«Hakimiyyət başa düşüb ki, Tel-Əvivlə əməkdaşlıq etsə də, etməsə də Iran Azərbaycandan əl çəkən deyil»
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun Israilə ilk rəsmi səfər proqramının gündəliyi məlum olub. Məmmədyarov aprelin 21-23-də Yaxın Şərq regionuna səfəri çərçivəsində Israil və Fələstində olacaq. Səfər çərçivəsində Fələstin və Israilin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan tərəfi Fələstin və Israillə Yaxın Şərq sülh prosesi ətrafında müzakirələr aparacaq, həmçinin ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olacaq.ÿ
Maraqlıdır, Iran-Azərbaycan münasibətlərinin gərginləşdiyi, Tehrandan rəsmi Bakıya hədə tonlu bəyanatların intensiv şəkildə gəldiyi bir vaxtda Məmmədyarovun bu səfəri nəyə hesablanıb?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Israilə səfər qərarını müsbət qarşıladığını və bunun əslində çoxdan reallaşmalı olduğunu deyir: “Bu, Azərbaycan müstəqillik qazanandan bu yana Xarici işlər nazirinin Israilə ilk rəsmi səfəridir. Əslində bu səfəri çoxdan – 90-cı illərdən gerçəkləşdirmək lazım idi. Həmin vaxt belə səfər nəzərdə tutulmuşdu. Sadəcə son anda Heydər Əliyev Xarici işlər nazirinin səfərini təxirə saldı. Indi bu səfəri reallaşdırmağa qərar veriblər. Görünür, Azərbaycan hakimiyyəti başa düşüb ki, Israillə, eləcə də Qərblə əməkdaşlıq etsə də, etməsə də Iran Azərbaycandan əl çəkən deyil. Iran Azərbaycanın müstəqil siyasətini, ümumiyyətlə Azərbaycan dövlətinin varlığını qəbul etmir. Hakimiyyət də belə qənaətə gəlib ki, Iranla münasibətlər normal deyilsə, hər bəhanəyə görə Tehran hücuma keçib Azərbaycana təzyiq edirsə, artıq Israilə səfəri uzatmağın mənası yoxdur”.
E.Şahinoğlu hesab edir ki, səfəri bundan artıq gecikdirmək də olmazdı: “Çox qəribə situasiya yaranıb. Israil Azərbaycanın ticarət tərəfdaşlarından birinə çevrilib. Iki ölkə arasında bir milyarddan artıq silah sövdələşməsi var. Israilin Xarici işlər naziri Azərbaycana səfər edib, amma bunun qarşılığı olmayıb. Sadəcə olaraq məni səfərlə bağlı bir sual düşündürür. Səfər zamanı Azərbaycan Israildə səfirlik açmaq qərarını verəcək, yoxsa bu işi sonrakı mərhələyə saxlayacaq? Fikrimcə, səfər reallaşırsa, səfirlik məsələsinə də diqqət ayırmaq mümkündür”.


