“Gürcüstanın Dövlət Mühafizə Xidməti prezident Mixail Saakaşvili və onun komandasının şəxsi ehtiyaclarına məqsədsiz pullar xərcləyib”.
Bunu parlamentdə çoxluq təşkil edən “Gürcü arzusu” kolaisiyasının nümayəndəsi İrina İmerlishvili bu gün parlamentdə çıxışında deyib.
Onun sözlərinə görə, hər il onlara dövlət büdcəsindən 100 minlərlə lari xərc çəkilib və maliyyə sənədləri məxfi saxlanılıb.
İmerlishvili son yeni ili prezidentlə birlikdə Dubayda keçirən partiya üzvlərinin adlarını da açıqlayıb və buna dövlət büdcəsindən 240 min lari (113,5 min manat) pul xərcləndiyini deyib.
Deputat bu rəqəmi göstərərkən Dövlət Mühafizə Xidmətinin maliyyə sənədlərinə əsaslandığını və bu sənədləri artıq parlamentdəki azlığın lideri David Bakradze-yə təqdim etdiyini bildirib.
Başqa bir məlumata görə isə Saakashvili “Milli hərəkat” partiyasının gənc üzvləri Mariam Sacaya, Tinatin Bokuçava, habelə ukraynalı müğənni İvane Melai və rusiyalı jurnalist Ksenia Sokolovaya bahalı hədiyyələr bağışlayıb.
İmerlişvili deyir ki, prezident özünü də yaddan çıxarmayıb və onun Tbilisi meri ilə birgə Avstriyanın bahalı kurortunda arıqlama prosedurasına 115 min lari (təqribən 55 min manat) xərcləyiyini misal gətirib.
Prezidentin şəxsi aşbazının xidməti isə büdcəyə yarım milyon lariyə başa gəlib.
İmerlişvili deyir ki, Saakaşvilinin bu cür məsrəfçiliyə yol verməkdə məqsədi Xüsusi Dövlət Mühafizə Xidməti üzərində nəzarəti itirməmək olub.
Amma Saakaşvilinin azlıqda olan “Milli hərəkat” partiyası İmerlişvilinin iddialarını rədd edib.
Parlamentdəki bugünkü müzakirələrdə Saakaşvilinin özü də iştirak edib. Prezident bu xərclərlə bağlı deyilənlərin təbii olduğunu deyib:
“Mənə bir ölkə prezidenti göstərin ki, başqa ölkələrə səfər etmir, özü ilə deputat, hökumət nümayəndələri və ailə üzvlərini aparmır və ya ölkənin tanınması naminə xarici jurnalistləri dəvət etmir. Bunsuz Gürcüstana sərmayə qoyulmazdı”- deyə o vurğulayıb.


