“Azərbaycanın demokratiya istiqamətində böyük tərəqqisini görmək istəyirik”
ABŞ-ın ATƏT-dəki nümayəndəsi Kristofer Robinson Bakıda Azad Fikir Universitetinin ofisinin bağlanması ilə bağlı bəyanat verib (“Turan”). AFU 2010-cu ildə ABŞ-ın ATƏT-dəki missiyasının internetdə söz azadlığı mükafatını alan ilk təşkilat olub. Kristofer Robinson deyib ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar aprelin 11-də AFU-ya dəstək bəyanatı ilə çıxış edib.
Amerikalı diplomatın bəyanatında o da deyilir ki, Azərbaycan Birləşmiş Ştatların vacib müttəfiqidir, 20 ildən çox ikitərəfli münasibətlər ərzində təhsil, səhiyyə, həyat səviyyəsinin yüksəldilməsi, insan alverinə qarşı mübarizə və qadın hüquqları sahəsində nailiyyətlər var. Bundan başqa, Azərbaycan Əfqanıstandakı NATO əməliyyatlarına, enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına mühüm töhfələr verib.
“Biz Azərbaycanın çiçəklənmə, təhlükəsizlik, suverenlik və demokratiya istiqamətində böyük tərəqqisini görmək istəyirik. Məhz buna görə də Azərbaycan hökumətinin bu il etirazlara reaksiyası, o cümlədən, gənc fəalların həbsi, vətəndaş cəmiyyəti təşkilatlarına təzyiqlər mənim hökumətimi narahat edir. Dinc etirazlara hörmət, müstəqil və şəffaf məhkəmələr, dövlətin öz vətəndaşları, xüsusilə gənc vətəndaşlarla onların qanuni maraqlarının təmin edilməsi istiqamətində əlaqələri demokratik hökumətlərin öz stabilliyini təmin etməsi üçün ən yaxşı və daha effektli vasitələrdir”, – deyə ABŞ rəsmisi bildirib.


