Bilmirəm, dünyada vətəni bu qədər tez əldən gedən başqa bir toplum varmı?
Kimsə muğamı sevmədiyini…
Kimsə sazı bəyənmədiyini deyəndə dərhal əldən gedən bir vətəndən danışıram.
Dünyada başqa hansı toplum bozbaşa ağız büzməyi “vətəni satmaq” kimi qəbul edir?
Ya da dünyada hansı toplumdan vətənin əldən getməməsi üçün illah ki, çoxlu bayatı, sayaçı sözü, holavar əzbərləmək tələb olunur?
***
Mən, bir məmur qapısında günlərlə süründürülüb, təhqir olunub, alçaldılıb “Vətən əldən gedir!” deyə hayqıranı heç görmədim.
Seçki qutularına saxta bülletenlər doldurulanda…
Millətin sərvətlərinin offşor zonalara daşındığı məlum olanda…
Doğrunu yazan əllər qandallanıb, həqiqəti söyləyən dillər qıfıllananda…
Deputat mandatının alınıb-satıldığı dəlil-sübutla ortaya çıxanda bir ovuc adamdan başqa kimsənin etiraz etdiyini, “mık” səsi çıxardığını, qəzəbini, hirsini bəyanatlara tökdüyünü görmədim mən.
Amma biri Nizami Gəncəviyə “fars şairi”, digəri Səməd Vurğuna güldən ağır söz dedimi, nə qədər adamın qüruruna toxunur, nə qədər adam özünü alçalmış, həqarət edilmiş sayır.
Dinçisi ölkəni başına alıb gedən çirkinliklər, eybəcərliklər qarşısında səssiz, təpkisizkən bir gözəllik yarışmasına görə yeri-yerindən oynada bilir.
Küçədə bir uzun saçlı oğlan gördümü, ya da qısa ətəkli bir gənc qız, – o andaca vətənin, millətin, namusun, qeyrətin əldən getdiyini düşünən nə qədər insan var bu ölkədə. Oysa o uzun saçlı oğlana qəzəblənə bildikləri qədər əli millətin cibinə girəcək qədər uzun olan bir məmura…
O qısa ətəkli gənc qıza kin, nifrin püskürdükləri qədər də dilimizi dost-düşmən yanında qısa edən oğrulara, talançılara, yalançılara qəzəblənsəydilər, üsyan etsəydilər, edə bilsəydilər, kim bilir, indi nə qədər fərqli bir ölkədə yaşayırdıq.
Nə qədər fərqli bir ölkədə – azad, çağdaş, mədəni, modern…
Aylarla evinə ət ala, uşaqlarını dolmaya doyura bilməyib bunun hesabını istəyəcək ürəyi, cəsarəti olmayanların dolma uğrunda davasını seyr edir illərdir. Dolmaya həsrət olanların “dolma bizimdir” qovğası içində keçir ömrümüz.
Bir azərbaycanlı gəlinin bətnindəki dörd aylıq körpə ilə bir qarın çörək üçün Türkiyədə fahişəliyə məcbur edildiyi xəbəri yayılanda bu ölkədə həmişə danışanlardan, həmişə etiraz edənlərdən başqa kim sorğuladı, kim hesab istədi? Kim yenə “Vətən əldən gedir!” deyə səsini başını atdı? Amma yaxşı qoyasan, “Sarı gəlin” mahnısı uğrunda hamı boğazını yırtsın, əssin-gurlasın, coşsun-daşsın, Kür kimi bəndləri qırıb keçsin.
***
Deyək ki, mən indi burdan Novruz bayramı haqqında iki-üç kəlmə artıq-əskik yazsam, vətən əldən getmiş olacaq.
Amma o anda neçə vətəndaşımız dönüb öz-özündən soruşacaq: bu qədər zəngin sərvətlərə, bərəkətli torpaqlara rəğmən bu millətin üçdə ikisi niyə hələ də “Bayram oldu, heç bilmirəm neyləyim?” deyə dodaqaltından mızıldanmaqda, bayram süfrəsini necə bəzəyəcəyinin dərdini çəkməkdədir?
***
Azadlıqların yox edildiyi…
Bir ovuc adamın hüququn üstünə çıxdığı, qanunların boynunda oturduğu…
Milli iradənin əzildiyi…
Düşünən beyinlərin düşmən sayıldığı…
Vicdanlı, dürüstcə, oğurlamadan, qul haqqı yemədən yaşamağın fərsizlik kimi qəbul olunduğu…
Səfalətin, cəhalətin boğaza çıxdığı, baiskarlarının isə ayaqda alqışlandığı…
Yalanın, talanın, yaltaqlığın, saxtakarlığın həyat tərzinə çevrildiyi bir ölkədə çoxluq vətənin hələ əldən getmədiyini sanırsa…
Vətən onlar üçün sadəcə və sadəcə hansısa klassikə güldən ağır söz dedikdə…
Bozbaşı sevmədikdə…
Pitini bəyənmədikdə…
Muğamı dinləmədikdə…
Saza dingildəmədikdə əldən gedirsə, getsin deyərdim, amma demirəm.
Çünki onda vətən artıq onsuz da çoxdan əldən getmiş olacaq.

Günlərdən yenə “Vətən əldən gedir!” günü
•
•