“Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəni zəiflətməyəcək, bu cür idbar hücumlar qarşısında bir addım belə geri çəkilməyəcəyik”
AXCP aprelin 20-də partiyanın Sabirabad rayon şöbəsinin müşavirəsini polisin dağıtması ilə bağlı bəyanat verib.
Bəyanatda bildirilir ki, AXCP Sabirabad şöbəsi ölkə qanunlarına və partiyanın nizamnaməsinə uyğun olaraq növbəti müşavirəsini keçirmək istəyib. Müşavirəyə yer ayırılması üçün rayon şöbə rəhbərliyi yerli icra orqanlarına qabaqcadan müraciət edib. Lakin müraciətə müsbət cavab verilməyib. Bundan sonra toplantının partiya fəallarından birinin həyətində keçirilməsi qərara alınıb. Müşavirəyə partiyanın mərkəzi rəhbərliyindən Ali Məclis sədri Həsən Kərimov, partiya sərdinin müavini Gözəl Bayramlı və mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da qatılıb. Müşavirə dinc məcrada başlayıb və öz axarında gedib. Lakin tədbir başlayandan təxminən 15 dəqiqə sonra aralarında mülki geyimlilərin də olduğu 100-ə yaxın polis əməkdaşı partiya fəalı Sahib Rüstəmlinin müşavirənin keçirildiyi evinə sözün həqiqi mənasında basqın edərək, tədbiri dağıdıb. Basqın zamanı polislər şəxsi əmlaka zərər vurub, toplantı iştirakçılarına, eləcə də ev sahibinin ailə üzvlərinə qarşı ciddi zorakılıq edib.
Polislərlə yanaşı S.Rüstəmlinin evinin qarşısına əksəriyyəti İcra Hakimiyyətinin kənd üzrə icra nümayəndələrindən ibarət olan xüsusi öyrədilmiş adamlar da gətirilib və onların vasitəsilə AXCP fəalları, o cümlədən partiyanın Bakıdan gedən rəhbər şəxsləri əhqarətə məruz qoyulub.
Müşavirə polsi basqını ilə yarımçıq kəsiləndən sonra Bakıdan gedən partiya rəhbərliyinə daxil olan şəxslər geri qayıdarkən yolda onların avtomobillərinin qarşısını öyrədilmiş adamlarla kəsərək, onlara xəsarət yetirməyə cəhd olub.
Hadisədən bir neçə saat sonra Sabirabad RİH özünün biabırçı əməlini gizlətmək üçün AXCP-yə qarşı böhtan xarakterli bəyanat yayaraq, məsuliyyəti rayon sakinlərinin üzərinə atmağa çalışıb – guya partiya fəalları və rəhbərliyinə daxil olan şəxslərlə toplantının keçirildiyi evin qonşuluğunda yaşayanlar və başqa sakinlər arasında insident olub.
AXCP Sabirabad RİH-in yalan söylədiyini bir daha vurğulayaraq, bəyan edir ki, baş verənlər öz opponentlərinin ən adi hüquqlarını belə tanımayan, onlara qarşı hədsiz aqressiv münasibət bəsləyən Azərbaycan hakimiyyətinin mahiyyətindən irəli gələn növbəti idbar hərəkətdir.
AXCP bildirir ki, Azərbaycan hakimiyyəti bu hərəkəti ilə ölkə qanunlarına və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əsla hörmət qoymadığını bir daha nümayiş etdirmiş oldu.
Baş verənlər hər şeydən əvvəl vətəndaşın mülkiyyətinə dövlət səviyyəsində basqındır və quldurluq əməlinə bərabər tutulmalıdır.
Partiya bu hadisəni ölkədə siyasi fəaliyyət azadlığının faktiki olmaması, dövlət qeydiyyatından keçmiş bir təşkilatın qeyri-rəsmi şəkildə “qanundan kənar” elan edilməsi kimi qiymətləndirir. AXCP bəyan edir ki, Azərbaycan hakimiyyəti, xüsusən prezident seçkiləri ilində ən adi partiya tədbirlərinə belə, polis zorakılığından istifadə ilə imkan verməməklə nəinki azad və ədalətli, siyasi qüvvələr arasında rəqabət şəraitinin təmin edildiyi seçki keçrimək niyyətində olmadığını, üstəlik ölkədə yaratdığı qeyri-rəsmi fövqəladə vəziyyəti qoruyub saxlamaq istədiyini nümayiş etdirir.
AXCP bildirir ki, Sabirabadda baş verən bu son hadisə partiyaya qarşı törədilən ilk belə hücum olmamaqla, Azərbaycan hakimiyyətinin seçkilərə necə hazırlaşdığını göstərir. Partiya bəyan edir ki, Sabirabad şöbəsinin müşavirəsinə polis basqını, eləcə də buna qədər qeydə alınan bu kimi hallar həm də hakimiyyətin siyasi cəhətdən özünü nə qədər gücsüz hiss etməsindən xəbər verir.
AXCP onu da bəyan edir ki, Azərbaycanın demokratikləşməsi uğrunda apardığı mübarizəni azacıq da olsa zəiflətməyəcək və hakimiyyətin bu cür idbar hücumları qarşısında bir addım belə geri çəkilməyəcək.


