.
AXCP onu da bəyan edir ki, Azərbaycanın demokratikləşməsi uğrunda apardığı mübarizəni azacıq da olsa zəiflətməyəcək və hakimiyyətin bu cür idbar hücumları qarşısında bir addım belə geri çəkilməyəcək.
















Cəbhəçilər Qəbələ, Ismayıllı və Mingəçevirdə də görüşlər keçirdi
Bundan başqa, ötən gün AXCP rəhbərliyində təmsil olunan şəxslər – AXCP sədrinin müavini Asəf Quliyev, partiya sədrinin müşaviri Zərifə Məhəddinova və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Qəbələdə və Ismayıllı da görüşlər keçiriblər. Qəbələdəki görüş rayonun Nic kəndində, bir müddət əvvəl əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçirən yerli fəhlələrlə olub. Rayon Icra Hakimiyyətinin nümayəndəsi və sahə müvəkkili çayxanada keçirilən görüşə müdaxilə edib. Onlar çayxana sahibinə xəbərdarlıq edərək AXCP təmsilçilərinin oradan uzaqlaşdırılmasını istəyiblər. Polis müdaxiləsinə baxmayaraq, görüş sona qədər keçirib, cəbhəçilər vətəndaşların problemləriylə maraqlanıblar. Kənd sakinləri polis müdaxiləsinə etirazların bildiriblər.
Qəbələni tərk edən cəbhəçiləri polis və mülki geyimli şəxslər izləyiblər. Əbülfəz Qurbanlının sözlərinə görə, Ismayıllıya gedənə qədər öncə VAZ 2106, sonra Hunday Tukson, daha sonra isə VAZ 2107 markalı avtomobillərlə onları izləyiblər. Ancaq buna baxmayaraq cəbhəçilər onları azdıraraq Ismayıllıda onları gözləyən partiyanın gəncləri ilə görüşüblər: “Bizi qarabaqara izlədiklərinə baxmayaraq, polis və mülki geyimli şəxsləri azdıra bildik. Asəf Quliyevlə Zərifə xanım Ismayıllıda yerləşən restoranların birində oturdular. Mən isə AXCP gənclər Komitəsinin Ismayıllıda yaşayan gəncləriylə görüşdüm”.
Əbülfəz Qurbanlı deyir ki, bir gün əvvəl – aprelin 19-da Mingəçevirdə də gənclərlə görüş keçiriblər: “Yəni polisin, yerli icra hakimiyyətlərinin tapşırıqlarına, müdaxilələrinə baxmayaraq, biz istəyimizə çatdıq. Sözümüzü gənclərə, yerli sakinlərə bildirdik, müvafiq tapşırıqlarımızı verdik”.
Ramin DEKO



