Bakıya səfər edən ABŞ dövlət katibinin müavini Tomas Melia cəmiyyətimizdə bir qəzəb yaradıb. Səbəb də o qədər sadə məsələ deyil. Cənab Melia Bakıda bir mövqesizlik nümayiş etdirdi. Əvvəlcə “Turan” agentliyinə müsahibəsində Ilham Əliyevin 3-cü dəfə prezident seçkilərinə qatılacağını “qırmızı xətti keçmək” kimi dəyərləndirdi, amma sonradan bu “qırmızı xətt” söhbətini müsahibəsindən çıxarmağı xahiş etdi…
Amma biz özümüzü elə aparırıq ki, guya cəmiyyət olaraq özümüz bu məsələni həmişə gündəmdə saxlamışıq və hakimiyyətə də bu yöndə açıq tələblər irəli sürmüşük. Bəlkə müxalifətimiz tez-tez səsləndirir bu məsələni? Bəlkə seçkiyə qatılmaq istəyən namizədlər bunu “qırmızı şərt” kimi irəli sürür? Şəxsən mən REAL Məclisinin sədri Erkin Qədirlidən başqa kimsənin bu mövzuda yanğılı mövqe sərgilədiyini görməmişəm.
Indi biz Tomas Melianın özünün boz xətti keçə bilməməsini deyəndə, özümüzün hansı xətdə ilişib qalmağımızı da yada salmalıyıq. Ötən ildən mənə elə gəlirdi ki, seçkiyə qatılmalı olan qüvvələr, ümumiyyətlə, Azərbaycanda dəyişikliyi istəyən hər kəs və hər bir qüvvə ilk öncə bu məsələni qoyacaq. Həm də qırmızı şərt təkcə bir qırmızı xətlə bağlı olmalı deyil. Söhbət qoşa qırmızı xətdən gedir. Nə Ilham Əliyev, nə Mehriban Əliyeva, nə də bu ailəni təmsil edən başqa biri seçkidə iştirak etməli deyil. Təkcə siyasi və mənəvi mülahizəyə görə yox, sülalə hakimiyyəti qurulmaması kimi təməl prinsipə görə. Onlar demokratik siyasi qüvvəni təmsil etsələr belə, demokratiyanın təməl prinsipləri bunu məqbul saymır. Amma bunu şərt kimi öz sənədi ilə irəli sürən və yaxud aydınca ifadə edən, ya da bunun üçün ardıcıl təbliğat və iş aparan bircə partiya, bircə namizəd varmı?
ABŞ dövlət katibinin müavinini qınayanda bunları da nəzərə almalıyıq…
Tomas Melianın hərəkəti bədbinliyə əsas verirmi?
O ki qaldı ABŞ dövlət katibi müavininin sözünü sonradan danmasına, bunu bədbinlik motivində şərh edənlər böyük səhvə yol verirlər. ABŞ bu uzun illərdə heç vaxt prinsipal mövqe sərgiləməyib. Aşkar görünüb bu. Arxada nə iş görüblər, indi nə planlaşdırırlar – bunu heç bilmirik. Hərə öz marağına görə bir nağıl danışa bilər. Kimsə deyə bilər ki, ABŞ Ilham Əliyevə yalvarır, kimsə də deyə bilər ki, onun qələmini qırıblar. Münasibətlərin yaxşı olmadığı da hiss edilir. Amma bunun da heç əhəmiyyəti yoxdur. Ortada başqa amil var – bizim cəmiyyətin özünün və tarixin xarakterinin dəyişməsi. Bizim üçün ən vacib olanı budur və biz indi yalnız buna arxalana bilərik. Cəmiyyətin buzları əridikcə, onun gücü böyüdükcə, digər amillər də yetişə bilər…
Azərbaycanda danılmaz bir oyanış başlayıb. Bu amil isə ABŞ-dan, Qərbdən, nə bilim əlləri kürüyə bulaşmış Avropa siyasətçilərindən, qardaş Türkiyədən dəstək almadan, prinsipal mövqe sərgiləmələri eşitmədən yetişib. Əksinə, ötən illərdə onlar bu avtoritar rejimə dayaq durublar, amma son nəticədə zəifləmiş Azərbaycan xalqı oyanmaqdadır. Həm də bu, süni deyil, dünyanın, zamanın ruhuna uyğundur. Hakimiyyət də bunu bilir.
Hamı da bilməlidir ki, indi ABŞ-ın da mövqeyi sərtləşə bilər, Rusiya da üzünü döndərə bilər. Amma mövcud rejimin dəyişməsi üçün bircə real şərt var. O da cəmiyyətin özünün dəyişməsi, hərəkətə gəlməsidir. Bu da heç kimdən asılı olmadan baş verir. Odur ki, Tomas Melianın ziqzaqları arzu edilən davranışlar olmasa da, başlıca məsələ də deyil.