“Azadlıq” yenidən oxuculara çağırış etdi

Abunə kampaniyasına qoşulmaq və maddi yardım göstərməklə qəzetə dəstək ola bilərsiniz

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iddiası əsasında çıxarılmış 30 min manatlıq cərimə qərarının icraya yönəldilməsi, bank hesabına qoyulan həbs “Azadlıq” qəzetini sözün həqiqi mənasında çıxılmaz vəziyyətə salıb. Məbləğ qəzetin fəaliyyətini dayandıracaq qədər böyük olduğundan “Azadlıq” növbəti dəfə həyəcan təbili çalır.
 Və hər zaman olduğu kimi, bu dəfə də azad sözün dəyərini bilənlərə, demokratik cəmiyyətin mövcudluğunu azad mətbuatsız təsəvvür etməyənlərə müraciət edir:
– Yarandığı gündən ən çətin anlarda belə, öz prinsiplərinə sadiq qalan, bu yolda həmişə ən ağır sınaqlara, təzyiqlərə məruz qalan ”Azadlıq” qəzeti yenə də on minlərlə oxucusuna və Azərbaycanın mütərəqqi ictimai çəvrələrinin dəstəyinə güvənir. Ən çətin günlərimizdə bu dəstəyi hiss edərək yolumuza davam etmişik. Indi “Azadlıq” qəzetinin kollektivi daha bir sınaq qarşısındadır. Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun iddiası ilə məhkəmənin “Azadlıq”ı 30 min manat cərimələdiyi və bu cərimənin ödənilməsi üçün qəzetin bank hesabına həbs qoyulduğu oxuculara bəllidir. Kollektiv əmindir ki, bu qəzeti almağı, oxumağı özünə həyat tərzi seçən insanlar onun bu qaraguruh qarşısında məğlub olacağına imkan verməyəcəklər. Azadlıqsevərlər qəzetə bir neçə yolla dəstək ola bilərlər. Qəzetin abunə kampaniyasına qoşulmaqla və bacardıqları qədər maddi yardım göstərməklə. “Azadlıq”ı  böhrandan çıxarmaq istəyənlər üçün bank hesabı da açılıb.
Millətin demokratiya potensialının bütün daşıyıcılarına müraciət edirik. Kimin imkanı nəyə çatırsa, “Azadlıq” naminə öz yardımını əsirgəməsin. “Azadlıq” uğrunda fədakarlığa hazır olan hər kəsə həmin hesab nömrəsini xatırladırıq:

Beynəlxalq Bankın Yasamal Rayon Filialı kod 805142
SWIFT: IBAZAZ2X Əmirov Faiq Səmidxan oğlu: 33882018403146388216