Yusif peyğəmbərin həyatı haqqında çoxlarınız məlumatlısınız.
Mən Yusif peyğəmbərin həbsxana həyatından bir-iki cümlə yazmaq istəyirəm. Həbsxanaya düşdüyü ilk vaxtlar ona qarşı müəyyən zorakılıqlar, saymazlıqlar olur. Çünki onun kim olduğunu bilmirdilər. Ancaq az keçmir ki, nəinki dustaqlar, həbsxana işçiləri də onun heyranına çevrilir. Yusif peyğəmbərin xütbələrinə saatlarla qulaq asırlar. Həbsdən azad olanda isə hər kəs ağlayır, Yusif peyğəmbərsiz həyatlarının mənasız olacağını bilirlər. Çünki Yusif peyğəmbər həbsxanaya azadlıq, ləyaqət, məhəbbət, cəsarət aparmışdı. O, hətta qatı cinayətkarları da öz qabiliyyəti ilə islah etmişdi. Yəni həbsxana onu uda bilmədi. O, həbsxanada da cəmiyyətə xidmət göstərdi, ümidsiz insanlara yaşam ruhu verdi, zülmün qarşısında əyilməməyi tədris elədi.
Bu gün Azərbaycanda da bir repressiya maşını işə düşüb. Fəalları, kölə olmaq istəməyən, cəsarətli gəncləri həbsxanaya atırlar. Guya onları cəzalandırmaq istəyirlər. Guya bu qorxu üsuludu. Ancaq unudurlar ki, o gənclər cinayətkar deyil. Onlar həbsxanada oğurluq etməyin sirlərindən, narkotik alverinin mənfəətindən danışmayacaqlar. Onlar həbsxanaya azadlıq, cəsarət, həqiqət daşıyıblar. Dünənə qədər yüzlərlə faktdan, ölkəni idarə edənlərin cinayətindən bixəbər olan insanlara həqiqətləri çatdıracaqlar. Həbsxana sakinləri üçün təbliğat aparmağa kifayət qədər vaxt olur. Bu gün şərlənib həbs olunan gənclər zindandakılara həbslərinin səbəbini danışacaqlar, iyrənc üsullarla məhkum edildiklərindən söz açacaqlar.
Çox az müddətdən sonra həbsxana işçiləri də, dustaqlar da onların cinayətkar olmadığını anlayacaq. Əslində bu həbsləriylə onlar yeni bir missiyanı, qapalı şəraitdəki insanlara həqiqət daşımaq missiyasını həyata keçirirlər. Bu gənclərin əlində elə bir “silah” var ki, hakimiyyət o silahı bir gün də əldə edə bilməyib. Onların silahı, haqlı olmaqlarıdı. Onlar həbsxanada olduqları müddətdə, dünya çapında qazandıqları hörməti rejim 20 ildir neft, qaz, kürü hesabına qazana bilməyib.
Bu hakimiyyətə dünyada hələ də salam verən varsa, bu da hələ tükənməyən neftə görədir. Həbsdəki gənclərə isə insanlar heç vaxt tükənməyəcək ləyaqət, cəsarət, ədalət nemətini daşıdıqları üçün hörmət edirlər.
“Növbəti dəfə” nə deməkdir?
Bu nə zülmdür ilahi. Yenə hansı saytı, hansı qazeti açırsan “Ilham Əliyev məmurlara növbəti dəfə xəbərdarlıq etdi” başlıqlı yazılar adamın gözün deşir. Bu “növbəti dəfə” nə deməkdir? Mən prezidenti tanıyandan o “növbəti xəbərdarlıq”dan, “növbəti il” maaşların artırılacağından danışır. Insan bir tapşırığı, dəfələrlə təkrar eləməyə məcbur olursa, deməli, onu eşitmirlər. Deməli, hər şey növbəti dəfə prezident seçilmək qədər asan deyil. Axı prezident eyni məmura hər ay niyə xəbərdarlıq etməlidir? Tapşırığa əməl edilmirsə, məmur dərhal işdən çıxarılmalıdır.
Ancaq görünən odur ki, bu ölkədə razılaşdırılmış şəkildə “növbəti dəfə” oyunu oynayırlar.
Görəsən bu il xalqın “növbəti dəfə” aldanması üçün nə “sürpriz” edəcəklər?
Bir şeyi unutmayaq ki, bütün “növbəti dəfə”lər bir gün keçdikdən sonra “keçən dəfə” olur. Biz isə 20 ildir keçən dəfələrin uğursuzluğundan nəticə çıxara bilmirik.
Prezidentin Rusiya kanallarının birinə verdiyi müsahibə başqa bir yazının mövzusudur. Sadəcə olaraq xatırlatmaq istəyirəm ki, əlahəzrət məlum müsahibəsində deyir ki, “son 100 ildə dünya siysətində heç bir ciddi dəyişiklik olmayıb”. Yəni demək istəyir ki, “növbəti dəfə” də dəyişikliyə ümid etməyin.
Indi ölkənin taleyini müsbətə doğru dəyişmək üçün xalqın “növbəti dəfə” özünü toparlaması lazımdır…

Zindana azadlıq daşıyanlar
•