Ilham Əliyev təhsil nazirini dəyişdirib, Misir Mərdanovu götürüb yerinə “gənc, Qərb təhsilli, müasir dünyagörüşlü” kimi vəsf edilən Mikayıl Cabbarovu qoyub. Iki gündür bir xeyli rejim simpatizanı kef edir, möhtərəmin gənc kadrlara yol açmağa çalışdığından, “köhnə qvardiya”yla üzülüşməyə hazırlaşdığından basıb-bağlayırlar.
Onlara deyəcək bir sözümüz yoxdur.
Çünki onlarla bağlı heç bir gözləntimiz də yoxdur.
Bəs məlum təyinatdan havalanan, islahat gözləntisinə qapılan, hətta bunu ehtimal kimi yox, əminliklə söyləyən, bir sözlə, təkərə düşən “real, köklü dəyişiklik tərəfdarlarına” nə deməli? Onlara nə düşüb, onlar niyə yaptokratlardan daha çox özlərinə əl qatıblar, onlar hansı üzlə, ürəklə, ağılla hamını inandırmağa çalışırlar ki, Məmmədi qaldırıb yerinə Əhmədi əyləşdirməklə ölkədə gözəl şeylər olacaq? Axı hamını axmaq yerinə qoymaq olmaz. Ya da hamı yaddaşını itirməyib. Şəxsən mən indi bu “real, köklü dəyişiklik tərəfdarlarından” fərqli olaraq belə içiboş ümidləri yaxşı xatırlayıram, hətta 2003-də Ilham Əliyevin özünün də ingilis dili bilməsinin ətrafında necə hava yaradıldığını unutmamışam.
***
Hə, adamı məhz bu günədək səmimi-qəlbdən sistemə qarşı durduqlarını, onu dəyişməyə iddialı olduqlarını deyənlərin bir nazir əvəzləməsindən yola çıxaraq özlərinə əl qatmaları, “gözəl şeylərin olacağı” haqqında zəvzəklik etmələri yandırır. Dəhşətdir, dəhşət! Biz indiyədək vintlərin dəyişməsi ilə ölkənin dəyişdiyini düşünən beyinsizlərləmi dəyişmək istəmişik bu sistemi? Elə isə yaptokratiya 20 il nədir, 200 il belə boynumuzda otursa, yeridir.
Dəfələrlə yazdıq, yenə yazaq: bu sistem korrupsiya, oğurluq, işgəncə, yalan, yaltaqlıq, saxtakarlıq üzərində bərqərardır. Bunların biri olmazsa, sistem ayaqda qalmaz, qala bilməz. Ona görə də rejimin məsələn, “korrupsiya ilə mübarizə”si şoudan, tamaşadan o tərəfə keçmir, çünki korrupsiya ilə gerçəkdən mübarizə aparmaq – oturduğu budağı kəsmək olardı.
Biz elə bir sistemdən bəhs edirik ki, adı Büllur, soyadı Kristalov olan birinin belə, bu sistemin içində təmiz qalması, dürüst qalması mümkünsüzdür. Rejimin öz oyun qaydaları var, bu qaydalardan imtina – artıq intihardır. Ona görə də tək yol sistemin şərtlərinə tabe olmaqdır – oğurlamalı, yağmalamalı. Necə deyərlər, “su girdi qaba, oldu içməli”.
Bəyəm Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilənədək bu adda bir oliqarx, korrupsioner olduğunu kimsə eşitmişdimi? Halbuki onu həmin posta gətirəndə ortalıqda eyni “islahat küləkləri” əsdirilməyə çalışılırdı.
Şahin Mustafayev iqtisadi inkişaf naziri təyin olunanda “gənc, yeni beyinli” deyirdilər, köhnəlmiş, qartımış idarəetmə tərz və təfəkkürünə nə qədər sürətlə adaptasiya olduğunu görmədikmi?
Lütfən, bu sistemdə gələnin gedənə rəhmət oxutmadığı bir ad göstərə bilərsinizmi? Bəlkə Oqtay Şirəliyev Əli Insanovdan uğurlu oldu? Bəlkə Zakir Qaralov Eldar Həsənovdan? Bəlkə Eldar Mahmudov Namiq Abbasovdan? Hər yeni gələnlə sistemin bir az da amansızlaşdığını, bir az da çirkinləşdiyini görmək bu qədərmi çətindir?
Və anlamaq bu qədərmi müşküldür: sistem qalırsa, vintlərin dəyişməsi heç bir anlam ifadə etmir. Sistem dəyişmirsə, vintlərin dəyişməsi heç nəyi dəyişdirmir, ya da dəyişir – daha pisə doğru!
Elə isə özünü “sistemə qarşı” göstərib, orada hansısa vintin əvəzlənməsini başqalarına “gözəl bir şey” kimi sırımağa çalışmaq, adamlarda rejimlə bağlı boş, yersiz ümidlər yaratmağa çalışmağın adı nədir? Biryolluq gedin durun Mübariz Qurbanlının-zadın yanında, qoy biz də işimizi bilək.
***
Hə, bir də mükalimələrinizin, mülahizələrinizin “qanun”, “tək həqiqət” olduğunu başqalarına inandırmaq üçün ikidə bir intellektinizi, xarici təhsilinizi, Kembricdə, Oksfordda, Harvardda oxumağınızı gözümüzə soxub durmayın. Biz buna görə sizə hörmətlə yanaşa bilərik və yanaşırıq, amma bu, sizə başqalarının ağlını, qənaətlərini aşağılamaq haqqı varmır.
Siz Harvardda oxumusunuz bəlkə, amma bizə də bu 20 ildə həyat çox şey öyrədib.
Xaricdə oxuduqlarınızdan və öyrəndiklərinizdən çox şey!

Harvardın və həyatın dərsləri
•
•