«Boz kardinal»ın «Şərəf» ordeninin o biri üzü barədə…
İlham Əliyev Ramiz Mehdiyevə “Şərəf” ordeni verdi. Bu, sözün həqiqi mənasında hadisədir. Ilham Əliyevin bu addımı atmasını bir neçə istiqamətdə şərh etmək olar. Hakimiyyət daxilində bu addım hansı şərhlərə yol açacaq? Ramiz Mehdiyev bu ordendən necə istifadə edəcək? Beləliklə, ehtimal olunan variantlar…
“Boz kardinal”la sağollaşırlar?
Belə bir ilkin ehtimal var ki, uzun müddətdir gündəmə gətirilən prosesə hazırlıq gedir. Yəni, medianın təqdim etdiyi kimi, Ilham Əliyev Ramiz Mehdiyevi xidmətlərinə görə təltif edir və onunla inzibati aparatda sağollaşır.
Bu variantın həqiqətə yaxın olub-olmaması barədə mülahizə yürüdərkən bəzi məsələləri nəzərə almalıyıq:
1. Ilham Əliyev Ramiz Mehdiyevi postundan uzaqlaşdırmaq üçün riskə o halda razılıq verər ki, indiyə kimi hakimiyyətin üzərində qalan bir sıra mühüm ağır cinayətlər onun üstünə atılsın;
2. Ramiz Mehdiyev hansısa saraydaxili çevrilişdə ittiham edilsin və yeni şou ilə toplumun həyəcanını azaltmaq məqsədi güdülsün.
Yuxarıda göstərilən hər iki variantda onu ordenlə təltif etmək elə də məntiqli görünmür. Deməli, biz başqa variant barədə düşünməliyik.
İlham Əliyev mesaj verir…
Görünür, Ilham Əliyev bu addımı ilə ciddi mesajlar verir. Bu mesajlar təkcə ölkənin daxilinə hesablanmayıb, həm də dünyanın bəzi mərkəzlərinə yönəlib. Beləliklə, kimə və necə?
1. Bu, ilk növbədə hakimiyyətin daxilindəki bəzi qruplara mesajdır. Ilham Əliyev demək istəyir ki, deputat mandatları, mühüm dövlət vəzifələri yenə də pulla satılacaq və alınacaq;
2. Ilham Əliyev islahat gözləyən yerli və beynəlxalq optimistlərə dedi ki, ondan belə addımlar gözləmək yersizdir. O, siyasi aparatı cəza mexanizmi kimi işlədən adamları təqdir və təltif edir. Bununla o, həm də 2013-cü ildə proseslərin hansı qaydalarla idarə olunacağına işarə vurmuş oldu;
3. Nəhayət, Ilham Əliyev “Rusiya ilə aramıza kimsə girə bilməz” bəyanatından sonra belə bir addım atmaqla aradakı adamın xidmətlərini qiymətləndirdi. Bu mənada, həm də Ramiz Mehdiyevi islahatların qarşısında maneə kimi görən, Əliyevin Qərbə üz tutacağını düşünən beynəlxalq dairələr cavablarını almış oldular.
Beləliklə, Ilham Əliyev asan bir dillə dedi ki, o, oyun qaydalarını dəyişmək fikrində deyil, bütün ənənələrinə sadiqdir. Bu həm də ölkənin və özünün gələcəyinə dair açıq mövqe ifadəsi idi.