“Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik, şəffaf bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xatirinə kölgə sala bilmərəm”. Sitatın sonu (ifadə Liderdən ATV-yə ekstradisiya edilmiş yarı jurnalist, yarı deputat Etibar Hüseynovdan götürmə sayılmasın. Məncə, o da bu ifadəni ilk dəfə ANS-dən eşidib). Bu, fikrin müəllifi səkkiz il sərasər Ictimai televiziyaya direktorluq etmiş Ismayıl Ömərovdur. Ömərovun rəsmən üçüncü kərə direktor seçkilərinə qatılmadığı və fəaliyyəti ilə bağlı hesabat verdiyi bildirilir. Hesabat sonraya qalsın, seçkiyə qatılmamasına isə Ismayıl Ömərov belə aydınlıq gətirib.
Baş direktor olmaq xatirinə “milli, demokratik, şəffaf institutun nüfuzuna kölgə salmamaq” – gözəl səslənir. Amma səsləndiyi qədər gözəl və doğru deyil. Milli, xalqın olmaq deməkdir. Xalqın yanında olmayan dövlətdən pul alıb xalqın yanında olmaq mümkün deyil. ITV AzTV-nin qrimlənmiş formasıdır. Tərbiyəsiz filmlər göstərmir, göstərəndə erotik səhnələri qayçılayır, şou-biznesdə qalmaqal yaratmır, müğənniləri çılpaq efirə buraxmır, Aygünün, Röyanın alt paltarından veriliş hazırlamır, Samirin orientasiyasından söz açmır, öz adamlarına çıxış əzbərlədib xalq adına bağ-baxçada danışdırır deyə AzTV-yə milli demək olarmı? Əlbəttə, olmaz. AzTV-yə milli deyə bilmədiyimiz kimi onun dublikatı ITV-yə də milli deyə bilmərik. Məsələn, mən bir yol belə Ictimaidə AXCP-nin, Müsavatın, ya “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin ünvanına bircə xoş söz eşitsəydim, ayrı cür düşünməyə cəhd göstərərdim. Bu partiyalarda birləşənlər, qəzetlərində çalışanlar antimillidir, ITV milli? Binə Ticarət Mərkəzində üsyana qalxan sahibkarlar, Qubada, Ismayıllıda icra başçılarının acığını, hirsini onların evlərini, motellərini yandırmaqla soyudanlar milli deyil, ITV milli? Kür daşqını qurbanları, FHN-nin zülmündən zara gələnlər, Zaqatalada qışın soyuğunu çadırda keçirənlər, cavan-cavan balaları əsgərlikdən tabutda qayıdanlar milli deyil, ITV milli? Ilqar Məmmədov, Tofiq Yaqublu, NIDA-çı gənclər milli deyil, ITV milli? ITV-nin milli olmadığı gün kimi aydındır.
Yuxarıda gətirdiyim sitatdan “demokratik” sözünü bütünlüklə çıxıram. Çünki demokratiya ilə ITV standartları ilə arasında yer-göy fərqi var. Bunlar tərs mütənasibdir. Ayrı necə olsun? Sosialist, kommunist AzTV-nin şinelindən çıxmış Ismayıl Ömərov demokrat ola bilməz ki. Qurumun, özəlliklə televiziyanın demokratik prinsiplərlə idarə olunması, demokratik dəyərlərə üstünlük verməsi üçün öncə rəhbər demokratik olmalıdır. Ölkə demokratik olmalıdır. “Demokratik” sözündən vaz keçək.
“Şəffaflıq”- bu, Azərbaycan kimi ölkələrdə idarəçilikdə, fəaliyyətdə əsla mümkün olmayan bir şeydir. Şəffaflıq nə iqtidarda var, nə müxalifətdə, nə səndə var, nə məndə. Şəffaflıq düşüncədən, maraqların paylaşmasından başlayır, ruhun aydınlığından qaynaqlanır. Rüşvətin, korrupsiyanın, yerliçiliyin, dostbazlığın hökmran olduğu məmələkətdə şəffaflıq ən qıt olan xüsusiyyətdir. Kaş Ismayıl Ömərov o sözü dilinə gətirməyəydi. Ayıb oldu. Keçək “institut” sözünə. Ictimai tv-yə necə institut demək olar, anlamıram. ITV olsa-olsa AzTV-nin filialıdır. Müəllimlər institutunun hər rayonda bir filialı var ey, ora tələbələri testlə yox, pulla qəbul edirlər, bax elə. ITV ictimai adına layiq olmayan sıradan bir televiziyadır. Liderdən bir az yaxşı, ANS-dən daha pis.
Ismayıl Ömərovun formal direktor seçimlərinə qatılmaması, üstəlik, “kübarcasına” açıqlama verməsi müsbət imic yaratmağa, xal qazanmağa hesablanıb. Doğrusu, Ömərovun üçüncü dönəm rəhbərliyə qalmaması içimdə şübhə yaratmışdı. Hətta seçkidənkənar direktor olacağına əminliyim vardı. Bu, 2000-ci ildən bəri televiziya başına keçmək üçün hər yola əl atan Ismayıl Ömərovdusa, asanlıqla vəzifədən getməməliydi. Getməz də. Fikirləşdim; bəlkə göndərirlər. Amma eşitdim ki, adam heç yerə getmir. Ismayıl Ömərovun tezliklə gənclik arzusuna qovuşacağı deyilir. Ömərovun yaxınlarda Arif Alışanovun yerinə AzTV-yə gətirilicəyi söhbəti çox ağlıma batır.
Məntiqdə belə aksiom var; bütün P-lər S-dir, bütün S-lər P deyil.
Sözardı: Yazını işlədiyim vaxt mobil telefonuma zəng gəldi. Dostlardan biri Ismayıl Ömərovun bir fikrinə bir köşə həsr etdiyimi biləndə məni qınadı: “Yazdın, yazdın, Ömərov ITV-dən getdi. Yəqin indi Cahangir müəllimin (Ictimai yayım Şurasının üzvü) yeni seçiləcək (təyin ediləcək) direktor barədə ”Azərbaycan” qəzetinə bir səhifəlik yazısı hazırdır. Direktorun adı yerini boş qoyub gözləyir. Əsas sənin yazmağın deyil, Cahangir müəllimin yazmağıdır”.
P.S. I.Ömərovdan açıqlama: “…Hər manatı Ictimai Teleradionun qurulmasına xərcləmişik”.
Sənubər İsmayılova


