O qapını bir gün hər kəs döyəcəkdir

Azad mətbuatın son qalalarını da yıxmaq, beləcə, ölkədə sözəbaxan, üzüyola, təslimçi, tənqidsiz mətbuatın tam qələbəsini elan etmək – indi baş verənlərin adı budur. Fantastik cərimələr və onların dərhal icraya yönəldilməsi, daha sonra bank hesablarına həbs. Zorla, zopayla, həbslərlə, döyülmələrlə, oğurlanmalarla susdurulmayan qələmləri pulla sınağa çəkmək və sındırmaq. 
Əslində baş verənlər diffamasiya haqqında qanunun qəbulundan ümidli olanların optimizmini də alt-üst edir. Guya bu qanunun qəbul edilməsi ilə jurnalist həbslərinə son qoyulacaq. Amma indi görürük ki, rejim heç də azad mətbuatın sonuna həbslərlə çıxmaq fikrində deyil. O, həbslərlə buna nail olmayacağının fərqindədir. O, görür ki, həbslər effekt vermir. Həbslər qorxutmur. Həbslər susdurmur və sındırmır. Ona görə də bizi ən zəif yerimizdən vururlar – pulsuzluğumuzdan!
Bəli, bu gün diffamasiya haqqında qanun qəbul edilməyib, amma rejim indi məhz diffamasiya haqqında qanun layihəsində təklif edilən metodlardan yararlanır. Məhkəməyə mülki qaydada müraciət olunur, orada xoşlarına gəlməyən, onları qıcıqlandıran hansısa yazıya görə müəllifin, redaktorun həbs tələbi yoxdur, olsa-olsa, təkzib və üzrxahlıq istənir, amma yanında da 50 min, yüz min manatlıq cərimələr! Beləliklə, nəinki bir qəzetin, hətta xalqın 80-90 faizinin ödəmək iqtidarında olmadığı, o qədər pulu heç vaxt bir yerdə görmədiyi məbləğlər altında əzirlər azad mətbuatı.
Bir daha sübut olunur ki, hansısa qanunu gətirib hansısa qanunu götürməklə ölkədə azad, tənqidçi sözü ayaqda saxlamaq mümkün deyil. Məhkəmələr azad deyilsə, diffamasiya haqqında qanun özü də azad mətbuatın qətli üçün rejimin əlində yeni alətdən başqa bir şey olmayacaq. Bu dəfə də istədikləri fantastik cəriməni qəzetin belinə şələləyəcəklərsə, qəzetin məmur qarşısında haqqını qorumaq, qalib gəlmək şansı olmayacaqsa, nə diffamasiya-zad?!
Bir neçə kəlmə də rejimin azad mətbuatı məhv etmək, aradan götürmək üçün alət kimi istifadə etdiyi məmurlar haqqında. Bu gün Əliyevlərin həbsxanalarında onların yetərincə keçmiş komanda yoldaşları var. Biz onların vəzifədə ikən, qılınclarının dalı da, qabağı da kəsərkən mətbuatla, jurnalistlərlə necə rəftar etdiklərini unutmamışıq. Azad mətbuatın ünvanına həqarətləri, azad mətbuatı boğmaq planında sevinə-sevinə, həvəslə yer aldıqları yadımızdadır.
Amma günün birində azad mətbuatın önəmini anladılar. Vəzifə kabinetlərindən həbs kameralarına yol görünəndə ilk döydükləri qapı tənqidçi, azad mətbuat oldu. Dünənədək qulluğunda durduqları, yağ içində böyrək kimi bəslədikləri rejim mirzələri onlara sırtını dönəndə, ünvanlarına kin-küdurət yağdıranda səslərini məhz azad mətbuat vasitəsi ilə duyurdular. Haqlarını qorumaq üçün məhz dünənədək həqarət etdikləri, yox etməyə çalışdıqları azad mətbuatın qapısını döydülər.
Qoy bu gün azad mətbuatı susdurmaq, yox etmək istəyən rejim məmurları gözü çıxmış qardaşlarından dərs alsınlar. Heç vaxt “heç vaxt!” deməsinlər. Unutmasınlar: bir gün özləri də gözdən düşdükdə, artıq sistemə lazım olmadıqda, bu gün vintciyinə, təkərciyinə çevrildikləri rejimin zülmünü dadanda arayacaqları iki şey var: azad məhkəmə və azad söz!
Ona görə də sifarişli, ədalətsiz məhkəmələrdə tənqidçi, vicdanlı, azad sözü susdurmaq üçün növbəyə düzüləndə yüz ölçüb bir biçsinlər. Düşünüb-daşınsınlar. Bir az da keçmişə yox, gələcəyə baxsınlar.
Azad mətbuatın evini yıxmaqda alət olmasınlar ki, bir gün səslərini duyurmaq, başlarına gələnlərdən-gətirilənlərdən hər kəsi xəbərdar etmək üçün ürəklə, utanıb-qızarmadan döyə biləcəkləri bir qapıları olsun.