Əliyevin seçki tərəddüdü

Onun namizədliyinin hələ ki, irəli sürülməməsi hakimiyyətdəki narahatlıqdan qaynaqlanır

YAP-da qarşıdan gələn prezident seçkilərilə bağlı tərəddüd və narahatlıqlar aydın sezilir. Hakim partiyanın funksionerləri zaman-zaman “bizim namizədimiz Ilham Əliyevdir” mesajını versə də, bu məsələdə rəsmi mövqe ortaya qoyulmayıb. Hətta Ilham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində namizəd olacağı haqda sualı da konkret cavablandırmamışdı.
Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, YAP öz qurultayını avqust ayında keçirməyə qərar verib. Prezidentliyə namizəd də qurultayda müəyyən ediləcək. Qurultayın avqust ayında keçirilməsi təsadüfi görünmür. Hakimyyət “bizim öz yolumuz var”, “heç kim bizim daxili işimizə qarışa bilməz” kimi bəyanatlar versə də, görünən odur ki, namizədlik məsələsində ehtiyatlı davranır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da “mediaforum”un “Ilham Əliyev niyə indiyə qədər namizədliyini rəsmi şəkildə elan etməyib, hansısa tərddüdlər var?” sualına belə cavab verib: “Lazım olanda bəyanat da veriləcək. Bu gün hələ o bəyanata ehtiyac yoxdur”.
Görünür, dünyada gedən proseslərin fonunda Ilham Əliyevin namizədliyinin necə qarşılanacağı, beynəlxalq aləmin buna hansı reaksiya verəcəyini nəzərə alaraq, hakimiyyət konkretliyə gedə bilmir. Son vaxtlar beynəlxalq mətbuatda Ilham Əliyevin adının korrupsiyada hallanması, onun hakimiyyəti dövründə azadlıqların boğulması, repressiyaların intensivləşməsi haqda məlumatlar da bu narahatlığa əsas verir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, Ilham Əliyev indiki şəraitdə namizədliyini rəsmi şəkildə təsdiqləməyə risk eləmir: “Hakimiyyət bilir ki, Ilham Əliyevin namizədlik məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə birmənalı qarşılanmayacaq. Indidən Ilham Əliyevin namizəd olması seçkinin qeyri-legitim olacağı təsəvvürünü gücləndirəcək, ona görə də hakimiyyət bu məsələyə ehtiyatlı yanaşır. Sadəcə, YAP-ın müxtəlif funksionerlərinin dilindən Ilham Əliyevin namizəd olacağı mesajını səsləndirib, cəmiyyətin nəbzini yoxlayırlar. Yubanmanın digər səbəbi isə budur ki, Ilham Əliyevin namizədliyi qəbuledilməz olsa, hakim ailədən başqa bir namizəd irəli sürülsün”.

İlham Hüseyn