Yenə müəmmalı əsgər ölümü

“Oğlumu kiminsə yerinə bada veriblər”

4 ay əvvəl Gəncədən əsgərliyə çağırılmış Emin Quliyevin meyiti aprelin 20-si axşam saatlarında evlərinə gətirilib. Meyiti gətirən hərbçilər ölümün səbəbi barədə bir söz deməyiblər.

Anası Solmaz Quliyeva deyir ki, oğlu ilə 2 gün əvvəl danışıb: «O, xidmət yerinin dəyişdirilməsini istədi, amma səbəbini açıqlamadı. Yalnız şirniyyat bişirib göndərməyimizi istədi».

Solmaz Quliyeva iddia edir ki, Emin çox iradəli və zəhmətkeş uşaq olub, özünü öldürəcək bir səbəb olmayıb: «Oğlumu kiminsə yerinə bada veriblər. Onun gözünün birinin mənfi 1, o birinin isə mənfi 3 olmasını hərbi komissarlıq da təsdiqləyib. Lakin yenə də orduya aparıblar».

Emin Quliyev aprelin 21-də dəfn olunacaq (“Azadlıq” radiosu).

Fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.

Müdafiə Nazirliyin yaydığı məlumata görə, əsgər Emin Quliyev aprelin 20-si saat 00.35 radələrində tabeçiliyində olan avtomat silahdan açılan atəş nəticəsində ölüb.

***

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

Fakt üzrə cinayət işi başlanılıb.