ABŞ Dövlət Departamenti 2012-ci il üzrə dünyadakı insan haqlarının vəziyyətinə dair hesabatını yayıb. Hesabatda Azərbaycanla bağlı hissəyə geniş yer ayrılıb.
Hesabatda qeyd olunur ki, 2010-ci ilin parlament seçkiləri ATƏT-in demokratik seçkilərlə bağlı bir sıra mühüm standartlarına cavab verməyib. Ölkədə 50-dən artıq siyasi partiya olsa da, hakim Yeni Azərbaycan Partiyası siyasi sistemdə hökmran mövqeyə sahibdir. Ölkədə ifadə azadlığı məhdudlaşdırılır, jurnalistlərə, hüquq müdafiəçilərinə, demokratik fəallara hədə-qorxu gəlinir, həbs və gücdən istifadə edilir. Ölkədə xeyli siyasi məhbusun olduğundan, məmurların rüşvət almasından, ədalətsiz mühakimənin hökm sürməsindən, məhkəmə sisteminin hakimiyyətin təsiri altında olmasından, mülkiyyət hüququna münasibətdə hüquqi prosedurların pozulmasından, insanlara ədalətli kompensasiya verilməməsindən də hesabatda bəhs edilir. Daha sonra hesabatda “Eurovision” yarışması ərəfəsində korrupsiya əleyhinə keçirilən aksiyalar, “Kür” vətəndaş cəmiyyətinin fəallarının həbsi, “Talişo Sədo” qazetinin redaktorunun həbsi, Xədicə Ismayıla qarşı şantaj, jurnalist Idrak Abbasovun döyülməsi faktına toxunulub. Həmçinin hakimiyyətin müxalif mətbuata raklam verməkdən çəkindirmək üçün müəssisələrə və biznes strukturlara təzyiq etdiyi, nəticədə müxalifət mətbuatında pullu reklamların yox dərəcəsində olduğu bildirilir. “Azadlıq” qəzetinin cərimələrlə əlaqədar bağlanmaq təhlükəsi ilə üzləşdiyinə toxunulub.
Departamentin hesabatına siyasilər də münasibət bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, hesabat əsaslı və dəqiq faktlara söykənir. “Hesabatı həm də Azərbaycan hakimiyyətinə təzyiq forması kimi qəbul etmək olar. Ölkədəki insan haqlarının pozulması, azadlıqların məhdudlaşdırılması və digər faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması mövcud rejimin siyasətinə münasibətin nəticəsidir. Departament bütün dünya üzrə bu hesabatları hazırlayır. Hakimiyyətlərə neqativ faktlardan nəticə çıxarmağı, islahatlar aparmağı tövsiyə edir. Azərbaycanla bağlı Departamentin hesabatlarında dəfələrlə tənqidi məqamlar yer alsa da, Azərbaycan hakimiyyəti bu hallardan heç vaxt dərs çıxarmayıb. Əksinə, həmişə bu cür faktlara qarşı aqressiv münasibət sərgiləyib”- deyə Fuad Qəhrəmanlı bildirdi.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, ABŞ Dövlət Departamenti hər il Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayır. “Bu cür hesabatlar Azərbaycanda vəziyyətin hər il daha da pisləşməsini göstərir. Son hesabatda daha çox sahələri araşdırmağa müvəffəq olublar. Ancaq bu da Azərbaycan həqiqətlərini tam şəkildə ifadə etmir. Son zamanlar Azərbaycanda gənclərə qarşı repressiyaların artması, müxalifət liderlərinin bölgələrə səfərlərinə məhdudiyyət yaradılması, inanclı insanlara qarşı münasibət də bu hesabata salınmalıdır. Bu hesabat həm də onu göstərdi ki, Amerika demokratiyanın yanındadır, öz siyasətinə sadiqdir”- deyə Gülağa Aslanlı bildirdi.
ACP sədri Sülhəddin Əkbər ABŞ Dövlət Departamentinin hesabatlarının adətən obyektiv xarakter daşıdığını dedi: “Bu hesabat aydınlıq, konkretlik və sərtlik baxımından da əvvəlki hesabatlardan fərqlənir. ABŞ Dövlət Departamentində də anlayıblar ki, bu hakimyyətin islahat aparmaq, müxalifətlə dialoqa getmək, azad seçki keçirmək fikri yoxdur. Bu hesabat bugünlərdə Azərbaycana səfər etmiş Tomas Melianın açıqlamalarını sanki tamamlayır”.
İlham Hüseyn