“Səni axtarıram”ın komandası toyda döyülüb?

Xoşqədəm Hidayətqızı: «Mən işimi-gücümü atıb məhkəmələrdə olası deyiləm…»

ATV telekanalının ən reytinqli verilişlərindən biri olan “Səni axtarıram”ın yaradıcı heyətinin Bakıdakı restoranların birində keçirilən toy mərasimində döyüldüyü haqda xəbər yayılıb. “AzNews.az”ın məlumatına görə, “Səni axtarıram” kollektivinin zarafatı əlbəyaxa davaya səbəb olub.
Məlumatda bildirilir ki, hadisə verilişin prodüsseri Fərhadın toy məclisində yaşanıb. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bəylə gəlinin toy günündə restoranda “Səni axtarıram”ın mini formatını yaratmaq qərarına gəlib. “Ssenari”yə uyğun olaraq, balaca bir qız səhnəyə çıxaraq, “Xoşqədəm xanım, atamı axtarıram, mənə kömək edin”, – deyə ağlaya-ağlaya onun üstünə atılıb. Bundan sonra “ağlama, sənin atanı tapmaq üçün axtarışlara başladıq belə, biz Fərhadı tapacağıq”, – deyə aparıcı ağlayan qızın başını sığallayıb.
Amma bu sürpriz səhnə toy sahiblərinin ürəyincə olmayıb. Zarafatla barışa bilməyən gəlinin qohum-əqrəbası əsəblərinə sahib ola bilməyib və nəticədə qız tərəfi ilə “Səni axtarıram” ailəsi arasındakı narazılıq əlbəyaxa dava ilə sonunclanıb. “Səni axtarıram” komandası döyüldükdən sonra restorandan uzaqlaşdırılıb.
Məsələyə aydınlıq gətirən Xoşqədəm Hidayətqızı “modern.az”a açıqlamasında bildirib ki, belə xəbərlərə əhəmiyyət verib, qalmaqala qoşulmaq niyyətində deyil: “Mən maraq dairəsində olan insanam. Bu gün ölkədə ən reytinqli verilişin, layihənin sahibi mənəm. Reytinqdə birinci olmaq istəyənlər də ola bilər, bizi gözü götürməyənlər də. Ona görə də mən belə qalmaqallara qoşulası deyiləm. Çünki belə qalmaqallara qoşulsam, bu, mənim layihəmə təsir edəcək. Mən işimi-gücümü atıb məhkəmələrdə olası deyiləm. Bəlkə də bəzi insanlar elə bunu istəyirlər. Amma mən buna getməyəcəyəm. Qalmaqal adamı deyiləm. Deyirlərsə ki, Xoşqədəmi döyüblər, qoy elə fikirləşsinlər. Mənim ətrafım, yaxınlarım görürlər ki, mənə münasibət necədir, onlar bilirlərsə ki, Xoşqədəm döyülməyib, bu mənə bəsdir. Belə şeylərlə başımı qatan deyiləm. Yalan informasiyanı yayanlar, Xoşqədəm Hidayətqızını yalandan döydürməklə xoşbəxt olurlarsa, qoy olsunlar”.