
Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin zabitinin güllələnməsi faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış Şahverdiyev Rəfail Əli oğlunun 19 aprel 2013-cü il tarixdə saat 03.00 radələrində ona təhkim edilmiş odlu silahdan atəş açması nəticəsində həmin hərbi hissənin tağım komandiri, baş leytenant Məmmədov Elşən Mübariz oğlu aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb və hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.
Musavat.com-un məlumatına görə hadisə baş verən gün isə, əsgər Şahverdiyev təmas xəttində olan postda yatıbmış. Bunu ona irad tutan zabit Məmmədov mübahisə əsnasında əsəbiləşərək əsgərə acıqlanıb və “şərəfsizlik edirsən” deyib. Şahverdiyev isə qisas alacağı ilə hədələyib.
Əsgər Şahverdiyev postdan qayıtdıqdan sonra, gecə saat 3-də kazarmaya gələrək, öz vədini yerinə yetirib və xidməti silahıyla zabit Elşən Məmmədovu yatdığı yerdə güllələyib.
Şəkildə: Elşən Məmmədov (sağdan birinci)


