YAP-dan ABŞ-a qarşı qəzəbli açıqlama

“Mərkəzi Kəşfiyyat İdarəsinin dediyi şəxsi prezident seçirlər, öz seçki sistemləri qüsurludur, gedib dəyişsinlər, niyə dəyişmirlər?”

“ABŞ-ın Azərbaycanda seçkiyə qarışmağa, qiymət verməyə heç bir haqqı və hüququ yoxdur”. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında belə deyib.
Siyavuş Novruzovun açıqlaması Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavini Tomas Melianın “Turan” agentliyinə müsahibədə Azərbaycanda prezident seçkiləri ilə bağlı səsləndirdiyi fikirlərə cavab təsiri bağışlayır.
“Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyəti xalq formalaşdırır. Xalq da bunu seçki yolu ilə edir, başqa yollarla yox. Ona görə də xalq referendumla öz konstitusiyasında dəyişiklik edib, xalqın dəstək verdiyi halda bir şəxsin iki dəfədən çox seçilməsinə imkan yaradıb. Hansısa qanunla xalqın seçmək hüququnu əlindən almaq olmaz, bu mümkün deyil.
ABŞ-da o qədər hadisə baş verir ki. Gedib öz işləri ilə məşğul olsunlar. İraqla, Əfqanıstanla məşğul olsunlar. Bu ölkələrdə nələr baş verdiyinə baxsınlar, hansı demokratik dövlət yaratdıqları haqda düşünsünlər. Başqasının işinə qarışmasınlar. Prezident İlham Əliyev də deyib ki, Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq, tərəfdaşlıq, strateji müttəfiqlik edir, amma bu heç kimə bizim daxili işlərimizə qarışmasına haqq və hüquq vermir. ABŞ bizə dost və müttəfiq ölkədir. Amma bizə kimi seçib-seçməmək haqda göstəriş verməyə haqqı yoxdur.
O kimdir ki, xəbərdarlıq etsin? BMT-dir, əstəğfürulah, Allahdır? ABŞ Dövlət Departamentinin bir nümayəndəsidir. Nə danışır, özü bilər. Bunun Azərbaycanda keçiriləcək prezident seçkisinə, kimin namizəd olub-olmayacağına heç bir aidiyyəti yoxdur” – deyə YAP rəsmisi bildirib.
S.Novruzov ABŞ-ın seçki sistemini də tənqid edərək “Ordan-burdan adamlar seçirlər. Onlar da küləyin istiqamətinə baxırlar, Mərkəzi Kəşfiyyat İdarəsinin dediyi şəxsi prezident seçirlər. Bu seçki sistemi qüsurludur və dünyadakı demokratik seçki sisteminə uyğun deyil. Gedib seçki sistemini dəyişsinlər. Niyə dəyişmirlər?” deyib.

İnformasiya şöbəsi