Uzun mübahisələrdən sonra bir müddət gündəmdən düşən “vahid namizəd” mövzusu bugünlərdə yenə də siyasilərin gündəmindədir. Ictimai Palatanın son sessiyasında Pənah Hüseyn “Vahid namizəd seçmək üçün bir sənəd, prosedur ortaya qoyan yoxdur” deyib. Bir neçə gün əvvəl isə gənc fəal Bəxtiyar Hacıyev “facebook” səhifəsində vahid namizədin seçilməsi üçün mümkün və lazımi proseduru, həmçinin vahid namizəd müəyyənləşdirilməyəcəyi halda, seçki zamanı baş verə biləcək labüd problemlərdən yazıb. Bəxtiyar Hacıyevin yazısını tədqim edirik:
«Ən optimal və xeyirli yol prezident olmaq istəyən namizədlərin iştirakı ilə ilkin seçki keçirməkdir»
“Vahid namizədi müəyyənləşdirməyin ən optimal və xeyirli yolu prezident olmaq istəyən bütün namizədlərin iştirakı ilə ilkin seçki keçirməkdir. Ölkə prezidenti olmağa iddialı olan şəxs, xalqın böyük bir hissəsinin səsini qazanacağını düşünürsə, əvvəlcə ən narazı elektoratın səsini qazanmaqda digər rəqiblərindən üstün olduğunu sübut etməlidir. Müxalif lider öz düşərgəsində, narazılar arasında birinci ola bilmirsə, çoxluğu bitərəf, bir qismi də hakimiyyətə yaxın olan seçicilər arasında 10 namizəd arasından necə birinci olacaq?
Hakimiyyət ilkin seçkilərin keçirilməsinə, təşviqata mane olacaqmı? Əlbəttə! Bu gün ilkin seçkilər zamanı müdaxilələrin qarşısını almaq mümkün deyilsə, sabah təşviqat zamanı necə alınacaq?
Ilkin seçkilər zamanı partiyalar, müttəfiqlər arasında narazılıq yaranacaqmı? Əlbəttə! O narazılıq indi də var, yuxarı həddədir. Seçkilərə ayrı gediləcəksə, narazılıq davam edəcək. Bütün tərəflər razılaşsa və ilkin seçkinin nəticəsini əsas seçkidən öncə tanısalar, vahid namizəd ətrafında öz tərəfdarlarını birləşdirsələr, daha az zərərlə çıxarlar.
Bu gün ilkin seçkilər, vahid namizəd və s. məsələlərdə konsensusa gəlməyi bacarmayan yaxın müttəfiqlər, sabah ölkənin idarə edilməsində, yaxud böyük dövlətlərlə anlaşmalarda necə konsensusa gələ biləcəklər?”.
“Vahid namizədin müəyyənləşdirilməsi üçün ilkin seçki ideyası ən məqsədəuyğun yoldur”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da vahid namizədin müəyyənləşdirilməsi üçün ilkin seçki ideyasını ən məqsədəuyğun yol hesab edir. Bu gün Azərbaycan cəmiyyətinin müxalifətdən gözlədiyi əsas addımlardan birinin məhz vahid namizəd məsələsinin həlli olduğunu deyən Fuad Qəhrəmanlının sözlərinə görə, vahid namizəd ideyasının gerçəkləşməsi həm cəmiyyətin dəyişikliklərə inamını gücləndirər, həm də Qərbin ölkədəki demokratik proseslərə daha fəal dəstək verməsinə yol aça bilər: “Bu baxımdan vahid namizəd ideyasının həlli qələbənin ilkin vacib şərti kimi qarşıda durur. Bunun müəyyənləşməsi mexanizmi ilə bağlı hər hansı çətinlik görmürəm. Çünki ortada müxtəlif təcrübələr var. 2005-ci ilin parlament seçkilərini nümunə göstərmək olar. Mexanizmlər çoxdur, sadəcə, ilk növbədə hansını seçmək məsələsi o zaman mümkün olacaq ki, vahid namizd ideyası real qəbul olunsun”.
«Vahid namizədi ilkin seçki yoluyla müəyyənləşdirmək cəhdi olsa, Müsavat bunu dəstəkləyəcək»
Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı deyir ki, vahid namizədin ilkin seçki yolu ilə müəyyənləşdirilməsi üçün cəhdlər olsa, təmsil etdiyi partiya bunu dəstəkləyəcək: “Ilkin seçkinin keçirilməsi demokratik bir prosedur ideyasıdır. Həqiqəti müəyyənləşdirmək üçün demokratik seçkilərdən istifadə olunması ən məqbul üsullardan biridir. Hesab edirəm ki, prosedurları müəyyənləşdirib normal bir ilkin seçki keçirərək, ”müxalifətin vahid namizədinin kim olması” sualına cavab tapmağa cəhd göstərmək mümkündür. Müsavat partiyası olaraq bütün məsələlərin seçki yolu ilə həllinin tərəfdarıyıq. Hesab edirəm ki, ilkin seçkilərin keçirilməsi üçün minimum siyasi şərait olsa, biz bunun baş tutması üçün əlimizdən gələni edəcəyik”.
Bəyim Həsənli


