İş adamının müraciəti Rasim Məmmədovu narahat edib

«Baku Steel Company»nin rəhbəri fəaliyyəti dayanan zavodun bəzi işçilərini toplayıb Nurəddin Zülfüqarlının əleyhinə danışdırıb  

“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov “Bakıpoladtökmə” zavodunun fəhlələrilə ilə toplantı keçirib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, toplantıda 30-a yaxın fəhlə iştirak edib. Toplantı zavodun əvvəlki sahibləri Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının əleyhinə təşkil edilib. Qabaqcadan öyrədilmiş və mükafatlandırılmış fəhlələr zavodun əvvəlki sahiblərinin əleyhinə çıxışlar ediblər. Rasim Məmmədov toplantını videolentə aldırıb.
Məlumat üçün deyək ki, “Bakıpoladtökmə” zavodu 2005-ci ildə Zülfüqarlı qardaşlarından məcburi şəkildə alınıb. Hazırda qardaşlar bu və əllərindən alınmış digər əmlaklarının qaytarılması uğrunda mübarizə aparırlar. “Bakıpoladtökmə” Zülfüqarlı qardaşlarından alınandan sonra fəaliyyətini dayandırıb. Zavod faktiki olaraq işləmir.
Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov isə “Azadlıq”a açıqlamasında onda bu barədə məlumatın olmadığını desə də, belə bir halın baş verməsinin gözlənilən olduğunu deyib: “Nurəddin Zülfüqarlının ölkə başçısı Ilham Əliyevə müraciəti bunları narahat edib. Ona görə də dərhal Zülfüqarlı qardaşlarının əleyhinə işə keçiblər”.